“Hamısı qanuni hədəf olacaq”: Lavrov Avropanı açıq hədələdi
Rusiya Avropa ölkələrinin Ukraynaya hərbi kontingent göndərməsi ehtimalına sərt reaksiya verib. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa hərbçiləri Ukraynada peyda olacağı təqdirdə Rusiya Silahlı Qüvvələri üçün “qanuni hədəf” sayılacaqlar.
Lavrov bu barədə TASS agentliyinə müsahibəsində danışıb. Onun sözlərinə görə, bəzi Avropa siyasətçilərinin ambisiyaları reallıq hissini tamamilə kölgədə qoyub.
Rusiya XİN rəhbəri bildirib ki, Avropada “istəklilər koalisiyası” formatında Ukraynaya qoşun göndərilməsi ilə bağlı müzakirələrin davam etməsi bu məsuliyyətsiz yanaşmanın açıq göstəricisidir. Lavrov vurğulayıb ki, bu siyasətçilər təkcə ukraynalıların deyil, görünür, öz xalqlarının taleyini də düşünmürlər.
“Biz bunu yüz dəfə demişik: əgər Avropa ölkələrinin hərbi kontingentləri Ukraynada peyda olarsa, onlar silahlı qüvvələrimiz üçün qanuni hədəf olacaq”, – deyə Lavrov açıq xəbərdarlıq edib.
Müşahidəçilər hesab edirlər ki, Lavrovun bu açıqlaması Moskvanın Qərbə ünvanladığı ən sərt siqnallardan biridir və Avropa ölkələrinin Ukrayna müharibəsində birbaşa hərbi iştirak ehtimalına qarşı qırmızı xətlərin açıq şəkildə çəkildiyini göstərir. Bu bəyanat fonunda Avropada səslənən “qoşun göndərilməsi” ideyalarının necə davam edəcəyi ciddi sual altındadır.
Musavat.com