Sosial şəbəkədə biz:

Azərbaycan turizmin inkişafına milyonlar xərcləsə də, turist axını niyə zəifdir?

Azərbaycan turizmin inkişafına milyonlar xərcləsə də, turist axını niyə zəifdir?
Xəbər Şəkli
07 August 2026, 09:01
İqtisadiyyat

Cənubi Qafqaz ölkələri arasında ən az turist qəbul edən ölkələrdən biri Azərbaycan olub. Bu ilin yanvar-iyun aylarında Azərbaycana turizm məqsədilə 723 min 222 xarici vətəndaş gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 119 min 244 nəfər və ya 14,2 faiz azdır. Azərbaycana daha çox turist cəlb etmək üçün Dövlət Turizm Agentliyinin hər il milyonlarla manat vəsait xərclədiyi təqdirdə turist sayının azalması məsələsi gündəmə gəlib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Rövşən Muradovun sözlərinə görə, Azərbaycanın turizm sektorunda 2026-cı ilin ilk yarısında müşahidə olunan dinamikanı yalnız turist sayının azalması ilə qiymətləndirmək düzgün yanaşma olmaz.

 

R.Muradov bildirib ki, turizm qlobal iqtisadi dəyişikliklərdən ən çox təsirlənən sahələrdən biridir: “Bu sektorda nəticələr daxili idarəetmə ilə yanaşı, beynəlxalq aviasiya bazarı, geosiyasi proseslər, turistlərin alıcılıq qabiliyyəti, qiymət rəqabəti və ölkənin beynəlxalq tanıtım imkanları ilə formalaşır. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana 723 min 222 xarici vətəndaşın turizm məqsədilə gəlməsi, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalma deməkdir. Bu göstərici təhlil tələb edən iqtisadi siqnaldır. Əsas məsələ rəqəmin özündən daha çox, onun arxasında dayanan səbəbləri düzgün müəyyənləşdirmək və çevik həll mexanizmləri formalaşdırmaqdır. Cənubi Qafqaz ölkələrinin turizm göstəricilərini müqayisə edərkən onların iqtisadi modellərindəki fərqlər nəzərə alınmalıdır. Gürcüstan uzun illər turizmi iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevirib. Ermənistanın göstəricilərində isə diaspor əlaqələri və quru sərhədlərdən daxil olan səfərlərin xüsusi çəkisi böyükdür. Azərbaycanın iqtisadi modeli isə enerji, logistika, sənaye, kənd təsərrüfatı və xidmət sektorlarının paralel inkişafına əsaslanır”.

 

Millət vəkili onu da əlavə edib ki, müasir turizm bazarında rəqabət yalnız təbii və tarixi imkanlarla müəyyən edilmir: “Turist ölkə seçərkən qiymət, nəqliyyat əlçatanlığı, xidmət keyfiyyəti, rəqəmsal rahatlıq və səyahət təcrübəsini birlikdə qiymətləndirir. Azərbaycanın qarşısında duran əsas vəzifə mövcud turizm resurslarını beynəlxalq bazarda daha rəqabətqabiliyyətli məhsula çevirməkdir. Son illərdə ölkədə turizm infrastrukturu əhəmiyyətli dərəcədə genişlənib. Yeni hava limanları, nəqliyyat layihələri, regionlarda yaradılan hotellər və istirahət kompleksləri, Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan yeni turizm imkanları bu sahənin gələcək inkişafı üçün mühüm baza yaradır. Lakin bu imkanların iqtisadi nəticəyə çevrilməsi üçün beynəlxalq tanıtım strategiyasının, yeni bazarlara çıxış mexanizmlərinin və xidmət standartlarının davamlı təkmilləşdirilməsi vacibdir”.

 

R.Muradovun sözlərinə görə, turizmə ayrılan dövlət vəsaitlərini qısamüddətli gəlir vasitəsi kimi qiymətləndirmək doğru olmaz: “Ölkənin beynəlxalq turizm bazarında tanıdılması, yeni turist seqmentlərinin formalaşdırılması və milli turizm brendinin möhkəmləndirilməsi uzunmüddətli prosesdir. Bununla yanaşı, həyata keçirilən layihələrin nəticələri müasir iqtisadi göstəricilər əsasında ölçülməli, marketinq fəaliyyətinin səmərəliliyi daim təhlil olunmalıdır. Turizmdə əsas məqsəd yalnız turist sayının artması ilə məhdudlaşmır. Daha mühüm göstəricilər turistin ölkədə qalma müddəti, xərclədiyi vəsaitin həcmi, regionların turizm dövriyyəsinə cəlb olunması və sektorun iqtisadi dəyər yaratmaq imkanlarıdır. Bu istiqamətlər üzrə inkişaf turizmin qeyri-neft iqtisadiyyatında rolunu daha da gücləndirə bilər. Azərbaycanın təhlükəsizlik mühiti, coğrafi mövqeyi, zəngin mədəni irsi, nəqliyyat imkanları və yeni inkişaf edən regionları geniş turizm potensialı formalaşdırır. Qarşıda duran əsas məsələ həmin üstünlükləri beynəlxalq turist üçün daha cəlbedici və rəqabətli məhsula çevirməkdir. 2026-cı ilin ilk yarısının statistik göstəriciləri turizm sektorunda mövcud çağırışları göstərməklə yanaşı, yeni imkanların müəyyənləşdirilməsi üçün də mühüm analitik baza yaradır. Əsas istiqamət qlobal turizm bazarında rəqabət qabiliyyətini artırmaq, ölkənin turizm imkanlarını daha effektiv təqdim etmək və bu sahənin iqtisadi inkişafda payını genişləndirməkdir”.