“Mavi yanacağımızın” şəffaflığı “qara qızıl”dan kifayət qədər geri qalır - İlham Şaban
Azərbaycanda I yarımilin rəsmi statistikası açıqlanıb. Neft hasilatı, həmişə olduğu kimi, azalır, təbii qaz isə artır. Ümumilikdə, enerji daşıyıcılarının onilliklər boyu ölkəmizin həyatında oynadığı rolu nəzərə alaraq “Caspian Barrel” neft araşdırmaları mərkəzinin rəhbəri İlham Şabanla söhbət etmək qərarına gəldik.
- İlham bəy, Azərbaycanda neft erası bitirmi?
- Artıq XXI əsrin yarısının yarısını yola salmaq üzrəyik. Təqribən 14 il bundan öncə Azərbaycanın siyasi rəhbərliyi bu əsrin ölkəmiz üçün “mavi yanacaq” əsri olacağını bəyan edib. Bu da Azərbaycanın iri qaz yataqlarının işlənməsi və dünya bazarlarına çıxarılmasına hazırlıq ərəfəsində deyilmişdi. Ötən dövr ərzində görülən işlərə nəzər salsaq, bir daha aydın olar ki, atılan addımlar məhz yeni qaz yataqlarının istifadəyə verilməsi, mövcud yataqlardan çıxarılan həcmlərin artırılmasına, qaz bazarının genişləndirilməsinə, qaz ixracı coğrafiyasının daha da şaxələndirilməsinə yönəlib. Yəni ildən ilə azalan neft həcmləri o zamana qədər davam edəcək ki, olan-qalan “qara qızılın” yataqlarımızdan çıxarılması kommersiya cəhətdən hasilatçı şirkətlər üçün mənfəətli olsun.
- Bu nə vaxta təsadüf edə bilər?
- Baxır necə sayırsan və nəyi əsas götürüb proqnoz verirsən. Bu məsələ isə bir qədər yox, indidən baxanda xeyli mürəkkəbdir. Elə məsələlər var ki, onların 10, 15 və ya 20 il sonrakı vəziyyətini proqnoz etmək bəzi hallarda hətta mümkün deyil. Məsələn, indinin texniki-iqtisadi göstəriciləri ilə hesablayanda neftin maya dəyəri hər barel üçün 20 dolları aşmır, nəqletmə xərcləri və vergilər də nəzərə alınmaqla. Və nəzər yetiririk 2045-2050-ci illərə. Görürük ki, o zaman tutaq ki, 100 milyon barelədək ehtiyatımız qala bilər. Amma bu, bütün yataqlar üzrə olan ehtiyatlardır, onlar isə qeyri-bərabər bölgüdədirlər, yəni birində yarıdan çox, digərlərində xeyli az. Demək, maya dəyərləri də fərqlidir, birinin çıxarılması üçün o zaman 35-40 dollar artıqlaması ilə kifayət etdiyi halda, digər həcmlər üçün bu 50-60 və daha çox xərc tələb edə bilər. Ona görə də o zaman üçün qiymət məsələsi önə çıxır. Neftin çəlləyi 20-25 il sonra 50 dollar olacaq, ya 100 dollar, demək çətindir. Çünki qiymətə təsir edən əsas amil kimi neftin dünya enerji balansında xüsusi çəkisi və iqtisadiyyatın hansı seqmentlərində ona yüksək tələbatın olmasıdır. Son 10 ildə görürük ki, neftin nəqliyyat sektorundakı payı azalır, çünki daxili yanma mühərriklərinə alternativ çıxan nəqliyyat vasitələri bazarda öz yerini get-gedə möhkəmləndirir.
Texnoloji yeni həllər də neftin maya dəyərinə kifayət qədər təsir edən amillər sırasındadır. Təsəvvür edin ki, 2024-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqlarında sahildən idarə edilə bilən, ancaq eyni zamanda insanların da çalışdığı neft platforması işə salındı. Bundan 5 il sonra isə “Şahdəniz” yatağında işə düşəcək platformada ümumiyyətlə insan əməyi nəzərdə tutulmayıb. Hazırda Azərbaycanda çalışan bir özəl şirkət quru yataqlarında insan əməyini kəskin azalda biləcək texnologiyaların tətbiqi üzərində çalışır.
Neftin çıxarılmasının rentabelliyinə təsir edən başqa bir məsələ isə sonrakı onilliklərdə laylardan neftçıxarma əmsalını artıra bilmək imkanlarına bağlı olacaq. Məsələn, Azərbaycanın quru yataqlarında ordakı geoloji ehtiyatların yalnız 20-28%-ni çıxardıb əmtəəlik neftə çevirmək olur, AÇG kimi nəhəng blokda isə bu göstərici 50% ətrafındadır. İndi təsəvvür edin ki, 2040-cı ildə bu göstəriciləri texnoloji həllər hesabına xeyli yaxşılaşdırmaq mümkün oldu. Demək, çıxara biləcəyimiz neft də çoxalacaq.
Ona görə də bu gündən baxıb və yalnız statistik göstəricilər əsasında neft çıxarılmasının Azərbaycanda bitməsini göz altına almağımız düzgün olmazdı.
- Elə isə indiki zamanın haqq-hesabına qayıdaq. Bu il üçün Azərbaycanın dövlət büdcəsi neftin 1 barelinin 70 dollar qiymətində formalaşdırılıb. İlin I yarısında bu göstəricilər hansı səviyyədə oldu?
- Bu sualı cavablandırmazdan öncə demək istəyirəm ki, Azərbaycan mətbuatında Azeri Light markalı neftin gündəlik dərc edilən qiymətləri əsasında bu haqda yalnız təxmini mülahizə etmək mümkündür. Dərc edilən qiymətlər Azərbaycan neftinin adətən CİF müqaviləli satış dəyərini ifadə edir. Yəni Ceyhan terminalından alıcı ilə razılaşdırılmış çatdırılma terminalınadək nəqletmə və sığorta, həmçinin tankerin gündəlik icarə qiymətlərini özündə cəmləşdirir. Daha realı FOB qiymətlər üzrə satışlardır, yəni Ceyhanda tankerdə təhvil. Amma bu da büdcədə göstərilən qiyməti tam ifadə etmir. Satıcı bu zaman terminaldakı xidmətləri ödəyir (neftin çənlərdə saxlanması və tankerə vurulması- S.K), alıcı ona neftin dəyərini ödəyir. Bank xərcləri və mühasibat əməliyyatlarından sonra büdcəyə ödənilən mənfəətdə neftin 1 barelinin satış qiyməti 70 dollardan aşağı olmamalıdır.
Bu baxımdan, neftimizin real satış qiymətini faktiki olaraq hazırda Dövlət Neft Fondunun illik hesabatlarında və Hesablama Palatasının hesabatlarında görmək mümkündür.
London Əmtəə Birjasının statistikasından çıxış etsək, “Brent” markalı neftin cari ilin ilk yarısında orta qiyməti 69,7 dollar təşkil edib. Nəzərə alsaq ki, Azərbaycan nefti “Brent”dən baha satılıb, demək, hələ ötən ilin gözləntiləri özünü doğruldur.
- Elə isə ilin ikinci yarısında qiymətləri necə proqnoz etmək olar?
- Neft elə bir strateji məhsuldur ki, onun qiymətləri dünya siyasətində və iqtisadiyyatında baş verənlərlə sıx bağlıdır. Biz bunu cari ilin aprelin 2-də ABŞ prezidenti Donald Trampın dünyanın əksər ölkələrinə əlavə gömrük tarifləri tətbiq edəndən (sonra 90 gün müddətinə möhlət verilsə də, artıq yeni ticarət əlaqələrini müşahidə edirik- S.K) sonra neftin qısa zamanda kəskin ucuzlaşmasını (60-dan aşağı həddə) və iyunun 13-də İsrailin İrana hücumundan sonra 81 dollar həddinə qədər artımını müşahidə etdik. Amma görünən odur ki, artıq dünya bazarlarında 2022-ci ildə yaşanan tərzdə sıçrayışlı və uzunmüddətli artım və enmələr olmur. Çünki bazar bir tərəfdən mümkün risklərə daha yaxşı hazırlaşır (hətta İran Hörmüz boğazını qısa müddətə bağlasa belə, Avropa İttifaqının 90 günlük istehlak ehtiyatı mövcuddur), digər tərəfdən bazarlara alternativ çıxış imkanları da əvvəlki dövrlərdən fərqli olaraq artıb.
Müxtəlif mənbələrin son korrektə edilmiş proqnozlarına diqqət etsək, cari il üçün “Brent” markalı neftin orta qiymətini 67-71 dollar arasında ticarət ediləcəyini görmək mümkündür ki, bu da ümumən, Azərbaycanın dövlət büdcəsində götürülən qiymətin özünü doğruldacağını vəd edir. Amma növbəti illər üçün bütün proqnozlar neftin ucuzlaşacağı istiqamətində qurulur.
- Bu proznozdan çıxış etsək, onda Azərbaycan qaz gəlirlərinə nə dərəcədə ümidli ola bilər? Neft gəlirlərini qarşılamağa yetərli olacaqmı?
- Məsələ burasındadır ki, artıq Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlər müəyyən aylarda neft gəlirlərinə yaxınlaşa da bilir. Amma bunlar gömrük bəyannamələrinə əksini tapan statistikadır, hansılar ki, reallığı o qədər də əks etdirə bilmir. Çünki bu ayın qaz ixracı tam bəyan edilmədiyi şəraitdə növbəti ayın göstəricilərinin üstünə əlavə olunduğu halda belə şeylərin baş verməsi mümkündür. Vaxtı ilə elektrik ixracında da rekord vurulması məhz “gömrük mühasibatlığından” irəli gələn halın nəticəsi idi.
Ümumilikdə isə 2023-cü ildən Azərbaycanda hasil edilən qaz həcmləri neft ekvivalentində mavi yanacaq həcmlərini üstələyir. Yəni bunun özü maraqlı bir faktdır o baxımdan ki, neft hasilatda həcmə görə qazdan arxada qalıb.
Mən çox təəssüf edirəm ki, neftlə müqayisədə Azərbaycanın qaz statistikası və ümumilikdə, cəmiyyətə qazın gətirə biləcəyi gəlirlərlə bağlı daha az informasiya verilir. Niyə belə edilir, çətinlik çəkirəm nəsə deməyə. Bir neçə misal çəkəcəm, oxuyucular özləri də nəticə çıxara bilərlər. Məsələn, “Şahdəniz” yatağından çıxarılan qazın Azərbaycanın daxili bazarına da verilməsini çoxları bilmir. Hamıda elə təsəvvür var ki, ildə 27 milyard kubmetrdən çox hasil edilən qaz bütünlüklə xarici bazarda satılır. Xeyr, belə deyil. Son zamanlara qədər Energetika nazirliyinin açıqladığı statistikaya nəzər salsaq, görərik ki, “Şahdəniz” qazının təqribən 25%-ə qədəri daxili bazarın ehtiyaclarının ödənilməsinə yönəldilir. Azərbaycanda 2024-cü ildə daxili bazarda 13,7 mlrd kubmetr qaz istehlak olunub. Dövlət Neft Şirkətinin balansında olan yataqlar bu ehtiyacların heç yarısını belə ödəməyə yetərli olmayıb. Ona görə də, təkcə “Şahdəniz”dən deyil, həmçinin digər Hasilatın pay Bölgüsü Sazişləri üzrə də daxili bazarın ehtiyacları üçün qaz alınır. SOCAR-ın hesabatlarında daxili bazarda qaz qiymətlərinin formalaşmasında üstüörtülü olsa da, bu haqda məlumat verilir. Amma hesab edirəm ki, daha dolğun halda məlumatların ictimailəşdirilməsinə ehtiyac var.
İkinci məsələ odur ki, “Şahdəniz” layihəsi üzrə dövlətə çatan mənfəətin faiz dərəcəsi “Azəri-Çıraq-Günəşli” layihəsindən fərqli olaraq açıqlanmır. İndinin özündə belə bilinmir ki, mənfəət dövlətlə şirkətlər arasında hansı nisbət dərəcəsində bölüşdürülür. Məsələn, indiyə qədər yadımdadır ki, 2008-ci ilin iyununda Bakıda keçirilən ənənəvi neft-qaz konfransında SOCAR rəsmiləri elan etmişdilər ki, AMG-yə qoyulan kapital tam qayıtdığından artıq 75% mənfəət dövlətə çatır. “Şahdəniz” üzrə bunu ictimailəşdirmirlər və məlum deyil ki, indi hansı bölgü dərəcəsindəyik və kapitalın geri qayıtması nə zamana proqnoz edilə bilər.
Başqa bir tərəfdən, “Şahdəniz” layihəsi üzrə satılan qazın gətirdiyi gəlirlərlə bağlı da orta fikir formalaşdıracaq məlumatlar yoxdur. Məsələn, Gürcüstan üzərindən nəql edilən qazın 5% həcmi natural olaraq tranzit haqqı kimi o ölkəyə çatır. Amma mən bununla bağlı nə Gürcüstan tərəfinin, nə də konsorsiumun bir açıqlaması ilə rastlaşmamışam ki, indiyə qədər və ya ötən ilin yekunu olaraq Gürcüstan nə qədər tranzit qazı əldə edib. Bunun statistikası hökumətlərin gömrük orqanlarında necə aparılır, axı o həcm satılmır? Və yaxud qazın 1000 kubmetrinin Türkiyə üzərindən daşınması üçün “Şahdəniz” konsorsiiumu nə qədər xərclə qarşılaşır, demirəm ki, tam açıqlansın, amma satış qazının gəlirindəki faiz nisbəti ilə bəlli deyil.
Hələ bundan əlavə, Dövlət Neft Fondu cari ildən etibarən “Şahdəniz”dən dövlətə çatan mənfəət qazı və kondensatının satışından əldə edilən gəlirlərin aylıq açıqlanmasını dayandırıb. Mən bp şirkətinin rüblük hesabatlarına əsasən təxmin edə bilirəm ki, “Şahdəniz”in kapital və əməliyyat xərcləmələrinin 85-90%-ni bu yataqdan hasil edilən kondensat ixracı hesabına ödəmək olur. Digər tərəfdən isə Avropada “Eurostat”ın açıqlamaları üzrə Azərbaycan qazının satış qiymətləri haqda təsəvvürə malik olmaq olur. Biz isə Avropada ixrac qazımızın yarısını satırıq. Yəni “Şahdənizin” qazı kifayət qədər mənfəətə malikdir artıq. Elə isə 2024-cü ildə dövlətə çatan qaz payı, yəni Neft Fonduna gələn vəsait nədən cəmi 309,6 milyon dollar təşkil edib?
- Çox müəmmalı gəldi bu qaz iqtisadiyyatımız. Bu yalnız “Şahdəniz” layihəsi ilə bağlıdır, yoxsa digər qaz yataqları üzrə vəziyyət başqadır?
- “Şahdəniz”dən sonra Azərbaycanın ikinci iri qaz layihəsi “Abşeron” yatağının işlənməsidir. Burada hasilat 2 il əvvəl başlayıb. Yatağın açılmasından onun işlənməsinə qədər 11 il zaman sərf edilib, müqavilə imzalanandan isə - 14 ildən çox. Maraqlı cəhət odur ki, bp şirkəti hər rüb “Şahdəniz” layihəsi üzrə görülən işlərlə bağlı mütəmadi məlumatlar verir, hasilat, həmçinin layihəyə xərclənən vəsaitləri açıqlayır.
Amma mən bir neft-qaz eksperti kimi indiyə qədər haradasa “Abşeron” layihəsi üzrə nə kəşfiyyat dövrü üçün, nə də istismar dövrü üçün çəkilən xərclərinə rast gəlməmişəm. Çünki ictimailəşdirilməyib. Hazırda “Abşeron”un ikinci mərhələsi üzrə layihə yekunlaşmaq üzrədir və bunu Azərbaycan hökuməti təsdiq etməlidir. Bilmirəm, onun qiymətini açıqlayacaqlarmı?
Digər iri qaz layihəsi “Ümid” yatağıdır. Onun işlənməsinə 2012-ci ilin sentyabrından başlanılıb. Ötən ilin oktyabrında yataqdan ilk 10 milyard kubmetr qazın hasil edilməsi baş vermədi, ancaq bu pozitiv fakt belə ictimailəşdirilmədi. O yataqdan çıxarılan qaz tam şəkildə Azərbaycanın daxili bazarının ehtiyaclarının ödənilməsinə yönəldilir. “Ümid” yatağı üzrə 2017-ci ilin yanvarında SOCAR-la imzalanan müqavilə ictimaiyyətə yalnız həmin il aprelin sonunda məlum olub, o da Milli Məclisdə təsdiq olunmağa çıxarılarkən. Yəni deməyim odur ki, “mavi yanacağımızın” şəffaflığı “qara qızıl”dan kifayət qədər geri qalır.
pressklub.az