Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – ŞƏRH
on aylarda Azərbaycanda müşahidə olunan intensiv və fasiləsiz yağıntılar artıq təkcə gündəlik həyatı deyil, kənd təsərrüfatı sektorunu da ciddi şəkildə düşündürməyə başlayıb. Aprel ayından etibarən davam edən qeyri-sabit hava şəraiti may ayında daha da güclənib. Xüsusilə paytaxt Bakı, Abşeron yarımadası və bir sıra bölgələrdə qeydə alınan leysan xarakterli yağışlar bəzi ərazilərdə subasma, torpaq sürüşməsi və əkin sahələrinin zərər görməsi ilə nəticələnib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 17-də yağıntının miqdarı 40-55 mm təşkil edib ki, bu da aylıq normanın 203-279 faizi deməkdir. Mütəxəssislər bildirirlər ki, belə anomal hava şəraiti kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərə bilər.
Aqrar sahə üzrə ekspert Rəcəb Orucov Musavat.com-a bildirib ki, kənd təsərrüfatı sektorunda bu tip yağıntılar, təbii fəlakət xarakterli dolu və digər ekstremal hallar istisna olunarsa, əsasən payızlıq taxıl əkinlərinə ciddi mənfi təsir göstərmir: “Ümumilikdə bir çox ölkələrdə taxıl istehsalının 60 faizdən çoxu məhz bu tip əkinlərə əsaslanır və belə yağıntılar həm suvarma əkinçiliyində, həm də ümumi əkinçilik prosesində ciddi problem yaratmır. Əksinə, bu cür yağışların müəyyən faydaları da var. Xüsusilə su qıtlığının yaşandığı dövrlərdə yağıntılar torpaqda nəmlik balansını bərpa edir və su ehtiyatlarının formalaşmasına müsbət təsir göstərir. Bu, həm kənd təsərrüfatı, həm də ekoloji balans baxımından vacib amildir. Eyni zamanda, su basma riski olan ərazilərdə müəyyən fəsadlar yarana bilər”.
Ekspert bildirib ki, bitkilərin inkişaf mərhələsinə nəzər saldıqda, meyvə ağacları, tarla bitkiləri və strateji əhəmiyyətli kənd təsərrüfatı məhsulları artıq vegetasiya dövrünün son mərhələsinə yaxınlaşır. Onun fikrincə, bu mərhələdə yağıntıların təsiri adətən kritik olmur və proseslərə ciddi müdaxilə etmir.
Ekspert onu da deyib ki, əsas risk amili göbələk və digər fitopotoloji xəstəliklərdir: “Rütubət və isti hava bir araya gəldikdə, bu xəstəliklərin yayılması üçün əlverişli şərait yaranır. Bu isə aqrar sektorda müəyyən gərginlik yarada bilər, lakin idarəolunan proses hesab olunur və vaxtında aparılan aqrotexniki tədbirlərlə nəzarətdə saxlanıla bilər. Ümumilikdə, bu yağıntılar məhsul qıtlığı yaradırmı sualına cavab birmənalıdır: xeyr. Çünki məhsul qıtlığını daha çox quraqlıq və su çatışmazlığı kimi amillər formalaşdırır. Yağıntılar isə əksinə, bitkilərin su ehtiyacının ödənilməsində mühüm rol oynayır. Eyni zamanda, dolu, güclü külək və ildırım kimi ekstremal hava hadisələri lokal ziyanlar yarada bilər. Lakin bu hallar ümumi kənd təsərrüfatı istehsalını ciddi şəkildə təhlükə altına salacaq səviyyədə deyil. Nəticə etibarilə, anomal yağıntılar düzgün idarə olunduğu halda kənd təsərrüfatına zərərdən çox fayda verən təbii proses kimi qiymətləndirilə bilər”.