Kəndlini fəlakətdən qoruyan mexanizm: hamı yararlana bilirmi?
Son günlər dünya iqlim fəlakətlərinin təsirindən çıxa bilmir. ABŞ-ın Texas ştatında indiyədək görünməmiş səviyyədə yağan yağışlar dəhşətli sel fəlakətinə, yüzlərlə insan ölümünə, dağıntılara səbəb olub. İlkin hesablamalara əsasən, ştatın iqtisadiyyatına dəyən zərər 70 milyard dollara yaxındır. Güclü yağıntılar Ukraynanın qərbində də analoqu olmayan selə səbəb olub. Avropanın Qərbi isə indiki vaxt üçün xarakterik olmayan quraqlıq və kəskin istilərdən əziyyət çəkir.
Bütün bu kataklizmlərin kökündə dayanan əsas amil isə qlobal iqlim dəyişiklikləri hesab olunur. Almaniyanın təkrarsığorta şirkəti Munich Re-nin analitiklərinin apardığı hesablamalara əsasən 2024-cü il ərzində təbii fəlakətlərin qlobal zərəri əvvəlki illə müqayisədə 19,4 faiz artaraq 320 milyard dollar təşkil edib. Keçən il 1980-ci ildən aparılan müşahidələrin bütün tarixində itkilərə görə beşinci yeri tutub. Ümumi məbləğin 140 milyard dolları sığortalanmış əmlak olub ki, bu da 2023-cü ilin göstəricisini üstələyir, o zaman bu rəqəm 106 milyard dollar təşkil edirdi. Sığorta olunan zərərlərin həcminə görə 2024-cü il tarixdə üçüncü yerdə olub.
Təşkilat həmçinin qeyd edir ki, qlobal istiləşmə qasırğaların, tufanların, daşqınların və quraqlıqların tezliyinin və gücünün artmasına gətirib çıxarır. 2024-cü ildə bütün maliyyə itkilərinin 93 faizi təbii fəlakətlər nəticəsində baş verib. Daşqınlar, meşə yanğınları və tufanlardan dəymiş ziyan 2023-cü ildəki 143 milyard dollardan 136 milyard dollara enib, lakin son on ilin orta göstəricisi olan 110 milyard dollardan yuxarıdır.
Ötən il tropik siklonların vurduğu ziyan 135 milyard dollar təşkil edib. Bunlardan ən dağıdıcısı ABŞ-ı payızda vuran və müvafiq olaraq 56 milyard və 38 milyard dollar zərər gətirən Helen və Milton qasırğaları olub.
İqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələrdən olan Azərbaycanda ən çox baş verən təbiət hadisələri fırtına-qasırğa, dolu, selsubasma halıdır. Dünya təcrübəsi göstərir ki, fermerləri, kənd təsərrüfatı istehsalçılarını bu kimi hallardan ən yaxşı “qoruyan” sığorta mexanizmidir. Azərbaycanda aqrar sığortanın yaşı azdır, amma göstəricilərdən aydın olur ki, ona maraq artır. Belə ki, 2024-cü ildə Azərbaycanda 447 min hektar sahə Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb. Bu, ölkə üzrə sığortalanması mümkün olan sahələrin 30 faizinə yaxındır.
Ötən il sığortalanan əkin sahələrinin 246 min hektarı payızlıq buğda 116 min hektarı isə payızlıq arpa olub.
Əkin sahələrinin sığortalanması üzrə aqrar sığorta müqavilələrinin sayı 11 faiz artaraq 56 662-yə yüksəlib. Ötən il Fond tərəfindən zərərə məruz qalmış təsərrüfatlara 6 milyon 423 min manat sığorta ödənişi edilib. Əvvəlki illə müqayisədə sığorta ödənişləri 2, 2 milyon manat və ya 46 faiz artıb. Sığorta ödənişlərinin 5 milyon 246 min manatı bitkiçilik, 1 milyon 177 min manatı isə heyvandarlıq təsərrüfatlarının payına düşüb.
Bitkiçilik üzrə ən çox sığorta ödənişləri: fırtına-qasırğa, sel-subasma və dolu, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti üzrə edilib
Bu ilin ilk 6 ayında isə ASF tərəfindən müxtəlif hadisələrdən zərər çəkmiş kənd təsərrüfatı istehsalçılarına ümumilikdə 4 milyon 435 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Fonddan “Yeni Müsavat”a verilən məlumata görə, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ümumi sığorta ödənişlərində 55 faiz, əkin sahələri üzrə sığorta ödənişlərində isə təqribən 2 dəfə artım baş verib. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə ölkədə 2 milyon 864 min manat sığorta ödənişi həyata keçirilmişdi.
Fondun məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında həyata keçirilən 4 milyon 435 min manat sığorta ödənişindən 4 milyon 246 min manat əkin sahələri üzrə, 189 min manat sığorta ödənişi isə heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilib. 2024-cü ilin ilk yarım ilində əkin sahələri üzrə 2,2 milyon manat sığorta ödənişi edilmişdi.
İlin birinci yarısında müxtəlif hadisələrdən zərər çəkən əkin sahələri ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz artaraq 17 min hektara çatıb. Fondun məlumatına görə, ilk yarım ildə ən böyük sığorta ödənişləri buğda-arpa (2,5 milyon manat), pambıq (577 min manat), qarğıdalı (447 min manat), günəbaxan (196 min manat) və tütün bitkiləri (174 min manat) üzrə həyata keçirilib. Bundan başqa, ilk yarım ildə meyvə bağları üzrə 170 min manata yaxın sığorta ödənişi edilib.
Dünya üzrə açıqlanan məlumatlardan aydın olur ki, sığorta ödənişləri iqlim fəlakətlərinin zərərləri arasında aparıcı paya malikdir. Məhz sığortalanma kənd təsərrüfatı istehsalçılarını müflisləşmədən qoruyur, onların fəaliyyətində davamlılığın təmin olunmasında mühüm rol oynayır. Azərbaycanda bu mexanizmin genişlənməsi, bütün əkin və heyvandarlıq sahəsini əhatə etməsi üçün aqrar istehsalçıların gəlirinin yetərli olması əsas şərtdir. Baxmayaraq ki, dövlət sığorta haqqının yarısını qarşılayır, bir çox hallarda fermerin əldə etdiyi gəlir öz təsərrüfatını sığortalamaq xərclərini qarşılamağa imkan vermir. Bu problemin kökündə isə əsasən satış bazarlarının inhisarlaşması, kəndli-fermerlərin öz məhsullarını böyük bazarlara çıxardıqları yolların bağlı olmasıdır. Bakı, Sumqayıt və digər iri şəhərlərin meyvə-tərəvəz bazarı iri oyunçuların əlində olduğuna görə onlar məhsulu yerlərdə ucuz qiymətə alaraq həmin bazarlarda 2-3 dəfə baha satmaqla külli miqdarda gəlir əldə edirlər. İstehsalçı isə cüzi gəlirə qane olmaq məcburiyyətində qalır. Hansı ki, həmin gəlirlə sığorta hüququ yaradan addımları atmaq, sığorta haqqını ödəmək mümkün olmur...
Musavat.vom