Tərtərin polis rəisindən sensasion şikayət
Tərtərdən sensasiyalı məktub daxil olub. Azinforum.az "Reytinq" qəzetinə istinadən xəbər verir ki, Tərtərdə Süleyman Məmmədov küçəsi ev 3-də yaşayan rayonunun maliyyə idarəsinin sabiq rəisi Məhəmməd Abbas oğlu Məhəmmədov tərəfindən prezident İlham Əliyevə ünvanlanmış məktubun surətində çox ciddi ittiham və faktlardan söz açılıb. Bildirilir ki, nəvəsinin əri Kənan Hacı oğlu Musayev öz evinin qarışısında ticarət mərkəzi tikdirib. Tikdirdib istifadəyə verdiyi gündən isə rayonun polis rəisi onu "gözüm-çıxdı”ya salıb: «Polis rəisi öz işçilərini hər dəfə göndərərək «onu başa salın ki, o yekəliyində mağaza tikdirib, istədiyi kimi alver edir. Ona dəymirik, toxunmuruq, mənim hörmətimi vaxtında çatdırsın» deyib. Kürəkənim isə bildirib ki, o, ancaq aldığı malı öz qiymətinə polis işçilərinə sata bilər. Yəni bundann artıq hörmət eləməyə imkanı yoxdur. Lakin polislər yenə də əl çəkmir. Buna görə Kənan mağazanın böyük bir hissəsini gəlinlik paltarı ilə məşğul olan bir qadına kirayəyə verir. Ancaq yenə də polislər ondan əl çəkir. Başlayırlar hədələməyə. Belə olanda isə Kənan Prezidentə, Baş Prokuorluğa və Daxili İşlər Nazirliyinə şikayəti yazır. Maraqlıdır ki, bundan sonra Kənanın başının üstünü kəsiblər ki, bəs səni MTN-ə çağırırlar. Kənan MTN-ə müraciət etmədiyini əsas gətirərək, rəsmi bildiriş verilməsini istəyib. Ancaq 3 ay ötsə də, nə şikayətlərinə cavab gəlib, nə də ona bildiriş veriblər. Belə olanda isə may ayında Kənan DİN-ə teleqram vurub. Mayın 30-da isə nazir Ramil Usubovun Bərdədə 12 rayonun polis rəislərinin iştirakı ilə keçirilən qəbulda Kənan iştirak edib. O, şəxsən nazirə polis rəisindən şikayət edib. Kənan nazirə deyib ki, polis rəisi Rauf Məcidov işçiləri vasitəsiylə ondan pul tələb edir. Nazir soruşur ki, buna sübutun varmı? Kənan isə «bunu təsdiq edən səs yazıları və şahidlərim var» cavabını verir. Nazir bundan sonra Tərtərin rəisini ayağa qaldırıb, sahibkarı niyə incitdiyini soruşub. Çaşqın vəziyyətdə olan polis rəisi isə bu dəfə «baltanı kökündən» vurmaqdan çəkinməyib. Nazirə deyib ki, guya Kənan Suriyada döyüşən qayınatası, qayınanası və qayınına maliyyə dəstəyi verir və bu üzdən incildilir. Bəli, Kənanın incidilməsini etiraf edir, ancaq özünə haqq qazandırmaq üçün əsas gətirdiyi böhtana isə ad tapa bilmirəm. Dəhşətə və böhtanın dərəcəsinə baxın siz. Bu, artıq vəzifənin qanun, şah olduğunu göstərən həyasızlıq idi». Şikayətçi yazır ki, polis rəisi nazirin düz üzünə yalan deməklə, həm onu, həm də ailəsini hörmətdən salıb: «Mən uzun illər dövlət vəzifələrində işləmişəm. Amma nə bu qədər rəzillik, nə də özbaşınalıq görmüşəm. Adam nazirini aldatmaqla yetmir, həm də ağır xərçənc xəstəsi olan Kənanın qayınına, yəni mənim nəvəmə, qızım və qızımın ərinə də şər atıb, həyasızcasına onları ləkələməyə cəhd edib. Suriya hara, İŞİD-də döyüşmək hara. Mənim nəvəm Bakıda işlədiyi zamanı ağır xərçəng xəstəliyinə tutuldu. Onu anası və atası Türkiyəyə – Hacettepe universitetinin klinikasında 1,6 aya yaxın müalicəyə aparıb gətiriblər. Bunu təsdiq edən sənədləri təqdim edirəm. Adamın Allahı və vicdanı olar. Heç olmasa polis rəisi bu böhtanı atana qədər bir araşdırma aparaydı, əlində çox rahatlıqla yığmaq imkanı olduğu sənədləri toplayaydı. Ancaq o, bunu etmək əvəzinə, ilk ağlına gələn böhtanı ailəmə atdı. Bu paqon adamının həm də hansı xislət sahibi olduğunu göstərdi». Şikayətçi yazır ki, polis rəisinin rüşvət istəməsi haqda səs yazılarını və digər faktları DİN-yə göndərsələr də, cavab alıblar ki, polis rəisi «aydan arı, sudan təmiz»dir. Yəni fakt təsdiq olunmayıb: «Əgər DİN həqiqətən belə araşdırma aparırsa, onda vay o türmədə olanların halına. Vay tərtərlilərin halına ki, gör bunların asayişini kim qoruyur». Tərtərin polis rəisi Rauf Məcidovun qardaşının Respublika Prokurorluğunda işlədiyini yazan Məhəmməd Məmmədov bir sıra maraqlı ittihamlar da səsləndirib və əlavə edib ki, tayfa ağsaqallı olaraq polis rəisinin bu böhtanlarını bağışlmaq niyyətində deyillər: «Ailəmi hörmətdən salan, nüfuzuna xələl gətirən, həmin zaman canıyla əlləşən nəvəmə (Artıq nəvəsi xərçəngdən vəfat edib – redaksiya) çox ağır böhtan atan bu adam cəzasını çəkməlidir. Polis rəisini özbaşına əməllərinə baxmayaraq, qoruyan vəzifəli şəxslərə səslənirəm, bu gün atdığınız addıma görə sabah peşman olacaqsınız. İnanın, gec-tez prezident İlham Əliyevin qəbuluna düşərək, bu alçaq iftara və əməlləri faktlarla möhtərəm prezidentimizin qarşısına qoyacam. O zaman nə edəcəksiniz? Necə bir-birinizin eyiblərini ört-basdır edəcəksiniz?». Bu və ya digər məqamlarla bağlı araşdırmamız digər afktlar əsasında davam edəcək. Yazıda adları hallanan şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq.