Fermerə 95 minlik dələduzluq edən “Hacı Telman”la bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Saqif Bəşirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Saqif Bəşirov 2020-ci ilin aprel-may aylarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “1001 Xırdavat” inşaat materialları mağazasının sahibi zərərçəkmiş Tahir Əşrəfova (adı, soyadı şərtidir) müraciət edib, pulunu bir həftə müddətinə verəcəyi barədə yalan vəd verib. O, evinin təmiri üçün inşaat materiallarını nisyə almaq adı ilə mağaza sahibinə qarşı ümumilikdə 2 077 manatlıq dələduzluq edib.
Bundan başqa, Saqif Bəşirov 2022-ci ilin iyun ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanışı Seyran adlı şəxslə dələduzluq, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında hərəkət edib.
Belə ki, o, Hövsan qəsəbəsinin Dədə Qorqud yaşayış massivi ərazisində toyuq fermasında broyler toyuqlarını yetişdirib satmaqla məşğul olan S.S. (adı, soyadı şərtidir) ilə telefonla əlaqə yaradıb özünü uydurma “Hacı Telman” adı ilə, Seyran isə özünü uydurma “Hacı Əhliman” adı ilə toyuq əti ticarəti ilə məşğul olan şəxslər kimi təqdim edib. Onlar həmin şəxsdən ümumilikdə 95 235 manatlıq broyler toyuqları alaraq dələduzluq ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saqif Bəşirov 5 il 7 ay 29 gün müddətə azadlıqdan məhrum edilib.