Prezident idmançıları mükafatlandırıb
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanınıda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılmaları haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, adları çəkilən şəxslərin mükafatlandırılmaları üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 900 000 manat vəsait ayrılıb.
Sərəncamda vurğulanıb ki, Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla mükafatlandırılma üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 gün müddətində hazırlayıb təsdiqləməli, ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydada ödənilməsini təmin etməlidir.
Eyni zamanda, Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.