Sosial şəbəkədə biz:

Ərdoğanın qalmaqallı sarayının adı dəyişdi

İnşasına külli miqdarda dövlət vəsaiti xərclənən Türkiyədəki prezident sarayının adı dəyişdirilib. Ağ Saray kimi təqdim olunan prezident iqamətgahı bundan sonra Prezident Külliyyəsi adlandırılacaq. Artıq Türkiyə prezidentinin rəsmi internet səhifəsindəki təqdimatda yeni addan istifadə olunub. Türkiyədə külliyyə anlayışı Osmanlı dövründən gəlir. Həmin vaxtdan, xüsusən də İstanbulun fəthindən sonra ölkədə külliyyələrin sayı artmağa başlayıb. Külliyyə - daxilində məscid, mədrəsə, məktəb, karvansaray, türbə, imarət, kitabxana, hamam və s. birləşdirən binalar toplusuna deyilir. Ad dəyişimi ilə bağlı rəsmi açıqlama verilməsə də, böyük ehtimalla bu, Ağ Sarayın adı ətrafında səngiməyən qalmaqallarla bağlıdır. Türkiyə mətbuatı və müxalifəti ilk gündən Ağ Sarayla bağlı tənqidi mövqedə olub. Buna səbəb iqamətgahın inşasına və içinin döşənməsinə fantastik məbləğdə pulların xərclənməsi, üstəlik sarayın qanunsuz ərazidə tikilməsidir. Bu səbəbdən tənqidçilər prezidentin iqamətgahını «Qaçaq saray» adlandırır. Sarayın dəbdəbəsi, onun ərazisinə görə ABŞ-dakı Ağ Evdən bir neçə dəfə böyük olması, otaqlarının sayının çoxluğu Qərb mətbuatında da müzakirə mövzusu olub. Bir müddət əvvəl «New York Times» özünün «Twitter» hesabından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana işarə edərək «Hansı liderin Ağ Evdən 30 dəfə böyük 1150 otaqlı sarayı var?» deyə, kinayəli sual da ünvanlamışdı.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol