Əlavə vergi yükü biznesi sıradan çıxara bilər – ARAŞDIRMA
Son dövrdə nağdsız hesablaşmaların artırılması ilə bağlı ciddi işlər görülməyə başlayıb. Fins.az-ın məlumatına görə, ötən ilin sonunda Azərbaycanda “Nağdsız hesablaşmalar haqqında” qanun qüvvəyə mindi. Qanuna əsasən müxtəlif sahələr üzrə hesablaşmalarda nağdsız ödənişə keçildi. O cümlədən nağdlaşdırmaya görə, əlavə vergi tətbiqinə başlanıldı. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 13 sahədə ödənişlər elektron qaydada həyata keçirilməsi tələbi irəli sürüldü. Bəs atılan bu addımlar Azərbaycanda nağdsız hesablaşmaların artırılmasına təsir edəcəkmi?
Korrupsiyanın və vergidən yayınmaların qarşısını alacaq, biznesi leqallaşdıracaq
İqtisadi ekspert Rəşad Həsənov bildirib ki, ümumilikdə nağdsız hesablaşmalara keçidin bir sıra üstünlükləri var. İlk növbədə bu korrupsiya hallarının qarşısının alınmasında müsbət rol oynayacaq. Bundan əlavə isə biznesin leqallaşdırılması, vergidən yayınma hallarının qarşısının alınması, ümumilikdə isə iqtisadiyyatın uçotunun aparılması üçün vacib addımdır.
Ekspert bildirir ki, beynəlxalq müsabiqə və idman oyunlarının keçirilməsi ərəfəsində Azərbaycanda nağdsız hesablaşmalara keçirilməsi istiqamətində xeyli işlər görüldü. Müxtəlif ərazilərdə, sahibkarlıq subyektlərində, iayişə mərkəzlərində elektron ödəmə terminalları quraşdırıldı. Buna baxmayaraq 90% hallarda bu ödəmə terminalları ya sıradan çıxarıldı, ya da sahibkarlar müxtəlif bəhanələrlə bu vasitələrin istifadəsindən yayınmağa çalışdılar.
"Sahibkarlara nağdsız hesablaşmalar üçün vergi güzəştləri tətbiq edilməlidir"
Ona görə də, nağdsız hesablaşmaların ölkədə inkişaf etdirilməsi və hədəf kütləsi olan sahibkarların bu işə qoşulması üçün stimullaşdırma tədbirləri həyata keçirilməlidir. Məsələn, ilk növbədə biznesin leqallaşdırılması üçün 3-5 il müddətində sahibkarın nağdsız aparılan dövriyyəsinin 70-80%-i vergidən azad olunsun və yaxud hansısa təşviqedici mexanizmlər işlənilib hazırlansın. Yəni, sahibkar görsün ki, nağdsız hesablaşmalar aparmaq daha sərfəlidir və bütün dövriyyəsini bu sistemə köçürsün. Ekspert hesab edir ki, ilkin mərhələdə bu vergi daxilolmalarına müəyyən qədər təsir edə bilər. Amma biznesin nağdsız hesablaşmalara keçməsi ilə leqallaşdırılması, nağdsız ödəniş mədəniyətinin formalaşdırlması orta və uzunmüddəti dönəmdə vergi daxilolmalarının daha effektiv yığılmasına və artmasına gətirib çıxaracaq.
“Əhali bank kartından yalnız pulu bankomatdan çıxarmaq üçün istifadə edir”
R.Həsənov bununla yanaşı, digər hədəf kütləsi olan əhali arasında nağdsız hesablaşmalarla bağlı maarifləndirmə tədbirlərinə ehtiyac olduğu deyib. Onun sözlərinə görə, hazırda ölkədə 6 milyondan çox bank kartı istifadə edilir. Bunun böyük hissəsi isə vəsaitlərin nağdlaşdırlmasına yönəlib. Əhalinin bir hissəsi maaş və ya təqaüd kartından başqa xidmətlərdə ödəniş vasitəsi kimi yararlana biləcəklərindən xəbərsizdirlər və kartı yalnız pulu bankomatdan çıxarmaq üçün istifadə edirlər. Bundan əlavə, əhalinin bir hissəsi düşünür ki, hansısa malı və ya məhsulu nağd daha ucuz ala bilər. Bəzi insanlar isə nağdsız hesablaşmaları təhlükəli hesab edirlər. Hesablarından xakerlər tərəfindən və ya müxtəlif üsullarla pulun oğurlanmasından ehtiyat edirlər. Onun sözlərinə görə, bu qrup arasında xüsusilə də bank kartlarından istifadə edə bilməyən yaşlı nəsil yer alıb.