Siyavuş Novruzov: “Bəzi idmançılarımızda müvəffəqiyyətdən başgicəllənməsi olur”
YAP-çı deputat döyülərək öldürülən jurnalistdən danışdı Jurnalist Rasim Əliyevin “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov və digər 6 nəfər tərəfindən döyülərək, öldürülməsi mətbu və siyasi çevrələrdə əsas müzakirə mövzusudur. Bu hadisəyə hakimiyyət düşərgəsinin də mövqeyi ortadadır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mövzu ilə bağlı indiyədək iki dəfə açıqlama verib. Həmçinin Azərbaycan prezidenti İlham Əliyev jurnalistin öldürülməsini şəxsən nəzarətə götürüb. Dövlət başçısı bununla bağlı Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa hadisənin obyektiv araşdırılması üçün tapşırıqlar verib. Məsələ ilə YAP-çı deputat, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, eyni zamanda parlamentin İntizam komissiyasının sədri Siyavuş Novruzovla danışdıq. - Siyavuş müəllim, sizin Rasim Əliyevin ölümü ilə bağlı mövqeyiniz necədir? - Mən bu hadisəni birmənalı şəkildə pisləyir. Lakin bunun siyasiləşdirilməsinin, hakimiyyətin ünvanına ittihamların səsləndirilməsinin əleyhinəyəm. Baş verən bu hadisəni mən idmançı və jurnalist məsələsi kimi qiymətləndirmirəm. Çünki onlarla bu kimi hadisələr baş verir. Kiminsə arasında mübahisə yaranır, iş böyüyür, dava-dalaş olur, bəzən bu dava-dalaş sonda cinayətlə yekunlaşır. Bəzi hallarda vətəndaşlarımız da, media da bu cür hadisələri həddindən artıq böyüdür. İndiki halda tərəflərdən biri jurnalist olduğu üçün olay bu qədər rezonans doğurub. - Bizim idmançılar özlərini xüsusi imtiyazlı şəxs kimi aparırlar. Buna nə deyərdiz? - Mən bəzi idmançıların özlərini qeyri-təvazökar aparmasını pisləyirəm. Onlar əldə etdikləri uğuru gələcəkdə daha da genişləndirmək istiqamətində fəaliyyət göstərməkdənsə, bunun əksini edirlər. Düzdür, özünü maksimum təmkinlə, təvazökar şəkildə aparan xeyli sayda idmançılarımız da var. Amma təəssüf ki, hamısı belə deyil. - Sizcə, bunun səbəbi nədir? - Bəzi idmançılarda əldə etdikləri nailiyyətlərdən baş gicəllənməsi əmələ gəlir. Rusiyada, Türkiyədə, başqa ölkələrdə baxırsan ki, üçqat, dördqat Avropa çempionları var. Və hələ də idmana davam edirlər. Bizdə də belə idmançılar var. Namiq Abdullayev, Fərid Mansurov, İlham Zəkiyev kimi dəfələrlə uğur qazanmış idmançılarımız çoxdur. Hansı ki, çox sadə, təvazökar insandırlar. Amma elə idmançılarımız da var ki, əldə etdikləri nailiyyətlərdən onlarda baş gicəllənməsi əmələ gəlib. Və nəticə etibarı ilə həm idmana, həm onları sevənlərə, dəstəkləyən şəxslərə ziyan gətirirlər. Bu cür də olmaz. İnsan təvazökar olmalıdır. Onlar bilməlidirlər ki, dövlətin onlara mükafat verməsi, sırf həvəsləndirmək, zəhmətlərinə qiymətdir. Bundan başqa qara niyyətlər üçün istifadə etmək olmaz. Əgər dövlət öz idmançısına sahib çıxırsa, onun nailiyyətini mükafatlandırırsa, bu o demək deyil ki, həmin idmançı bundan özünün şəxsi mənafeyi naminə istifadə etməlidir, gücünü sadə vətəndaşların üstündə sınamalıdır. Bir daha təkrar edirəm, Azərbaycan bayrağını yüksəltmiş xeyli sayda idmançılarımız var ki, onlar həddən artıq təvazökardırlar. Ətrafdakı insanlara zərər vermədən öz peşələrini layiqincə davam etdirirlər.
“Yaxınlarının yasına getməyən, qəbrini ziyarət etməyən bəzi siyasətçilər bu hadisədən iqtidarın əleyhinə istifadə etməyə çalışırlar. Amma biləsiniz, Rasimi öldürənlər məhz bu hakimiyyətin siyasi iradəsi sayəsində öz layiqli cəzalarını alacaqlar” |