Sürücülərə qarşı yeni dələduzluq üsulu yayılıb.
Kiberdələduzlar sürücülərə parklanma qaydalarının pozulması ilə bağlı saxta bildirişlər göndərirlər.
Daha sonra bildirişdəki linkə daxil şəxslərin bank kartlarından pul vəsaiti çıxılır.
Saxta bildirişdə sürücülərə aşağıdakı məlumatlar təqdim edilir:
"Nəqliyyat vasitənizlə bağlı parklanma qaydalarının pozulması barədə bildiriş qeydə alınıb.
Protokol N: AZ-U82JK1056 Pozuntu: Parklanma qaydalarının pozulması (Maddə 346-1.2) Yer: Bakı, Nizami küçəsi Tarix: 05.11.2026, 15:07
Xahiş olunur, bildirişi aldıqdan sonra 12 saat ərzində məlumatları yoxlayasınız.
Cərimənin statusunu və ödəniş məlumatlarını rəsmi portalda dəqiqləşdirin".
Məsələ ilə bağlı "Bakupost"un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, bu cür mesajlar vasitəsilə vətəndaşların şəxsi məlumatlarının və bank kartı rekvizitlərinin ələ keçirilməsi məqsədi güdülür:
"Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən qayda pozuntularına dair elektron qərarlar avtomatlaşdırılmış qaydada formalaşdırılaraq nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetinə yerləşdirilir və bu barədə qeydiyyatda olan mobil telefon nömrəsinə SMS məlumat göndərilir.
Sürücülərə tövsiyə olunur ki, cərimələrlə bağlı məlumatları yalnız rəsmi mənbələrdən yoxlasınlar, şübhəli keçidlərə daxil olmasınlar və bank kartı məlumatlarını naməlum şəxslərlə paylaşmasınlar".