Dövlət çevrilişinə cəhd göstərən Əli Kərimli və onun dəstəsinin ifşasından narahat olan…
"Son qətnamə bir daha təsdiq edir ki, Avropa Parlamenti ikili standartlara, eləcə də qərəzli açıqlamalara əsaslanan fəaliyyətini davam etdirir. Son illər adı ciddi korrupsiya qalmaqallarında hallanan Avropa Parlamentinin Azərbaycanın inkişafından narahat olması və Azərbaycanın geosiyasi mövqeyi daha da möhkəmləndikcə qərəzli bəyanatlar, eləcə də qətnamələr qəbul etməsi artıq praktikaya çevrilib".
Bunu parlamentdə çıxışı zamanı deputat Vüqar Bayramov bildirib.
"Mütəmadi olaraq biz Avropa Parlamenti tərəfindən belə qərəzli və ikili standartlara əsaslanan qətnamələrin qəbul edilməsini və yayılmasını müşahidə etmişik. Təbii ki, bu qətnamələr kağız parçasından başqa bir şey deyil və sözsüz bu, Azərbaycanın inkişafına və eyni zamanda geosiyasi mövqeyinə təsir göstərə bilməz.
Çox maraqlıdır ki, dövlət çevrilişinə cəhd göstərən Əli Kərimli və onun dəstəsinin ifşasından narahat olan Avropa Birliyi praktik olaraq uzun müddət məcburi köçkün və qaçqın həyatı sürmüş Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı hər hansı bir qətnamə qəbul etmədi.
İşğaldan azad olunmuş əraziləri təmsil edən millət vəkili olaraq, uzun müddət məhz məcburi köçkün həyatı sürən vətəndaşlarımızın qayğıları ilə bağlı Avropa Parlamentinin bir dəfə də olsun qətnamə qəbul etməməsini və bu məsələyə diqqət ayırmamasını xüsusilə qeyd etmək istərdim.
Çünki bu bir daha təsdiq edir ki, Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyi kifayət qədər qərəzlidir, ikili standartlara əsaslanan bir mövqedir və bu birbaşa Azərbaycanın inkişafına qarşı olan bir mövqedir" - deyə millət vəkili bildirib.