“Müalicə etdirsə, güzəşt edərəm” - Üzünə “kislota” atılan qadın
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadının üzünə zəhərli turşu “kislota” atan Vüqar Kərimov və bunu sifariş edən keçmiş əri Tural Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə şahid Telli Məmmədovanın prosesə qatılmadığı bildirilib.
T.Hüseynov bundan öncə verdiyi ifadəsini təkzib edib: “Mən sifariş verməmişəm. Vüqara borcum var idi, verə bilmədim. Ola bilər məndən qisas almaq üçün edib”.
Hakim təqsirləndirilən şəxsin ifadəsini tez-tez dəyişməsinə irad bildirib və “sən məhkəmə ilə oyun oynuyursan” deyib.
V.Kərimovun vəkili Elman Ağayev də buna etiraz edib:”Sən istəyirsən ki, o, gedib sənin əvəzində yatsın. Niyə ona pislik edirsən ki?! O da bir oğuldu”.
Müdafiə tərəfinin vəsatəti ilə T.Hüseynov ilə keçmiş həyat yoldaşı, zərərçəkən 25 yaşlı Nuranə Hüseynovanın arasındakı "Whatsapp" yazışmaları və fotolar cinayət işinin materiallarına əlavə edilib.
Məhkəmə istintaqı tamamlanıb. N.Hüseynova bir gözünün tam məhv olduğunu deyib və keçmiş əri T.Hüseynovu bağışlamayacağını, V.Kərimovun gözünü tam müalicə etdirəcəyi təqdirdə güzəşt edəcəyini deyib.
Məhkəmə prosesi martın 14-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2016-cı il mart ayında Pirallahı qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü T.Hüseynov tanışı, 1981-ci il təvəllüdlü V.Kərimova arvadının üzünə kislota atmasını istəyib, bunun qarşılığında isə ona 2 dönər və 1 araq almağı söz verib. T.Hüseynov hadisə ilə bağlı “mənim deyilsə, heç kimin olmasın deyə belə etdim” deyib.