Sosial şəbəkədə biz:

30 sentyabr – Beynəlxalq Tərcüməçilər Günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər Günüdür
Xəbər Şəkli
30 September 2026, 14:06
Mədəniyyət

Çoxsaylı peşə bayramlarından biri olan Beynəlxalq Tərcüməçilər Günü Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd olunur.

Tərcümə müxtəlif dillər arasında sözləri deyil, həm də mədəniyyətləri, ədəbiyyatları, düşüncə və dünyagörüşlərini birləşdirən mühüm körpüdür. Bu mənada tərcüməçi xalqlar arasında ədəbi-mədəni əlaqələrin inkişafında, milli ədəbiyyatların dünya ədəbiyyatına, dünya ədəbiyyatının isə milli ədəbi mühitə inteqrasiyasında əvəzsiz rol oynayır.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi də bu mühüm missiyanı həyata keçirən qurumlardan biridir. Mərkəzdə ədəbiyyatşünas Əsəd Cahangirin rəhbərliyi ilə qısa müddət ərzində müxtəlif dillərdə bir sıra mühüm ədəbi əsərlər tərcümə edilərək oxuculara təqdim olunmuşdur.

Bu sırada:

• Anarın “Gəl qoşulaq durnalara” – şeirlər və söhbətlər kitabı rus və Azərbaycan dillərində;

• Səlim Babullaoğlunun “Noyabr gündəliyi” – şeirlər və təhlillər kitabı rus və Azərbaycan dillərində;

• Rəşad Məcidin “Şuşa dəftəri” – Azərbaycan, türk, özbək, qazax və qırğız dillərində;

• Vəli Qaraçaylının “Sərhədləri aşan adam” adlı şeirlər kitabı gürcü dilində;

• Hacı Qəni Camalzadənin “Şeytana daş atanlar” romanı türk dilində;

• Mahmut Özkoca və Bülent Uyğurun “Əzrayılın göz yaşları” romanı isə Azərbaycan dilinə tərcümə edilmişdir.

Bu nəşrlər Azərbaycan ədəbiyyatının müxtəlif dillərdə tanıdılması, ayrı-ayrı xalqların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılması və ədəbi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tərcüməçi iki dil arasında yalnız sözləri deyil, mənanı, ruhu, poetik duyumu və mədəni yaddaşı da daşıyır. Buna görə də tərcümə sənəti ədəbiyyatın sərhədlərini aşmasına, xalqların bir-birini daha yaxından tanımasına xidmət edir.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi adından bütün tərcüməçiləri, ədəbiyyatımızın xarici dillərə tərcüməsi ilə məşğul olan mütəxəssisləri, xarici ədəbiyyatı Azərbaycan dilinə çevirən qələm sahiblərini Beynəlxalq Tərcüməçilər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları, yeni tərcümə layihələri və zəngin ədəbi irsimizin dünyaya tanıdılması yolunda müvəffəqiyyətlər arzulayırıq.