Azərbaycanlı “qanuni oğru”ların yeni savaşı: “Lotu Quli”nin qohumuna güllə atan kimdir
Odessada atılan güllələrin Bakıda əks-sədası; "Rafiq Masallınski" yoxsa Albert
Mayın 28-də Odessada iki azərbaycanlının - Gürcüstan vətəndaşı İlham Hacıyev və Oktay Arxalının həyatına sui-qəsd edildiyi barədə məlumat yayılıb. Rusiyanın primecrime.ru saytının məlumatında bildirilib ki, onlar “qanuni oğru” Nadir Səlifovun ( “Lotu Quli”) yaxın adamlardır. Sayt yazır ki, məlumata görə, İlham Hacıyev və Oktay Arxalıya BMW 5 avtomobilində hücum edilib. Killerlərin hücumu mayın 28-də gecə, Qaqarin küçəsində baş verib. Onların hər ikisi yüngül yaralanıb.
Yaralılar Odessada tibb müəssisəsinə müraciət etsələr də, orada qalıb müalicə olunmaqdan imtina ediblər.
Digər məlumata görə, xəsarət alanlardan biri-İlham Hacıyev digər azərbaycanlı “qanunu oğru” Albert Rıjiyə 2014-cü ilin mart ayında Sankt-Peterburqda edilən sui-qəsdin təşkilatçısıdır.
Məlumat üçün deyək ki, “Albert Rıjıy” kimi tanınan Əli Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. “Ded Xasan” klanında yer alan “Albert Rıjıy” Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin edilib.
“Ded Xasan”ın qətlindən sonra da (“Ded Xasan” 2013-cü il yanvar ayının 16-da öldürülüb) klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də “Albert Arxangelsk” kimi də tanınır.
Amma bu məsələdə həm “Lotu Quli”nin, həm də qohumunun adının hallanması uzun müzakirələrə səbəb olub və kimin haqlı, kimin haqsız olduğu mediaya məlum deyil. Çünki Rusiya mediasında belə iddialar da vardı ki, sui-qəsd məsələsini “Albert Rıjıy” özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.
“Quli”nin adamlarına sui-qəsddə kriminal aləmdə Rafiq Eyvazov (“Masallınski”) kimi məşhur olan başqa bir avtoritetin adı hallanır. Xatırladılır ki, “Lotu Quli”nin adamları İstanbulda Rafik Eyvazovu döyərək qulağını kəsmişdilər.