Sosial şəbəkədə biz:

FHN itkin düşən neftçilərlə bağlı məlumat yaydı

15 December 2016, 12:16
Gündəm
Xəzər dənizində baş verən qəza nəticəsində itkin düşənlərin axtarışlarına başlanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azinforum.az-a  verilən məlumata görə, nazirliyin “Vixr-5” və “Vixr-8” gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır. Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. SOCAR-dan  verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: 1. Zülfüqarov Güloglan – maşinist 2. Zülfüqarov Azay – operator 3. Qurbanov Vidadi – operator 4. Həsənov Elçin – mexanik 5. Hacıəliyev Həsənağa – operator 6. Qafarov İlham – operator 7. Əsədov Samir – operator 8. Bəhrəmov Cavid – operator 9. Abbasov Ramiz – maşinist 10. Rüstəmov Qorxmaz – operator Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.