BİR TƏDQİQAT İŞİ QƏDƏR DƏYƏRLİ
“Xaltanli Taği” və “Haqdan yanan çıraq” kitabları və onların müəllifi haqqinda qeydlər
XVIII-XIX əsrlərdə yaşayıb yaratmış müqtədir el sənətkarı Aşıq Xaltanlı Tağı haqqında ilk dəfə illər öncə qobustanlı el şairi rəhmətlik Dərdli Cavaddan eşitmişdim. O, aşığın bir çox şeirlərini əzbərdən bilirdi, hər görüşümüzdə bu barədə maraqlı söhbətlər edərdi. Düşündüm ki, rəhbəri olduğum Dirili Qurbani Məclisində Xaltanlı Tağı ilə bağlı bir xatirə günü keçirək. Fikrimi Cavad kişi ilə də bölüşdüm, məclisdə tədbirin keçirilməsinə qərar verdikdən sonra onu da dəvət etdim. Yaşlı olmasına baxmayaraq sevə-sevə gəldi. Söz söylədi, həm Xaltanlı Tağıdan, həm də öz şeirlərindən oxudu. Tədbirdə, maraqlı çıxışı ilə məclis üzvlərinin diqqətini cəlb edən görkəmli şair Tofiq Nurəli də iştirak edirdi. Bu məqaləni yazmağa başlayanda həmin anları xatırladım...
Şirvan aşiq məktəbinin yaradicisi Xaltanli Taği haqqinda yeni monoqrafiyanın müəllifi - ümumtəhsil məktəbində işıqlı ömrünü şagirdlərinə həsr etmiş sıradan bir pedaqoq olsa da, fəaliyətində tədqiqat yönlü saysız-hesabsız məqalələrin müəllifi araşdırmaçı, publisist-yazar, ali dərəcəli Azərbaycan dili və ədəbiyyatı müəllimi Tahir Həsənlidir. O, ucqar dağ kəndi olan, sanballı ziyalıları ilə tanınan Qubanın Yerfi kəndində yaşayır. Tahir müəllimlə ilk tanışlığım, tanınmış yazıçı dostum Rövşən Yerfinin dəvəti ilə ata yurdunda - qardaşıgildə qonaq olduğum zaman baş verdi. Arxivi xatırladan yarımotaq boyu mini ktabxanası mahiyyətcə çox zəngin və orjinallığı ilə diqqətimi cəlb etmişdi. Ədəbi jurnallar, klassiklərin əsərləri, dərc olunduğu nəşrlər, ölkə və bölgə üçün əhəmiyyətli yazıların çap olunduğu qəzet və jurnal nüsxələri. O zaman ilk gəlişimdəcə yaddaşımda xoş təəssurat buraxan Yerfi haqqında yazmaq qərarına gəldim. Tahir müəllimin unikal bilgisi və hafizəsi söyləmələri ilə anındaca diqqətimi cəlb eləmişdi. Məqalə üçün kifayət qədər zəngin material əldə etmək imkanım oldu. Beləliklə, ardıcıl əməkdaşlıq etdiyim “Kaspi” qəzetində “Qubadan Qonaqkəndəcən” adlı bir səhifəlik məqaləm dərc edildi. Bu yazımda bacardığım qədər Yerfi kəndinin tarixi, əhalisi, təbiəti, təsərrüfatı, təhsil və mədəniyyəti, tanınmış simaları haqqnda məlumat vermək istəmişdim. Bildiyim qədər buna nail olmuşdum da. O zaman Tahir müəllimdən aldığım informsiyalar yazının hazırlanmasında mənə çox kömək etmişdi. Hələ onun dərc etdirdiyi məqalələr. Onlarda nələr yox idi? Xüsusilə, təhsillə bağlı müəllimin vəzifəsi və onun görməli olduğu işlər barədə yazdıqları müəllifin fövqəl maarifçi olduğunu göstərirdi. Qabaqcıl təhsil işçisi kimi metodikası və pedaqoji təcrübəsi bölgə məktəblərində tətbiq olunurdu. Tövsiyələrinə diqqətlə yanaşılırdı. Bu tövsiyələr tədris prosesində səmərəli nəticənin əldə olunmasında və düzgün qiymətləndirmədə meyar kimi götürülürdü. Yalnız müəllim olmaqla kifayətlənməyən Tahiq müəllimin ardıcıl mütaliələri və maraqlı araşdırmaları onu elmi tədqiqat sahəsində axtarışlar aparmağa sövq edir. Qəzet-jurnal dairəsindən çıxıb elmi-publisistik kitablar üzərində düşünür. Doğulub böyüdüyü və hazırda da yaşadığı kənddən bəhs edən “Yerfililər”, “Yerfi töhfələri”, eləcə də “Qaçaq Mayıl dastanı”, “Xaltanlı Tağı”, “Haqdan yanan çıraq” kimi elmi-publisistik kitabları az zaman içində diqqəti cəlb edir və görkəmli folklorşünas alimlərin qiymətini alır. AMEA Folklor İnstitunun şöbə müdiri, “Dədə Qorqud” elmi jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı: “Son illərdə Xaltanlı Tağının həyat və yaradıcılığı ilə ciddi məşğul olan Tahir Həsnlnin Azərbaycan jurnalında işıq üzü görən “Xaltanlı Tağı” məqaləsi ilə el sənətkarının araşdırmalarının yeni mərhələsi başlanır. Ciddi axtarışlar nəticəsində müəllif Xaltanlı Tağıya həsr etdiyi monoqrafiyasını tamamlamağa müvəffəq olmuşdur.
Monoqrafiyanın ilk bölməsində aşıq sənətinn tarixinə qısa ekskursiya edilir və Xaltanlı Tağının həyatına aid bir çox faktlar dəqiqləşdirilir. Onu vurğulamaq lazımdır ki, el sənətkarının yaşadığı bölgənin azsaylı xalqlarla zənginliyini nəzərə alan tədqiqatçı olduqca düzgün fikir irəli sürərək yazır ki, “XIX əsrin əvvəllərində öz istedadı ilə diqəti cəlb edən Xaltanlı Tağının təhsil illəri və yaradıcılıq dövrü Rusiyanın Azərbaycanın şimalını işğal etdiyi dövrə düşür. Bu zamanlarda Azərbaycanın şimalında, Dərbənddən Xaltanadək dağlıq ərazilərdə yaşayan, müxtəlif dillərdə danışan azsaylı xalqların savadlı, ziyalı, yaradıcı nümayəndələri öz əsərlərini ana dili kimi bildikləri Azərbaycan türkcəsində yazır, bu dilin ətrafında birliklərini ifadə edir, ümumilikdə, Azərbaycan ədəbiyyatını inkişaf etdirirlər. Nəticə etibarı ilə bu xalqları dil, din və vətən birləşdirirdi.”
Müəllif monoqrafiyanı işləyərkən tədqiqat prosesində onu elmi qaydalara uyğun 10 mövzu üzrə bölmüş, əldə etdiyi nəticələri ümumiləşdirmiş, “bir-birini tamamlayan, zəngin tarixi və bədii materialı əsaslı şəkildə şərh edən bölmələrə daxil etmişdir” (R.Qafarlı). Həmin mövzular bunlardır: “Aşiqanə lirik şeirləri”, “İctimai motivli şeirləri”, “Xaltanlı Tağının səyahət coğrafiyası”, “Xaltanlı Tağının “Vücudnaməsi”, “Şeyx Əzizəddinin vəsfi”, “Əlif-be (Allahın mədhi)” şeiri haqqında”, “Nə qazandın bu dünyada”, “Didaktik-fəlsəfi şeirləri və dastan yaradıcıığı” və Xaltanlı Tağı yaradıcılığının bədii xüsusiyyətləri. Göründüyü kimi, tədqiqatçı el sənətkarının bədii yaradıcılığının bütün istiqamətlərini sistemli şəkildə tədqiqata cəlb edib olduqca dolğun, əhatəli, dəqiq elmi-nəzəri fikirlər irəli sürür. Monoqrafiyanın sonunda Xaltanlı Tağının bədii irsindən seçilmiş nümunələr verilir. Nəhayət, görkəmli folklorşünas alim, professor R.Qafarlı əminliklə qeyd edir ki, monoqrafiya ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaq və Azərbaycan folklorşünaslığını zənginləşdirəcək. Biz də bu fikirdəyik. Belə ki, Tahir müəllim özünəqədrki tədqiqatları nəinki davam etdirmiş, hətta öyrənilməmiş ən xırda boşluqları belə doldurmuş, aşıq-şairin böyüklüyünü, yaradıcılıq siqlətinin dərinliyini təfsilatı ilə üzə çıxarıb diqqət mərkəzində saxlamağı bacarmışdır. Əsərdə müəllif özü də etiraf edir ki, Xaltanlı Tağı yaradıcılığı mərhum folklorşünas Ağalar Mirzə tərəfindən araşdırılaraq monoqrafiya şəklində çap olunmuşdu. Prof. Ramazan Qafarlı da kitaba yazdığı ön sözdə bunu qeyd edir. O, göstərir ki, Azad Nəbiyev də tədqiqatlarında bu el sənətkarının yaradıcılığına az-çox toxunmuşdur. Burdan belə çıxır ki, T.Həsənlinin bu kitabı daha əhatəli və daha şaxəli şəkildə işlənib. Ən xırda məsələlər göz önünə gətirilib, müəllif nəzərdə tutduğu bütün məsələlərə ciddi problem kimi yanaşıb, ona görə də uğurlu nəticə əldə edə bilib. Monoqrafiyanın “Xaltanlı Tağının həyat və yaradıcılığı haqqında” adlanan giriş hissəsində biz bunu aydın görürük. Tədqiqatçı burada öncə aşığı yetişdirən mühit barədə bizə dolğun məlumatlar verir. Bölgədəki mövcud aşıq məktəbləri haqqında sistemli şəkildə apardığı araşdırmalar və gəldiyi qənaətlər kitabın sanballı alınmasında mühüm faktorlardan biridir. Şirvan aşıq məktəbindən çıxmış ünlü aşıqların tarixilik nöqteyi-nəzərindən təqdimi, o sırada Xaltanlı Tağının adının xüsusi olaraq çəkilməsi müəllifin bu sənətkara qeyd-şərtsiz rəğbətinin olduğunu bildirir. Bu da təbiidir. Quba kimi unikal bir bölgədə bütün parametrləri ilə əsl aşıq-şair kimi doğulan və yaradıcılıq fəaliyyəti ilə ustad kimi tanınan və sevilən Tağı nədənsə az kütləviləşmiş, sanki kölgədə qalmışdır. Tədqiqatçının bizə görə onu önə çəkməsi təqdirəlayiqdir. Bölgələrimzdə gizlində qalan bu cür sənət adamlarının aşkarlanıb tanıdılması çox vacibdir. Əgər ölkəmizin mənəvi cəhtdən zəngin olduğu fikrindəyiksə, gərəkdir ki, onun maddi sərvətləri kimi zəngin insanlarını da qabarıq şəkildə təqdim etməyi bacaraq. Bu baxımdan Tahir müəllimin illərlə ardıcıl və sistemli çalışmaları nəticəsində ortaya qoyduğu elmi-metodiki və publisistik yazıları bir örnəkdir, nümunədir. Xaltanlı Tağı və ona həsr etdiyi bu monoqrafiya, eləcə də ədəbiyyatşünas alimlərin inamla qeyd etdikləri “Haqdan yanan çıraq” adlı aşıq haqqında roman sözsüz elm və ədəbiyyat xəzinəmiz üçün bir inci qədər dəyərlidir. Bu əsərin bir üstün cəhəti var ki, onu yalnız adi bədii əsər deyil, həm də tarixi roman kimi qiymətləndirmək lazım gəlir. Əsərdə cərəyan edən hadisələr o dövrün tarixi şəraiti nəzərə alınmaqla işlənib. Biz burada işğalçı rus ordusuna qarşı 25 il mübarizə aparan məhşur Şeyx Şamil hərəkatı və bu hərəkatın içində olan Molla Nuru görürük. Müəllif yazır: “Tağının müasiri olan tarixi şəxsiyyətlərdən biri də Qaçaq Molla Nurdur”. Təhsilini başa vurandan sonra da tez-tez Təngə dərəsindən keçən yolla Dərbənd ərazilərinə səfərləri zamanı onun Molla Nur haqqında dillərdə dolaşan söhbətləri, qoşquları eşitməsi, yaxud Molla Nurla görüşməsi şübhə doğurmur. Aşıq Molla Nura aid olan “Soruş” rədifli şeirində belə deyir:
Qurtarıb ölümdən darda qalanı,
Dilində olmayıb bircə yalanı.
O, əqli kamilin ərzi-halını
Tağıdan soruşma, ellərdən soruş.
Göründüyü kimi, T.Həsənli tədqiqatçılıq axtarışlarında Aşıq Tağının Molla Nurla görüşünü dəqiqliklə müəyyən edərək onu üzə çıxarır. Təkcə bu deyil. O, elmi fəhmilə müəllifi olduğu hər iki əsərində, bunlara qədər isə dərc etdirdiyi müxtəlif məqalələrində tam aydınlığı ilə bəlli olmayan yeni-yeni faktlarla diqqət mərkəzində olub. Təəssüf ki, müəllifin bu yöndəki ardıcıl çalışmaları və əldə etdiyi uğurlu nəticələr nə elmi, nə də ədəbi mühit tərəfindən lazımi qiymətini almayıb. Hələ onun publisistik qeydləri. Doğrudur, onların bir çoxu saytlarda və bəzi mətbu orqanlarda dərc olunub. Yazıçı bu məqalələrində cəmiyyətin özəyində kök salmış problemləri qabardır, eyni zamanda onların həlli yollarını göstərir.
Tahir müəllimin publisistikasına nəzər salsaq görərik ki, onların hər biri, belə demək mümkünsə, özəlliklə hamısı elmi-sosial mahiyyət kəsb edir. Ona görə də, həm maraqla oxunur, həm də dərindən düşündürür. T.Həsənli yuxarıda dediyimiz kimi uzun illər bir dağ kəndində müəllim vəzifəsində fəaliyyət göstərib, nümunəvi pedaqoq olub, yeniyetmə və gənclərin psixologiyasını yaxşı bilib. Onları ölkəmizin gələcəyi üçün hazırlayanda mövcud problemlərdən çıxış yollarını göstərib. Şimal bölgəsinin xüsusiyyətlərini, söz adamlarını, tarixi şəxsiyyətlərini, mədəniyyət və sənətkarlıq vərdişlərini, təbiətini sabahdaşlarımıza sevgi ilə, sayğı ilə, ürəyinin odunu vermiş kimi aşılayıb. Gələcək nəsil Tahir müəllimin bu əsərlərindən həm də onları öyrənəcək. Düzdür, tarix və ədəbiyyat dərsliklərində, dərs vəsaitlərində, uyğun tədbirlərdə bunlar məktəblilərə öyrədilir. Ancaq bu kitablar bir fundamental mənbə kimi, elmi-ədəbi baza kimi bölgənin daha yaxşı tanıdılmasında müstəsna əhəmiyyət daşıyacaqdır.
Bəs nədən T.Həsənlinin “Haqdan yanan çıraq” əsərini roman adlandırırıq? Müəllif özü bunu heç yerdə qeyd etməyib. Ancaq professor Xatirə Bəşirli Azərbaycan Respublikası Aşıqlar Birliyinin azerab.az saytınada dərc olunmuş “İlk aşıq romanı” adlı məqaləsində bunun səbəblərini açıq göstərib. “Professor Məhərrəm Qasımlı mənə bir kitab təqdim etdi və soruşdu ki, sən heç aşıq haqqında roman görmüsən, oxumusan...?! Düşünürəm ki, böyük ozanımız Dədə Qorqudun düzüb qoşduqları, eləcə də “Koroğlu”, “Şah İsmayıl”, “Qurbani”, “Əsli və Kərəm”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm” və s. dastanlar əslində elə aşıqların özləri haqqında düzüb-qoşduqları aşıq romanlarıdır.” Professor X.Bəşirli daha sonra yazır ki, Tahir Həsənli “Haqdan yanan çıraq” adlı əsərində bilavasitə Xaltanlı Tağının həyatını romanlaşdırıb, yəni “öz çapında bir ilkə imza atıb.”
Aparılmış tədiqatlarlra görə Xaltanlı Aşıq Tağı XVIII əsrin sonu, XIX əsrin ortalarında Quba rayonunun Xaltan kəndində doğulub. Şirvan bölgəsində fəaliyyət göstərən bir el sənətkarı kimi tanınıb. X.Bəşirlinin də qeyd etdiyi kimi, roman Quba, Dərbənd xanlıqlarında yaşanmış ictimai-siyasi, qismən də mədəni hadisələr fonunda qələmə alınıb. T.Həsənli kitabda Aşıq Tağının babası, atası, özü və nəvəsinin həyatını əhatəli şəkildə işıqlandırıb.
Biz dastan-romanı oxuduqca Azərbaycan məhəbbət dastanlarında cərəyan edən hadisələri burda da izləyə bilirik. Məsələn, müəllifin Xaltanlı Tağının əsl haqq aşıqları kimi yuxuda buta aldığına işarə etməsi buna misal ola bilər.
Yatmış idim xabi-qəflət içində,
Məndən bir can alan hayıxdı getdi.
Eşqin qəmzəsini çəkdi sinəmə,
Boylandım dalınca o çıxdı getdi.
Yar deyib həmişə edərəm fəryad,
Gözlərim qan ağlar, ürək olmaz şad.
Tərlan yuvasından Tağı bir səyyad,
Aldı öz əlilə, buraxdı, getdi.
Haqq aşığı Qurbanidə:
Oturmuşdum Təktüklünün başında
Ocaq qırağında, pirin tuşunda.
Badə içdim səfər ayın beşində,
Aldım nuş eylədim, dedim “bəli”di...
...Oyandım qəflətdən, açdım gözümü,
Ərənlər payinə sürtdüm üzümü,
Dindirdilər, haq söylədim sözümü,
Hər kəlməmə doxsan bəyan dedilər.
Adətən yuxuda buta verilən aşıq gec ayılır, qəribə yuxular görür. Tanımadığı yaşlı kişinin (bəzi dastanlarda dərviş) ona məlum olmayan məkanda bir gözəl qızı göstərib, bax onu sənə buta verdim, deyirlər. Tahir müəllim isə burda yeni bir variantdan istifadə eidir. Tağı gördüyü yuxunu nənəsinə danışır: “Yuxuda gördüm, uzun bir yol gedirəm. Babamdan da qoca, ağ saqqallı bir kişi mənə dedi ki, oğul, qorxma, get oxu, ucadan oxu, qoy səsini hamı eşitsin, səsin səni qoruyacaq. Mən bilmədiyim sözlər oxuyurdum...” Belə hallarda adətən buta verilən aşıq saz çala, söz qoşa bilir, həm aşiq, həm də aşıq olur Tağı kimi. “Ağ saqqallı, ağ donlu bir kişi mənə sazı uzadıb dedi ki, al çal, oğul, xalqını düz yola çağır...”
Dastanlarımızda aşığın sınaq meydanına çəkilməsi, sınanması qabarıq təsvir olunan nümunələrdəndir. Toy məclislərindən birində dövrəsində cəm olmuş qızlardan biri onu sınağa çəkmək məqsədilə: “Aşıq, bu, mənim nənəmdir, gəlsənə, ona bir tərif deyəsən?” Dastanlarımızda bu cür hallarla çox qarşılaşırıq. Xüsusilə, ustad aşıqların yeni buta verilmiş gənc aşıqları sınağa çəkmələri nadir hal deyil. Dirili Qurbaninin çox erkən yaşlarında Aşıq Dədə Yediyar kimi azman bir aşığın sınağından qalib çıxması tipik nümunədir.
Romanda aşıqların toylarda dastan söyləməsi, onlara digər çalğıçılarla müqayisədə xüsusi önəm verilməsi diqqətdən yayınmır. Aşıqların yarışmalara cəlb olunması, meydanlarda sınağa çəkilməsi bərkdən-boşdan çıxmaları üçün stimul olub. Əsərdə bu yüksək qiymətləndirilir. Aşıqlığa yeni başlayan bir gənc aşığın kamil, ustad aşıqlardan xeyir-dua alması yada salınır. Belə nümunələr demək olar ki, bütün məhəbbət dastanlarında mövcuddur. Tipik nümunə kimi “Qurbani” , “Aşıq Qərib”, “Valeh və Zərnigar”, “Tahir və Zöhrə” dastanlarını göstərmək olar.
“Xaltanlı Tağının həyat və yaradıcılığı haqqında” (“Xaltanlı Tağı”, 2024) adlı müəllifin giriş yazısı aşığın həm həyatı, həm də yaradıcılıq fəaliyyəti barədə dolğun məlumat almağa imkan verir. “Haqdan yanan çıraq” romanı barədə bir neçə kəlmə demək istərdim. Bu kitabın adını müəllif Tağının bir şeirindən götürmüşdür və qeyd olunmalıdır ki, çox da uğurlu seçimdir. Aşığın keçdiyi yol bunu deməyə əsas verir . Əsəri oxuduqca biz bunu görürük.
Gərək olmayasan ağıl möhtacı,
Olsan, bu dünyada əziyyətin var.
Qaldırsan yıxılanı, doyursan acı,
Sanarsan Kəbəyə ziyarətin var.
Nə qədər cəhd etsə söndürməz yağı,
Bir kəsin yanırsa haqdan çırağı.
Başını uca tut, Xaltanlı Tağı,
Ellərin içində çün hörmətin var.
Əsərdə təsvir olunan hadisələr məkan və zaman etibarı ilə məlum tarixi şəraitdə - Şeyx Şamilin çar Rusiyasına qarşı apardığı azadlıq mübarizəsi fövqündə önə çıxır. Təsadüfi deyildir ki, bu tarixi romanda Aşıq Tağının Şeyx Şamillə bağlı xatirələri də diqqəti cəlb edir. Həmin dövr Şeyx Şamil hərəkatının geniş vüsət aldığı tarixi məqam kimi müəllif tərəfindən ustalıqla qələmə alınıb. Biz buna əsər boyu rast gəlirik. Məsələn, qeyd olunur ki, Aşıq Tağı oxuduğu mədrəsədə Şamil (sonralar Şeyx Şamil), Məhəmməd, Həmzət, Abdulla kimi görkəmli şəxsiyyətlərlə bir təhsil almışdır.
Biz burada Şamilin timsalında açıq şəkildə azadlıq mücahidlərinin mübariz həyatını görürük. Müəllif onları böyük sevgi ilə təsvir edir. Eyni amal uğrunda - Şeyx Şamilin ətrafında birləşən azadlıq mücahidləri azğın düşmənə qarşı cəsarətlə, qəhrəmanlıqla döyüşürdülər. Romanda hərəkatın başında duran Şeyx Şamilin təsadüfi adam olmadığı dinə və elmə söykənən bir şəxsiyyət olduğu bildirilir. “Şamil çox savadlı adamdır, böyük kitabxanası var”. Ona görə də qalibiyyətlə hünər göstərib zəfər çalmağı bacarır. Dəfələrlə rusları məğlubiyyətə uğradan “Şeyx Şamil 20 minlik qoşun yarada bilmişdi.”
Romandan bəlli olur ki, Xaltanlı Tağını – Aşıq Tağını yetişdirən mühit, tarixi-siyasi hadisələr, ədəbi-tarixi simalar, səyahət etdiyi diyarlar əlbəttə ki, onun dünyagörüşünün, ədəbi zövqünün formalaşmasında əsas göstəricilərdəndir.
Xaltanlı Tağı bir el aşığı idi. Müəllifin təsvirində bəlli olur ki, o təhsil görmüş, həmçinin el içində deyildiyi kimi vergili aşıq olub. Odur ki, şeirlərində bir ustad sığalı var. Heç şübhəsiz, onun qoşmalarına özündən əvvəlki klassiklərin təsiri olmamış deyil. Biz bunu “Vermərəm səni” rədifli qoşmasında görürük. Belə bir şeirə Qurbanidə də rast gəlirik.
Dirili Qurbani:
Başna döndüyüm, ay Pərizada,
Can içində cana vermərəm səni.
Neynərəm bostanı, neynərəm bağı,
Yüz bağü bostana vermərəm səni!
Dağlarda maralsan, çöllərdə ceyran,
Ordubad, Naxçıvan boyuna heyran,
Tamaşaya gələr cümlə Gülüstan,
Külli Dağıstana vermərəm səni.
Xaltanlı Tağı:
Başna döndüyüm, a Gülşən xanım,
Can içində cana vermərəm səni.
Yığsalar dünyanın varın, dövlətin,
Qoysalar bir yana, vermərəm səni,
Dağlar maralsan, düzlərə ceyran,
Ordubad, Naxçıvan boyuna qurban,
Dəmirqapı Dərbənd, Şamaxı, Şirvan,
Küllü Dağıstana vermərəm səni.
Zənnimcə, bu müqayisə-qarşılaşma Xaltanlı Tağının klassiklərin, o cümlədən Dirili Qurbaninin (XV-XVI əsrlər) yaradıcılığına bələdliyi ilə izah oluna bilər. Bir-birindən bəhrələnmə bütün dövrlərdə, bütün zamanlarda yaradıcı insanlar üçün bir məktəb, bir örnək qədər faydalı olub.
Hər iki əsərində Tahir müəllim bir araşdırıcı müəllif kimi, filoloq kimi Xaltanlı Tağının şeirlərində bədii təsvir vasitələrindən məharələ bəhrələnməsindən danışır, “məcazın müxtəlif növləri ilə gözəl portiret” yaratmışdır deyə qeyd edir. Göstərir ki, aşıq şeirlərində, məsələn, “Arasında” rədifli qoşmasında zəncirləmə növündən istifadə etmişdir. O, yazır: “Əvvəlki bəndin son misrasının başladığı “Əgər olsan yüz min” sözləri ilə sonrakı bənd başlayır. Bu qayda ilə bütün bəndlər bir-biri ilə bağlanır. Daha sonra yazır: Tağı dinləyicilərini düşündürmək üçün bədii sualdan istifadə edir. Əsasən didaktik-fəlsəfi şeirlərində həlli tapılmayan, amma hamını düşündürən məsələləri qabardır, sualla müraciət edərək onların diqqətini bir yerə cəmləyir:
Oyan, ey əhli dünya, dur bu dünyadan nə istərsən?
Bu dünya çox bivəfadır, bu vəfadan nə istərsən?
Tağı, bu dünya bəladır, ona çoxlar mübtəladır,
O, bir köhnə xarabadır, xarabadan nə istərsən?
Müəllif aşığın yaradıcılığında atalar sözlərindən yerində məharətlə istifadə olunduğunu bildirir, dini şeirlərinin mahiyyətinə varır, onların əhəmiyyətini qeyd edir. Tahir müəllim Xaltanlı Tağının apardığı toy məclislərində onun bir sənət adamı kimi ədəb-ərkanı gözləməyinin vacib bildiyini yüksək qiymətləndirməklə bərabər, aşığın yerişini itirən, özünü yekə tutan, yemək-içməyini, böyük-kiçik yeri bilməyən insanları tənqid etdiyini vurğulayır. Müəllif aşığın təbiət şeirlərinə haqlı olaraq xüsusi önəm verir: “Tağı təbiəti təsvir edən şeirlərində sözün təsvir gücü ilə gözəlikləri bədii boyalarla canlandırır. Oxucunun təxəyyülndə yurdun əsrarəngiz mənzərələri göz önünə gəlir. Aşıq gördüklərini sadəcə təsvir etmir, onu insan obrazında canlandırır, təbiətlə vəhdətini yaradır. O, doğma yurdu səfalı Qubanın əsrarıngiz təbiətini, onun gözəlliklərini “Nə gözəl” şeirində belə vəsf edir:
Xaliq xəlq edəndə cümlə-cahanı,
Xoş yaradıb bu torpağı, nə gözəl!
Dəlisov çayları, şərbət suları,
Çəməni, çölləri, dağı nə gözəl!
Qızılgüllər qönçələnib oyanıb,
Ağacları baş əyibən dayanıb,
Budaqları al-qırmızı boyanıb,
Nügədinin solu-sağı nə gözəl!
Araşdırmaçı T.Həsənli Xaltanlı Tağı yardıcılığında bu nüansa xüsusi hal kimi diqqət yetirir və onu yüksək qiymətləndirir.
Haşiyə: Fikrimizcə, həm aşığın, həm də tədqiqatçının ətraf mühitlə bağlı məsələyə özəl hal kimi yanaşmaları insan-təbiət münasibətləri baxımından realdır. Təbiət bütün canl varlıqların yaşama səbəbidir. Digər tərəfdən yaradıcı insanların ilham mənbəyidir, qüvvəverici, enerji istehsalçısı və daşıyıcısıdır. Onu nəzərə almamaq olmaz. Odur ki, təbiəti öyrənməyin və qorumağın rəsmi qaydalarından çox əvvəllər müxtəlif sənət növləri vasitəsilə biomüxtəlifliyin saxlanması mümkün olmuşdur. Bu cəhətdən yanaşsaq bir aşıq kimi Xaltanlı Tağı da bu tip yaradıcılıq örnəkləri ilə əməli fəaliyyət göstərmişdir.
Yazıçı-publisist Tahir Həsənliyə görə Azərbaycan aşıq poeziyasında, xüsusilə sovet illərində yaradılmış müasir vücudnamələrdə aşıqlar daha çox öz həyatları ilə bağlı fikirlərini ifadə etmişlər. “Xaltanlı Tağının “Vücudnamə” adlı bu şeirində isə hər bir insana aid ola biləcək bir ömür əks olunub. Mövzu və məzmun dolğunluğuna görədir ki, Xaltanlı Tağının bu şeiri bəzi tədqiqatçılar tərəfindən “İnsan” poeması da adlandırılır. Müəllif eyni zamanda bu şeirin quruluşuna diqqəti yönəldir: “3 mərhlədən ibarət bətn dövrü üç bənd, 100 illik insan ömrü on bənd, qiyamətə qədər ki, dövr isə 6 bənddə ifadə olunmuşdur” deyə qeyd edir.
Müəllif həmçinin qeyd edir ki, Tağının şeirlərində məzmun ardıcıllığı bir qayda olaraq qorunmuş və bədii baxımdan ifadə tərzi saxlanmışdır. “Xaltanlı Tağı böyük alim və şair Məhəmməf Yaradanın mədrəsəsində təsəvvüf mühitində dərs almışdır”. Şübhəsiz, bu ona elmi-dini biliklər aşılamışdır. Belə nəticəyə gəlmək olar ki, aşığın şeirlərində haqqa, ədalətə çağırış, pis əməllərdən uzaq durmağın dini biliklər əsasında ifadə edilməsi təsadüfi olmamışdır. Aşığın 33 bəndlik “Bu mənzildə” şeiri bu fikirlərin təbliği məqsədilə söylənmişdir.
“Xaltanlı Tağı” monoqrafiyasında müəllif qeyd edir ki, “İslami əxlaqı mənimsəmiş Aşıq Tağı yaşadığı ömrünü saf niyyətə, xoş əməllərə, xeyirxahlığa, nəcibliyə, sərf etmiş, halal zəhməti ilə dolanmağı üstün bilmiş, heç vaxt var-dövlət əsiri olmamışdır. Dünya malına görə əqidəsinə, əxlaqına nöqsan tutula biləcək hərəkətlərdən uzaq olmuş, el aşığı, el ağsaqqalı, elin müdrik bir ziyalısı kimi hörmət qazanmış, illər keçdikcə adı hörmətlə çəkilmiş, xalqın yaddaşlarından silinməmiş, əməli, sözü ilə qəlblərdə yaşamışdır.” “Onun qəlbi bir kəndə, bir mahala sığmamış, tez-tez səfərlərdə olmuş, bəlkə də buna görədir ki, külliyyatının xeyli hissəsi ələ gəlməmişdir. Demək olar ki, Azərbaycan türkcəsinin işləndiyi ərazilər Tağının coğrafiyasıdır.” Bu da müəllif Tahir Həsənlinin ünlü bir ustad aşığa verdiyi qiymətdir, dəyərdir!
Sonda müəllif yerli sakinlərə istinadən qeyd edir ki, Aşqlar Birliyindən Xaltan və Utuq kəndlərinə gəlib Tağının şeirlərini toplayan olmuşsa da səs-soraq çıxmayıb. Ustad aşıq Haşım Balasıyevin də topladığı iki dəftər şeirdən birini yoxa çıxarıblar. Lakin qeyd etmək lazımdır ki, mərhum Ağalar Mirzənin dissertasiya işi əsasında “Xaltanlı Tağı” kitabı çap olunmuş və burada 87 şeiri verilmişdir. Təəssüflənməyə dəyər ki, Quba yalnız təbiətinə və sərin havasına görə istirahət məkanı kimi yada düşür. Halbuki, bu bölgə də digər bölgələrimiz kimi Azərbaycan mədəniyyətinə, elminə qiymətli, zəngin insanlar bəxş edib. Məsələn, burada Aşıq Oruc, Aşıq Yarbala, Barmaqsız Aşıq və b. aşıqlar olub. İndi də var.
Müəllif Tahir Həsənli monoqrafiyasını bu sözlərlə bitirir: “Axtarışlarımız nətiicəsində yeni şeirlər əldə edilmiş, indiyədək Aşıq Tağı haqqında yazılanlardan fərqli olaraq bu kitabdakılar faktlara, arxiv materiallarına, yeni nəşr olunmuş əsərlərə əsaslanmış, geniş oxucu kütləsinin marağına uyğun bir səviyyədə təhlil edilmişdir”. Tahir Həsənlinin bu istiqamətdəki çalışmaları süni intellekt vasitəsilə də qiymətləndirib. Orda da doğru olaraq qeyd edilir ki, Tahir Həsənli yalnız kitablarla kifayətlənmir – o, Xaltanlı Tağının şeir və yaradıcılıq xüsusiyyətlərini analiz edən tədqiqatlar və məqalələr də yazmışdır. Onun tədqiqatları Xaltanlı Tağının hələ əvvəlcədən araşdırılmamış və bədii irsinin geniş oxucuya tanıdılmamış hissələrini ortaya çıxarır. Bununla o, XIX əsr Azərbaycan aşıq poeziyasının anlaşılmasına, klassik nümunələrin toplanmasına və şairin irsinin müəyyənləşdirilməsinə böyük töhfə verir.
Yusif DİRİLİ (Mahmudov), tarix üzrə fəlsəfə doktoru

