Sosial şəbəkədə biz:
Azərbaycan və Venesuela nazirləri danışıb
Xəbər Şəkli

Azərbaycan və Venesuela nazirləri danışıb

14 January 2026, 08:44
Siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Venesuelada son hadisələr, eləcə də Azərbaycanla bu ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Bildirildiyinə görə, C.Bayramov Venesuelada sülh və sabitliyin bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu bildirib: "Venesuela naziri telefon danışığı zamanı son inkişaflar barədə ətraflı məlumat verib. Venesuelada prezident vəzifələrinin müvəffəqiyyətlə icra edildiyini, dövlət qurumlarının işlək vəziyyətdə olduğunu bildirib. Nazir bununla yanaşı, ABŞ tərəfi ilə dialoqun davam etdiyini, ABŞ şirkətlərinin, xüsusilə energetika sahəsində fəaliyyətlərinin bərpa olunduğunu, səfirliklərin qarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün danışıqlar aparıldığını diqqətə çatdırıb".

Açıqlamaya görə, nazirlər Azərbaycanla Venesuela arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərin davam etdirilməsinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.