Zığda bir ev uçdu, icra hakimiyyəti sakinləri köçürməyə qərar verdi
Zığ qəsəbəsində qəzalı evlərdə yaşayan sakinlərdən birinin evi ötən axşam uçaraq yararsız hala düşüb. Bu barədə virtualaz.org saytının hazırda aksiya keçirilən qəsəbədə olan əməkdaşı məlumat verib. Bu gün Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) nümayəndələri qəsəbəyə gəlib və əhaliyə xəbərdarlıq bildirişi paylayıb. Həmin bildirişdə deyilir ki, sakinlər evləri tərk etməsələr, baş verəcək hər hansı faciəyə görə sakinlərin özləri günahkar sayılacaq. Onlara kirayə pulu üçün 250 manat təklif olunub, amma sakinlər neçə ay kirayədə qalacaqlarını bilmirlər, bununla bağlı onlara heç nə deyilməyib. Suraxanı RİH-in nümayəndəsi Xanoğlan Allahverdiyev virtualaz.org saytına bildirdi ki, onlar ancaq xəbərdarlıq edə və sakinləri köçürə bilər: “Kompensasiya və evlə təminata isə Nazirlər Kabineti qərar verir. Qəsəbə 2010-cu ildən bəri sürüşmə zonasıdır. 102 ev qəzalı vəziyyətdədir və onların siyahısı hazırlanıb. Siyahı əsasında sakinlər kirayə evlərə köçürüləcək”. Sakinlər isə siyahının müəmmalı tərtib olunduğunu bildirir. Çünki qəzalı evlərin çoxu siyahıda yoxdur. Hatəm Allahverdiyev küçəsi, 43/5 ünvanının sakini Rauf Bəylərovun sözlərinə görə isə onun hər iki qonşusunun evi qəzalı vəziyyətdə olan evlərin siyahısında daxil edilsə də öz yaşadığı ev siyahıda yoxdur: “Mənim evim qalıb ortada, siyahıya daxil etməyiblər. Deyirlər ki, evə nəsə olsa, 102 xidmətinə zəng edim”. Bununla yanaşı sakinlərin hamısının qaz, işıq, su xətti kəsilib. Vəziyyət qeyri-müəyyən olaraq qalır. Əlavə məlumat veriləcək.



