Jurnalist Kamil Şahverdi keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətindəki fəaliyyəti ilə bağlı geniş yazı ilə çıxış edib.
Şahverdi yazısında Polad Bülbüloğlunun şəxsi həyatı ilə deyil, onun dövlət vəzifələrində çalışdığı dövrdəki fəaliyyəti ilə maraqlandığını deyib:
“Onun Azərbaycan mədəniyyətinin başına gətirdiyi müsibətləri bütün incəliklərinə qədər bildiyim üçün ürək ağrısı ilə hərdən nələrisə ictimailəşdirib bu adamın əsl sifətini sizə göstərməyə çalışıram”, – deyə jurnalist qeyd edib.
Kamil Şahverdi iddia edib ki, Polad Bülbüloğlunun 1988–2006-cı illərdə mədəniyyət naziri olduğu dövrdə Azərbaycan mədəniyyətinə ciddi zərbə vurulub.
O, yazısında Bakı Xoreoqrafiya Məktəbinin keçmiş teatr binasının taleyindən də bəhs edib.
Şahverdi qeyd edib ki, Bakı Xoreoqrafiya Məktəbi əvvəllər Nizami Kino Mərkəzinin yaxınlığında, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi ilə eyni binada yerləşib. Onun sözlərinə görə, məktəb 1985-ci ildə yeni və müasir binaya köçürülüb.
Jurnalist bildirib ki, məktəbin binasının arxasında şagirdlərin səhnə təcrübəsi qazanması üçün teatr da inşa edilmişdi.
Şahverdi iddia edir ki, 1990-cı illərdə ölkədəki ictimai-siyasi vəziyyətdən istifadə edən Polad Bülbüloğlu həmin teatr binasının yerləşdiyi ərazinin satılması ilə bağlı plan həyata keçirib.
Onun sözlərinə görə, həmin dövrdə məktəbin direktoru vəzifəsində çalışan Rimma Məmmədova ərazinin satışı ilə bağlı sənədləri imzalamaqdan imtina etdiyinə görə vəzifəsindən azad edilib.
Şahverdi daha sonra Gülnarə Hüseynovanın və Kamal Həsənovun da direktor vəzifəsindən uzaqlaşdırıldığını və onların yerinə Bakı Şəhər İcra Hakimiyyətində çalışan Nilufər Kərimovanın təyin edildiyini yazıb.
Jurnalistin iddiasına görə, 2004-cü ildə Bakı Xoreoqrafiya Məktəbinin teatrının yerləşdiyi ərazi “Standart” şirkətlər qrupunun sahibi Heydər Babayevə satılıb. O, teatr binasının söküldüyünü və ərazidə 22 mərtəbəli binanın inşa edildiyini bildirib.
Şahverdi həmçinin tikinti zamanı Xoreoqrafiya Məktəbinin binasına da ziyan dəydiyini, divarlarda çatların yarandığını iddia edib.
Yazıda Nilufər Kərimovanın həmin ərazinin satılmasında göstərdiyi xidmətlərin qarşılığında sözügedən binadan iki mənzil aldığı da iddia olunur. Bununla bağlı isə yazıda hər hansı sənəd və ya rəsmi təsdiq təqdim edilmir.
Jurnalist daha əvvəl mədəniyyət obyektlərinin, o cümlədən kinoteatrların satılması ilə bağlı da Polad Bülbüloğlunu tənqid etdiyini qeyd edib.
Şahverdi həmçinin Bakı Xoreoqrafiya Məktəbinin 1962-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tabeçiliyinə verildiyini və bu tabeçiliyin hazırda da davam etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılıb.
Kamil Şahverdi yazısının sonunda Polad Bülbüloğlu ilə ailə həyatı qurduğu deyilən Eteri Leonidovna Cəfərovanın Bakı Xoreoqrafiya Akademiyasında dosent vəzifəsində çalışdığını qeyd edib. O, Cəfərovanın teatrın yerində inşa edilən binada yaşadığını və mənzilin ona Polad Bülbüloğlu tərəfindən hədiyyə edildiyinin deyildiyini iddia edib.
Qeyd: Yazıda səsləndirilən ittiham və iddialar Kamil Şahverdinin mövqeyidir. “Günün Səsi” həmin iddiaların doğruluğunu müstəqil şəkildə təsdiq etmir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.