Sosial şəbəkədə biz:

Hakimiyyətin QHT siyasətində yumşalma müşahidə olunur

19 November 2016, 10:38
Gündəm
Son bir neçə ildə Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti institutları arasında ciddi problemlər hökm sürürdü. Hökumətin QHT siyasətində sərtləşmə müşahidə edilirdi, çoxlu sayda QHT-lərin bank hesabları bağladılmış, donor təşkilatları ilə müqavilələrinin qeydə alınması dayandırılmış, bəzi QHT rəhbərləri isə həbs edilmişdi. Son vaxtlar isə hakimiyyətin QHT siyasətində bir yumşalma hiss olunmaqdadır. Bu barədə “Yeni Müsavat”a danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov bildirdi ki, bu proses əslində 2015-ci ilin payızından başlanıb. 2014-cü ilin ortalarından başlayaraq 2015-ci ilin payızınadək bir çox QHT-lər üçün hətta bank əməliyyatları aparmaq belə, kifayət qədər çətin olub: “Bizim mərkəzin də bank əməliyyatları aparmasında çətinliklər olub, hesablarımız bağlanmışdı. Nəticədə 2014-cü ilin avqust ayından 2015-ci ilin noyabr ayınadək faktiki olaraq fəaliyyətimizi könüllü davam etdirmək məcburiyyətində qaldıq. Amma 2015-ci ilin oktyabr ayının ikinci yarısından başlayaraq QHT-lərin bank hesablarına çıxışları ilə bağlı, o cümlədən əvvəllər müqavilə bağlanmış layihələrin qeydiyyatı məsələsi ilə bağlı problemlər həll olunmağa başlandı. Nəticə etibarilə bu bizə imkan verdi ki, fəaliyyətimizi 2015-ci il noyabrın 1-dən başlayaraq yenidən bərpa edə bilək. Həmin dövrdən sonra bizim əvvəllər imzalanmış digər layihələrimizin də qeydiyyatına nail olmaq mümkün oldu. Yalnız bizim təşkilatın deyil, digər təşkilatların da bank hesablarının açılması, QHT-lərlə bağlı başlanmış cinayət işlərinin dayandırılması müşahidə olunub ki, bu da müsbət haldır”. V.Bayramov qeyd etdi ki, son bir ayda hökumət tərəfindən QHT-lərlə bağlı daha çox yumşalmalar müşahidə edilir: “İndiyə qədər dövlət qeydiyyatından keçə bilməyən, qeydiyyatsız fəaliyyət göstərən QHT-lərin böyük əksəriyyəti qeydiyyata alındı. Sözsüz ki, indiki məqamda bizim üçün əsas vacib məqam xarici donorlarla, beynəlxalq təşkilatlarla bağlanmış müqavilələrin qeydiyyatı məsələsidir. Biz müstəqil QHT-yik, İqtisadi və Sosial İnkişaf Mərkəzi qlobal reytinqdə artıq xeyli vaxtdır ki, Cənubi Qafqazın və Orta Asiyanın ən güclü beyin Mərkəzidir. Bizim üçün müstəqilliyi qoruyub saxlamaq olduqca vacibdir. Müstəqillik fəaliyyəti isə təbii ki, digər beynəlxalq təşkilatlardan asılıdır, onlarla birgə həyata keçirilən layihələrdən asılıdır. Avropa Birliyinin, ABŞ-ın dövlət donorları ilə bağlanmış müqavilələrin daha qısa zamanda qeydiyyata alınmasına ehtiyac var. Son dövrlərdə praktik olaraq çox ciddi şəkildə hökumət tərəfindən QHT sektoru ilə bağlı yumşaldıcı və təşviqedici addımlar atılır. Bu addımların davam etdirilməsinə ehtiyac var. Bu addımlar içərisində bir pəncərə sistemi daxilində QHT-lərin və beyin mərkəzlərinin beynəlxalq təşkilatlarının yenidən bərpa edilməsidir. Bir pəncərə sistemi beynəlxalq donorlarla əməkdaşlığa imkan verəcəksə, o zaman QHT-lər yenidən öz fəaliyyətlərini tam şəkildə bərpa etmək imkanı qazanacaqlar. Yumşaldıcı addımlardan biri də bu yaxınlarda Açıq Hökumətin Təşkilinə dair Hökumət-Vətəndaş Platforması yaradılmalıdır. Bu da dialoq baxımından çox vacibdir”. Tanınmış QHT rəhbəri Səidə Qocamanlı isə bildirdi ki, hökumətin QHT siyasətində əvvəlki illərlə müqayisədə son dövrlər qismən yumşalma var. Bu proses müsbətə doğru daha çox inkişaf etdirilsə yaxşı olar.