Rəhim Qazıyev: "Etibar Məmmədov Naxçıvana 4932 ədəd avtomat gətirmişdi"
“Mən Heydər Əliyevin hərbi səlahiyyətli nümayəndəsi Urfullah Qurbanovu tanımıram və onunla heç bir söhbət aparmamışam”.
Ovqat.com xəbər verir ki, bunu sabiq Müdafiə naziri Rəhim Qazıyev bildirib.
Sabiq nazirin bildirdiyinə görə, onun ordu rəhbəri olduğu dövrdə nəinki Gəncədən Bakıya silah göndərilməyib. Əksinə, özü şəxsən Naxçıvandan Bakıya silah daşıyıb:
- “Səhv etmirəmsə, 1992-ci ilin yanvar ayının ilk günlərində Etibar Məmmədov o zaman çox çətinliklə Türkiyədən Naxçıvana 4932 ədəd AKM avtomatları gətirmişdi. Həmin avtomatlar Şərqi Avropa ölkələrindən yığılmışdı. Bir çoxları da xeyli köhnə idi. Etibar Məmmədov silahları Naxçıvana gətirib çıxartdıqdan sonra mənə zəng etdi. Silahları Naxçıvandan Bakıya gətirə bilmədiyini dedi. Mən həmin vaxt nazir də deyildim. Bir deputat kimi AZAL-a müraciət edib AN-26 təyyarəsi sifariş etdim. Naxçıvana gəlib Heydər Əliyevlə danışdım. 932 avtomatı Naxçıvanda saxladıq, qalan 4000 silahı təyyarə ilə Yevlaxa daşıdıq. AN-26-lar 5 ton yük tutduğundan biz həmin silahları 2 dəfəyə daşıdıq. O zaman bizdə silah harda idi ki, Urfullah Qurbanova da verək?”