Sosial şəbəkədə biz:

"İnter"in adının dəyişməsini istəməzdik" - Samir Zərgərov

21 October 2017, 12:15
Gündəm
"İnter"in futbolçusu Samir Zərgərov Topaz Premyer Liqanın 9-cu turunda "Səbail"ə 0:1 hesablı uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib. - Komandanız ardıcıl  3-cü dəfədir məğlub oldu. Nə deyə bilərsiniz? - Komandanın  futbolçularının yarısı zədəli, yarısı xəstədir. Eyni heyətlə, 11-12 nəfərlə oynamaq çox çətindir.  Elə komandalar var ki, heyətlərində 23-24 futbolçu var. Bizdə bu baxımdan çox böyük problem mövcuddur. - Hər məğlubiyyəti bu amilə bağlamaq nə dərəcədə doğrudur? - Bağlamaq deyəndə ki, olur da. Uşaqların bəziləri oyunlara iynə ilə çıxırlar. Yəni, əlimizdə geniş heyət yoxdur. - Yəqin ki, "İnter"in iynə-dərman almağa pulu var... - Buna imkan var. Söz veriblər, gələn həftəyə kimi pullarımızı alacağıq. - Bu ayın maaşını? - Nə qədər qalıbsa, hamısını. İki-üç ay qalıb. - "Səbail"in qələbəsini layiqli hesab edirsiniz? - Məncə, pis oynamadıq, bizim də imkanlarımız oldu. Fasilədən sonra daha yaxşı oynayan tərəf biz idik. Qələbə münasibəti ilə "Səbail"i təbrik edirəm. - Sizcə, komandaya nə motivasiya verə bilər? - İnşallah, qışdan sonra transferlər olar. Bir oyunçu üçün daim oynamaq çox çətindir. Dəyişikliklə oynadıqca, futbolçular yaxşı formada qalacaq. Belə çox çətindir. Biri zədəli, biri xəstə oynayır. - Komanda növbəti oyunlara "İnter" yox, "Keşlə" adı ilə çıxacaq. Bu barədə nə deyə bilərsiniz? - "İnter" mənim üçün doğma komandadır. Artıq 5-ci ildir burdayam. İstəməzdik ki, "İnter" adını dəyişsin. Adlı-sanlı klubdur, Avropada da reytinqi var. "Zirə" və ya "Səbail" də yeni yarananda, insanlar uyğunlaşa bilmirdi. Amma indi "Zirə" deyəndə, hamı normal qəbul edir. İnşallah, hamı  "Keşlə"ni də qəbul edəcək. - "İnter"in adını dəyişməsinə üzülürsünüz? - Bəli, 5 il şərəfini qoruduğum "İnter"in adı tarixdən silincək. Bu baxımdan üzülürəm. - Bu gün "İnter"in son oyununun olması sizə motivasiya vermirdi? - Verirdi. Hər oyunda əlimizdən gələni edirik ki, "İnter"i yaşadaq. İndi keçəcəyik "Keşlə"yə. - Yəqin ki, qışa qədər rəhbərlik komandadan heç nə istəmir... - Hamımız qələbə qazanmaq istəyirik. Bu gün (dünən - red.) də pis oynamadıq. "Kəpəz"lə oyuna hazırlaşacağıq. - Təcrübəli futbolçu olsan da, demək olar ki, start heyətində yer almırsan. Bu nə ilə bağlıdır? - Bu, məşqçinin taktiki gedişi də ola bilər. Həm də "Neftçi" ilə görüşdən sonra neçə gündür məşq etmirdim.