Sosial şəbəkədə biz:

Azərbaycan insan haqları müdafiəçilərinin “TURAN” İA-nin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı bəyanatı

25 August 2017, 19:56
Gündəm
Bir qrup hüquq müdafiəçisi bəyanat yayıb. Musavat.com -un redaksiyasına göndərilən bəyanatda bunlar var: *** "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı Cinayət Məcəlləsinin ağır cinayət xarakterli maddələri ilə cinayət işi qaldırılması, haqqında həbs qəti imkan tədbirinin seçilməsi müstəqil Azərbaycan dövlətinin maraqlarına xidmət etmir. Mehman Əliyevin yaratdığı və başçılıq etdiyi “Turan” İnformasiya Agentliyi Azərbaycanın müstəqillik tarixində müstəsna yeri olan nüfuzlu media quruluşudur. Yüksək professionallığı, obyektivliyi, olaylara qərəzsiz yanaşması ilə “Turan” beynəlxalq media məkanında qəbul edilən seçkin media quruluşudur. Təsadüfi deyil ki, agentliyin informasiyalarını ABŞ administrasiyası, Avropa ölkələrinin hökumətləri, beynəlxalq qurumlar alternativ informasiya kimi qəbul edərək, uzun illər “Turan”la əməkdaşlıq edirlər. 27 ildir Azərbaycanda azad sözün, demokratiyanın keşiyində dayanan media quruluşunun bağlanması, onun rəhbərinin həbs edilməsi Azərbaycanda demokratik prosesə ağır zərbədir. Biz – insan haqları müdafiəçiləri olaraq ölkə rəhbərliyini Mehman Əliyevin həbsi ilə bağlı prosesi nəzarətinə götürməyə çağırırıq. Ümid edirik ki, dövlət başçısının iradəsi ilə Azərbaycanın beynəlxaq nüfuzuna ciddi zərbə ola biləcək bu yanlış addımı düzəltmək mümkün olacaq. Novella Cəfəroğlu Səidə Qocamanlı Səadət Bənənyarlı Arzu Abdullayeva  Mirvari Qəhrəmanlı Əvəz Həsənov Zəlihə Tahirova Eldar Zeynalov