Sosial şəbəkədə biz:

BAZARLARDA NOVRUZ QİYMƏTLƏRİ - SİYAHI

03 March 2017, 15:57
Gündəm
Artıq novruzun iki çərşənbəsi arxada qalıb. Qarşıdan isə milli yeni ilimizin iki çərşənbəsi və iki bayram axşamı gəlir. Elə bu məqsədlə bayramda ortabab bir bayram süfrəsinin neçəyə başa gəldiyini öyrənmək üçün bazara üz tutduq. Novruz yeməklərini hazırlamaq üçün lazım olan ədviyyatların, çərəz və meyvələrin qiymətlərini öyrənməyə çalışdıq. Öncədən qeyd edək ki, qiymətləri müqayisə üçün bir neçə satış və topdansatış məntəqələrinə baş çəkdik. Alıcılara orta qiymət təqdim etmək üçün. Bəri başdan diqqətinizə çatdıraq ki, alıcılar bahalıqdan, satıcılar isə alıcı qıtlığından şikayətlənir. Bazarda isə quş iliyi, can dərmanı – hər nəyə desən rast gəlmək olur. Çərəzlərdən başlayaq... Satıcılarla söhbətimizdə bayram aşı üçün lazım olan əsas çərəzlərdən birinin - ərik qurusunun son günlər qiymətində artım müşahidə edildiyini öyrəndik. Satıcı Erkin Qəhrəmanov hafta.az-a açıqlamasında bildirdi ki, bir kiloqram ərik qurusunun qiyməti 10-14 manat arası dəyişir. Belə ki, plov üçün 10 manat, nisbətən görkəmi yaxşı olan, stol üzərinə qoyulan ərik qurusunun bir kilosu isə 14 manatdır. Topdansatış məntəqəsində isə qiymətlər müvafiq olaraq 9 manat 50 qəpiklə 13 manat arasında dəyişir. Kişmiş – plov kişmişi hesab edilən xırda növün qiyməti 6 manatdır. Bəzi yerlərdə isə 5 manat 50 qəpiyə də rast gəlmək olur. Bayram stolu və yemək üçün satılan kişmişlər isə alıcılara 8 manata təklif olunur. Şabalıd – şabalıdın qiyməti isə demək olar ki, bütün satış məntəqələrində eynidir – 9-10 manat. 9 manata nisbətən xırdaölçülü şabalıdlardır. Topdansatış köşklərində isə bu çərəz növünün qiyməti 8-9 manat arasında dəyişir. Əsasən yerli və Türkiyədən gələn məhsullar bazarlarda üstünlük təşkil edilir. Satıcılar isə daha çox yerli malları tərifləyirlər. Akif Qarayev adlı satıcı yerli şabalıdların xaricdən gətirilənlərə nisbətən daha dadlı olduğunu iddia edir. Bu arada qeyd edək ki, bayram stolunun bəzəyi hesab olunan plovun əsas komponentlərindən olan düyünün bir kiloqramı 12, xırda düyü isə 4-5 manat arasında dəyişir. Üzərinə “Astara” yazılmış düyülərin alıcıları o qədər də çox deyil. Satıcıların sözlərinə görə, alıcılar daha çox “Ahmadreach”, “Mohobbat” kimi Hindistan düyülərinə üstünlük verir. Badamın qiyməti 20-22 manat arasında dəyişir. Alça qurusu 8-10 manata alıcılara təklif olunur. Buradan da belə qənaətə gəlmək olar ki, adıçəkilən məhsullardan yarım kiloqramlıq çərəzlərdən almaqla ortabab bir ailə üçün plov dəmlənməsi təxminən 20-22 manata başa gəlir. Satıcıların sözlərinə görə, qoz və fındıq ləpələri iki çeşiddə alıcılara təqdim olunur. Şirniyyat üçün olanlar  və stol üstünə qoyulan ləpələr. Şirniyyat üçün olan ləpələrin qırıntıları çox olduğu üçün onlar nisbətən ucuz qiymətə satılır. Bu cür qoz ləpəsi 14-16 manatadır.  Bayram stolunu bəzəmək üçün alınan ləpələrin qiyməti isə 20-22 manat arasında dəyişir. Fındıq ləpəsinin qovrulmuşu 20, qovrulmamışı isə 14 manata alıcılara təklif olunur. Kənardan gətirilən çərəzlər... İnnabın qiyməti 9-11 və 13-16 manat arasında dəyişir.  İran və Türkiyədən gətirilən malların gömrük rüsumları arasında yaranmış fərq bazara da təsirsiz ötüşmür. Ona görə də hər iki növ innab arasında bu qədər fərq yaranır. Satıcılar belə deyir. Onların sözlərinə görə, Türkiyə innabları yumuru və şirin, İran innabları isə yaxşı görkəmi ilə seçilirlər. Xurmanın bir kiloqramı 6-7 manatadır. İran və Səudiyyə Ərəbistanından gətirilən xurmalar arasında qiymət fərqi müşahidə olunur. Qonşu dövlətdən gələn xurmaları bəzi mağazalarda 5, 50 AZN-ə də tapmaq mümkündür. Ədviyyatlar... Sumax – yağlı yeməklərə, kətələrə dad qatan bu ədviyyatın qiyməti “Yaşıl bazar”da 10-15 manat dəyişdiyi halda, mağazalarda 14-17 manatadır. Topdansatış məntəqəsində isə 10-12 manata satılır. Zirinc – zirincin qiyməti isə demək olar ki, hər yerdə eynidir – 15 manat. Zəfəran – 100 qram zəfəranın qiyməti topdansatış məntəqəsində 15, satış məntəqələrində isə 16 manatdır. İran zəfəranı isə 20 manatdan aşağı satılmır. Meyvələrdən üç meyvə var, üçü də balam... Subtropik meyvə olan mandarinin 1 kiloqramı 2 manata alıcılara təklif olunur. Göyçay narı adı ilə satılan meyvələrin şahı isə od qiymətinədir – 4-5 manat. Dağ armudu da elə nar qiymətinə satılır – 4 manat 50 qəpiyə. Almanın qiyməti isə demək olar ki, növünə, xırdasına görə dəyişir. Bir manatdan 5 manata qədər almaya rast gəlmək mümkündür. “Qızıləhməd” almasının qiyməti isə hər yerdə eynidir – 4 manat. Alıcılar deyir ki, son bir həftə ərzində meyvələrin qiyməti təxminən 10 faiz bahalaşıb. Satıcılar isə bayramqabağı nisbi bahalaşmanın olmasını ehtimal edirlər. Gələk banana – “Afrika şahzadəsi”nin 1 kiloqramının qiyməti mağazalarda 2 manat 50- 2 manat 70 qəpik arasında dəyişsə də, bazarlarda 2 manat 40 qəpikdir. Topdansatış məntəqəsində isə 2 manat 20 qəpikdən almaq mümkündür. Bir sözlə, meyvələrin hamısı yeməlidir, amma yemək üçün gərək kisənizin də ağzını açıq saxlayasınız. Təkcə meyvələrdən üçünü-alma, banan və nar almaq sizə 10-12 manata başa gələcək. Söhbət hələ bu "üç yeməli meyvənin" bir kiloqramından gedir...   Orta statistik Azərbaycan ailəsi Novruz bayramını orta səviyyədə keçirmək üçün ən azı 70-80 manatından keçməlidir. Allahın verdiyi nemətləri süfrələrində gözü dolusu görmək istəyənlər isə bunun iki-üç qatına qatlaşacaq. Bir daha bayramınız mübarək! P.S: Unutmamış deyim ki, artıq Novruzun simvollarından olan səmənilər də satışa çıxarılıb. Hələ bəstəboy olan bu ruzi otunun qiyməti bir manatdır. (hafta.az)