Aysberqin yalnız kiçik bir hissəsi suyun üzərində görünür. Əsas kütləsi isə suyun altındadır.
Mən Azərbaycanda son vaxtlar gedən hicab mübahisəsinə də bu bənzətmə ilə baxıram.
Təsəvvür edin: məktəbli bir qız hicab taxmaq istəyir. Yaxud bir qadın müəllimə başını örtür. İlk baxışda burada qeyri-adi heç nə yoxdur. İnsan inanclıdır, dini geyim seçir. Bu, onun şəxsi etiqadı ilə bağlı məsələdir.
Amma sual budur: hicab məsələsini siyasi mübarizəyə çevirən bəzi dini təşkilatların məqsədi yalnız bundan ibarətdirmi?
Türkiyədə Azərbaycanla bağlı hicab aksiyalarına qoşulan Köklü Değişim platformasının müdafiə etdiyi xilafət ideyasına nə deyirsiz? Bu çevrələrdə tanınan Abdullah İmamoğlu yazır:”Xilafət sadəcə siyasi seçim deyil, şəriətin tələb etdiyi zərurətdir.”
Deməli, burada söhbət yalnız bir qızın hicab taxmaq hüququndan getmir. Müəyyən dini-siyasi hərəkatların daha geniş məqsədi var: dövlətin idarəçiliyini dini qanunlar əsasında yenidən qurmaq.
Mənim aysberq bənzətməm də məhz bu siyasi layihələrə aiddir, hicab taxan hər bir qadına yox.
İndi təsəvvür edin ki, dini tələblər dövlət təhsilinin təşkilinə tətbiq olunur. Əvvəlcə deyilir ki, universitetlərdə cümə namazı vaxtına dərs salınmasın. Bəs sonra?
Hansı məzhəbin ibadət qaydaları əsas götürüləcək? Şiələrin, sünnilərin, yoxsa onların daxilindəki müxtəlif hüquq məktəblərinin?
Bəs namaz qılmayanlar? Xristianlar, yəhudilər, ateistlər və başqa dünyagörüşünə malik insanlar?
Dövlət hamısının dövlətidir, yoxsa yalnız müəyyən dini təfsirin tərəfdarlarının?
Şəriət deyəndə də vahid və hamının eyni cür qəbul etdiyi hüquq sistemindən danışmırıq. Sünni və şiə hüquq məktəbləri arasında ciddi fərqlər var.
Məsələn, İranda siğə — müvəqqəti nikah — qanunla tanınır. On iki imam şiə fiqhində qəbul edilən bu nikah formasını sünni hüquq məktəbləri qəbul etmir.
Əgər Azərbaycanda şəriət qanunları tətbiq olunmalıdırsa, siğə də qanuni nikah kimi tanınmalıdırmı? Bəs miras, boşanma, qadın və kişi hüquqları hansı dini qaydalarla tənzimlənəcək?
Bunlar nəzəri suallar deyil. Dövlətin hüquq sistemi haqqında konkret suallardır.
İran, Səudiyyə Ərəbistanı və Əfqanıstan nümunələri də göstərir ki, dinin dövlət qanunvericiliyində üstün mövqe tutması insan hüquqları, xüsusilə qadın azadlığı baxımından ciddi problemlər yarada bilər. Bu ölkələrin siyasi sistemləri fərqli olsa da, dini qaydaların məcburi tətbiqinin nəticələri bir birindən eybəcərdir.
Avropa dövlətlərinin tarixi inkişafından çıxan mühüm dərslərdən biri isə budur: dövlət bütün vətəndaşların hüquqlarını onların dini mənsubiyyətindən asılı olmayaraq qorumalıdır. Yəni dövlət dindən ayrı olmalıdır…
Elbəyi Həsənli