Sosial şəbəkədə biz:

Gürcüstanda SOCAR-ın Kulevi terminalı yaxınlığındakı zavod Aİ sanksiyalarına düşdü

Gürcüstanda SOCAR-ın Kulevi terminalı yaxınlığındakı zavod Aİ sanksiyalarına düşdü
Xəbər Şəkli
25 July 2026, 09:39
Siyasət

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiya paketi çərçivəsində Gürcüstanın Kulevi qəsəbəsində fəaliyyət göstərən və Rusiya xam neftini emal edən neft emalı zavoduna qarşı məhdudiyyətlər tətbiq edib.

Aİ Şurasının açıqlamasına əsasən, neft sektoruna yönəlmiş yeni tədbirlər çərçivəsində Rusiyada fəaliyyət göstərən üç neft emalı zavodu, Belarusdakı iri neft emalı zavodu, Belarus neft məhsullarının Rusiyada satışı üçün yaradılmış şirkət, eləcə də üçüncü ölkələrdə Rusiya neftini emal edən müəssisələr məhdudiyyətlərə məruz qalıb.

Bu çərçivədə Kulevidə fəaliyyət göstərən “Black Sea Petroleum” şirkətinin idarə etdiyi neft emalı zavodu ilə əməliyyatlara qoyulan qadağa altı ay sonra qüvvəyə minəcək. Aİ bildirib ki, bu müddət ərzində müəssisə Rusiya mənşəli xam neftdən imtina edərsə, Avropa Komissiyasının qiymətləndirməsindən sonra onun sanksiya siyahısında saxlanılıb-saxlanılmaması yenidən nəzərdən keçirilə bilər.

Aİ-nin məlumatına görə, hazırda zavod neft məhsulları istehsalında əsasən Rusiya xam neftindən istifadə edir. Bununla belə, “Black Sea Petroleum” daha əvvəl yaydığı açıqlamada 2026-cı ilin avqust-sentyabr aylarından etibarən emalda tamamilə qeyri-Rusiya mənşəli xam neftə keçməyi planlaşdırdığını bildirib.

Yeni sanksiyalar çərçivəsində Aİ, həmçinin Rusiya xam nefti və neft məhsullarının alınmasına qoyulan qadağanın pozulmasında iştirak etdikləri əsas gətirilən daha beş neft treyderini də sanksiya siyahısına əlavə edib.

Geostatın məlumatına görə, 2026-cı ilin ilk yarısında Gürcüstana 202 milyon ABŞ dolları dəyərində xam neft idxal olunub və bunun 99 faizdən çoxu Rusiyanın payına düşüb. Xam neft idxalının həcmi ölkədə “Black Sea Petroleum”-un neft emalı zavodu fəaliyyətə başladıqdan sonra əhəmiyyətli dərəcədə artıb.

Qeyd edək ki, 2006-cı ildə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) tikintisi davam edən Kulevi neft terminalını satın alıb və terminal hazırda da SOCAR tərəfindən idarə olunur. Lakin Aİ-nin 21-ci sanksiya paketi SOCAR-ın Kulevi terminalına deyil, “Black Sea Petroleum”un idarə etdiyi Kulevi neft emalı zavoduna şamil edilir.