Sosial şəbəkədə biz:
Misirdəki səfirliyin diplomatına 5 il həbs cəzası kəsildi
Xəbər Şəkli

Misirdəki səfirliyin diplomatına 5 il həbs cəzası kəsildi

17 October 2025, 08:35
Kriminal

Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Ramiz Vəliyevə 5 il həbs cəzası kəsilib. Ona oktyabrın 16-da Nərimanov rayon Məhkəməsində hökm oxunub.

Hakim Gültəkin Əsədovanın çıxardığı hökmlə keçmiş diplomat Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsiylə təqsirli bilinib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının saxladığı R.Vəliyev ötən il dekabrın 8-dən həbsdədir. Keçmiş diplomat vəzifə yetkilərinə görə sahib olduğu bilgi və sənədləri məqsədli şəkildə kənar şəxslərə ötürməkdə suçlanır.

Özünü təqsirli saymayan R.Vəliyev ittihamda yazılanların həqiqətdən uzaq olduğunu, basqıya uğradığını deyir. Onun vəkili də bu cinayət işi üzrə hərtərəfli araşdırma aparılmamasından şikayətlənərək hələ məhkəmə başlanınca işin istintaqa geri qaytarılması haqda vəsatət qaldırmışdı. Ancaq hakim G.Əsədova onun vəsatətini əsassız sayaraq təmin etməmişdi.

Orta təhsilini internat məktəbində alan R.Vəliyev ardından Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Bundan sonra Xarici İşlər Nazirliyi sistemində işə başlayıb. O, Misirdən öncə Azərbaycanın Livandakı səfirliyinin diplomatı olub.