Sosial şəbəkədə biz:
Brilyant Dadaşovadan bu müğənnilərə ağır ittihamlar: “Ali təhsilli olmalıdırlar”
Xəbər Şəkli

Brilyant Dadaşovadan bu müğənnilərə ağır ittihamlar: “Ali təhsilli olmalıdırlar”

31 May 2026, 11:23
Mədəniyyət

Xalq artisti Brilyant Dadaşova müasir səhnə mədəniyyəti və sənət adamlarının məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Sənətkar bildirib ki, əvvəlki illərdə televiziya və radio çıxışlarına daha böyük məsuliyyətlə yanaşılırdı.

Onun sözlərinə görə, ifaçılar tamaşaçının intellektual səviyyəsini və zövqünü nəzərə alaraq repertuar seçir, səhnədə davranışlarına xüsusi diqqət yetirirdilər: 

“Qabaqlar biz televiziya və radio verilişlərinə çıxanda, studiyalarda mahnılar yazdıranda həmişə bilirdik ki, tamaşaçı televiziya qarşısında əyləşib bizi izləyir. Biz də həmin tamaşaçıya hörmət əlaməti olaraq anlayırdıq ki, onun müəyyən intellektual səviyyəsi, düşüncəsi və zövqü var. Ona görə də onun qarşısında keyfiyyətsiz mahnı oxumaq olmaz. Düzgün ifa etmək, yaxşı mahnılar seçmək və elə bir səviyyədə çıxış etmək lazımdır ki, tamaşaçıya olan hörmət orada öz əksini tapsın”.

Brilyant Dadaşova qeyd edib ki, sənət adamları cəmiyyət qarşısında məsuliyyət daşıyırlar və onların təqdim etdiyi musiqi tamaşaçının gözündə müəyyən dəyərləri formalaşdırır. Xalq artisti hesab edir ki, səhnəyə çıxan hər bir şəxs öz nitqinə, davranışına və musiqi savadına diqqət yetirməlidir:

“İnsanların danışıq tərzi, özünü aparması, musiqi savadı bunların hamısı önəmlidir. Çünki biz səhnəyə çıxırıqsa, artıq xalqa məxsus insanlarıq. Musiqimiz də tamaşaçının gözündə düzgün və səviyyəli olmalıdır. Əvvəllər çox böyük sənətkarlarımız, dahilərimiz olub. Bu gün də çox gözəl bəstəkarlarımız, şairlərimiz və sənət adamlarımız var. Allah onların hər birinə can sağlığı versin. Hər bir sənətçi səhnəyə çıxanda bunu nəzərə almalıdır. Çünki yalnız müəyyən bir kütlə deyil, yüksək intellektual səviyyəyə malik tamaşaçılarımız da var və onlar bizdən çox şey gözləyirlər. Bunu nəzərə alaraq səhnəyə çıxmalı və fəaliyyət göstərməliyik”.

Brilyant Dadaşova ali təhsilin əhəmiyyətindən də danışıb. O bildirib ki, ümumiyyətlə bütün sahələrdə təhsil vacibdir, lakin səhnə fəaliyyəti ilə məşğul olan şəxslər üçün ali təhsil xüsusilə önəm daşıyır.

“Bir neçə gün əvvəl tələbələrimlə birlikdə paylaşdığım bir postda da bunu xüsusi vurğuladım. Uzun müddətdir bu fikri səsləndirmək istəyirdim. Mən hesab edirəm ki, səhnəyə çıxan insanlar mütləq ali təhsilli olmalıdırlar. Ümumiyyətlə, hər bir sahədə ali təhsil vacibdir, amma səhnə fəaliyyəti ilə məşğul olan insanlar üçün bu xüsusilə önəmlidir”. yenisabah