Sosial şəbəkədə biz:

“Dedi ki, “yavaş-yavaş düzəlirəm”, sonra danışa bilmədi” - Anar

“Dedi ki, “yavaş-yavaş düzəlirəm”, sonra danışa bilmədi” - Anar
Xəbər Şəkli
02 August 2026, 09:34
Mədəniyyət

“Nəriman Həsənzadənin yoxluğu Azərbaycan ədəbiyyatı üçün çox ağır itkidir. Heç kim bilmir ki, dünyadan köçəcək. Ona görə də əvvəldən yas tutmaq lazım deyil. Amma bilirdik ki, Nəriman xəstədir, ümid edirdik ki, həkimlər onu xilas edəcək. Əfsuslar olsun ki, bu dəfə onu xilas edə bilmədilər. Allah ona rəhmət etsin. Bu yaşda dost itirmək əlbəttə ki, mənim üçün çox çətindir. Bir-bir itirirəm.. Sabah Nərimanla sonuncu dəfə Beynəlxalq Muğam Mərkəzində vida mərasimində olacağıq. Son borcumuzu yerinə yetirib onu dəfn edəcəyik”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

O daha sonra əlavə edib:

“Xəstə olanda tez-tez telefonuna zəng edirdim. Sonuncu dəfə də 1 ay olardı ki, telefonla danışmışdıq. Son sözü bu oldu ki, “yavaş-yavaş düzəlirəm”. Sonra düzəlmədi.. Daha danışmaq qismət olmadı.. Süni tənəffüs aparatına qoşuldu. Bütün Azərbaycan xalqı onu çox sevirdi. Ürəyində heç bir arzusu yox idi. Ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Onu da gördü. Hətta xəstə ola-ola da makinada oturub işləyirdi, vətənimizin şəninə yazılar yazırdı, şeirlər qələmə alırdı”.