Almaniyada uşağı özünə qaytarılmayan valideyn Azərbaycan səfirliyinin hərəkətsizliyindən narazıdır
Almaniyada yaşayan Azərbaycan vətəndaşı Rəşad Cavadov 2025-ci ilin aprelində psixoloji müalicə almaq məqsədilə himayəsində olan 15 yaşlı qızını bu ölkədə fəaliyyət göstərən Jugendamt Uşaq və Gənclər Xidmətinə verdiyini deyir.
O, Meydan TV-yə bildirir ki, müalicəsini bir ay sonra başa vurduqdan sonra xidmətə gedərək qızını geri almaq istəyib.
İddia edir ki, xidmət uşağını ona verməyib:
“Həyat yoldaşımdan boşanmışam və 2023-cü ilin noyabrında uşağımı da götürüb Almaniyaya köçmüşəm. Uşaq mən olmadığım müddətdə tək qalmasın deyə bu quruma müraciət etdim. May ayından bu yana uşağımı almaq istəyirəm, qaytarmırlar. Deyirlər ki, biz əmin olmalıyıq ki, sənin psixoloji durumun yerindədir. Soruşanda ki, bəs nə vaxt əmin olacaqsınız? Bildirirlər ki, dəqiq tarix verə bilmirik. Uşağımı da götürüb, Azərbaycana geri qayıtmaq istəyirəm. Uşaq da onlara bildirib ki, mən atamın yanına getmək, birlikdə Azərbaycana qayıtmaq istəyirəm, lakin əhəmiyyət vermirlər”.
“Azərbaycanın Almaniyadakı səfirliyi məsələni araşdırmır”
Rəşad Cavadov deyir ki, bir neçə ay gözlədikdən sonra Azərbaycanın Almaniyadakı səfirliyinə müraciət edib.
“Bir ay öncə səfirliyə zəng etdim. Lazım olan sənədlərin onların elektron ünvanlarına göndərməyimi istədilər. Bütün sənədləri toplayıb, onların elektron ünvanlarına göndərdim. Üzərindən bir ay keçib, amma hələ də xəbər yoxdur. Gözləyirdim ki, səfirlik uşağımı qaytarar, amma heç bir hərəkət etmədilər. Mən də məcbur qalıb məsələni ictimailəşdirdim”.
Meydan TV məsələ ilə əlaqədar Jugendamt Uşaq və Gənclər Xidmətinə zəng edib, Azərbaycanın Almaniyadakı səfirliyinə sorğu göndərib. Material yayıma hazırlandığı müddət ərzində hər iki qurumdan cavab verilmədiyi üçün vətəndaşın haqlı olub-olmadığını müəyyənləşdirmək mümkün olmayıb.
Bəs qanun nə deyir?
Jugendamt – Almaniyada uşaqların rifahını və təhlükəsizliyini təmin etmək məqsədi daşıyan dövlət qurumudur və bəzi hallarda valideynlərin uşaqları ilə ünsiyyətinə və ya qəyyumluğuna müvəqqəti məhdudiyyətlər qoya bilər. Bu qərarlar adətən psixoloji qiymətləndirmə və məhkəmə qərarlarına əsaslanır. Alman qanunlarına görə isə, Jugendamt tərəfindən uşağın müvəqqəti alınması tamamilə qanunidir və valideynin hüquqları da balanslaşdırılıb. Belə olan halda valideyn aidiyyəti qurumlarla əməkdaşlıq etməlidir.