MTN-in ifşa etdiyi “26-lar”dan 5-nin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvlərindən 5-nin - Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Namiq Məmmədov və Ruslan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının məhkəmə prosesini izləyən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Ənvər Seyidov sədrlik edir. Məhkəmə prosesində təqsirləndirilən Tural Həsənovun vəkili Elmar Süleymanov bir neçə vəsatət qaldırıb. Vəkil T.Həsənovun dəmir barmaqlıqlar arxasından çıxarılması, cinayət işinə baxılmasına xitam verilməsi və ilkin istintaqa qaytarılması ilə bağlı vəsatətlər qaldırıb. O, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən cinayət ittihamı haqda sübutun olmadığını deyib. Vəkilin vəsatətləri təmin edilməyib. Məhkəmə baxışı aprelin 6-sı saat 10:30-da keçiriləcək. Qeyd edək ki, ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 nəfər Azərbaycan vətəndaşı - Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu, Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu, Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev MəmmədşahAğaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs qismində saxlanılıblar. Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Müəyyən edilib ki, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər. Belə ki, Firdovsi Yusifov Pakistan ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 2011-ci ilin ortalarında İran İslam Respublikasına gedərək qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçib və orada "Təhriki Taliban" adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki "Tayfatul Mansura" adlı silahlı dəstənin “əmiri” təyin edilib. Həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqust ayınadək fəaliyyət göstərib. Həmçinin müəyyən edilib ki, Taleh Soltanov da Pakistan ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 2012-ci ilin sonlarında Azərbaycandan İrana gedərək oradan qeyri-leqal yolla Pakistana keçib və "Təhriki Taliban" adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki "Seyfullah" adlı digər silahlı dəstədə 2013-cü ilin avqust ayınadək iştirak edib. Taleh Soltanov Pakistana gedərkən yeni ailə həyatı qurduğu arvadını, həmçinin qayınanasını da özü ilə götürüb və onları əvvəlcədən İrandan Pakistanın Vəziristan ərazisinə göndərib. Pakistanda Firdovsi Yusifov və Taleh Soltanov tanış olaraq birlikdə qanunsuz silahlı birləşmələrdə iştirak etdikdən sonra Suriya Ərəb Respublikasının ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəliblər. Onlar bu məqsədlə 2013-cü ilin avqust ayında Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb və 2014-cü il, aprelin 24-də Azərbaycan Respublikasına təhvil veriliblər.
