Sosial şəbəkədə biz:
Naxçıvan təkcə iqtisadi və sosial deyil, həm də siyasi-ideoloji baxımdan ciddi risklərlə üz-üzədir
Xəbər Şəkli

Naxçıvan təkcə iqtisadi və sosial deyil, həm də siyasi-ideoloji baxımdan ciddi risklərlə üz-üzədir

04 July 2026, 19:44
Siyasət

Vəzifədə olanda niyə yazmırdın?...Əvvəla, mən elə də yüksək vəzifə tutmamışam. Bəlkə də işlədiyim yerlər bəzi insanlara böyük görünür.
Sabiq Ali Məclis sədri Vasif Talıbovun dövründə onun sərəncamı ilə iki dəfə seçkili mühüm vəzifəyə təyin olunmuşdum. Həmin qurum ləğv edildikdən sonra rotasiya qaydasında yenidən "Şərq qapısı" qəzetinə qayıtdım.
Bu gün də Naxçıvanda işləyirəm. Hətta ilk dəfədir ki, mərkəzi icra hakimiyyəti orqanına tabe olan bir qurumda şöbə müdiri vəzifəsində çalışıram. Buna baxmayaraq, yenə də yazıram. Ola bilsin ki, buna görə yenə təzyiqlərlə üzləşim, hətta işlədiyim yerdən uzaqlaşdırılmağım üçün cəhdlər olsun. Qadın jurnalist kimi belə halları dəfələrlə yaşamışam.
Məni daha çox təəccübləndirən isə bəzi insanların hadisələri araşdırmadan, məhəllə dedi-qoduları əsasında hökm verməsidir. Ola bilsin ki, bu gün dediklərimi hamı tam anlamır. Amma inanıram ki, vaxt gələcək, Naxçıvanın gələcəyi ilə bağlı etdiyim xəbərdarlıqların səbəbi daha aydın görünəcək.
Çünki mən hesab edirəm ki, Naxçıvan təkcə iqtisadi və sosial deyil, həm də siyasi-ideoloji baxımdan ciddi risklərlə üz-üzədir. Bu barədə ayrıca yazacağam.
İndi isə fakta keçək.
Ceyhun Cəlilovla bağlı paylaşdığım status 2024-cü ilin aprel ayında yazılmışdı. Həmin vaxt da "Şərq qapısı" qəzetinin baş redaktoru idim.
Hələ o zaman Ceyhun Cəlilov və komandasının mediaya göstərdiyi təzyiqlər barədə açıq yazmışdım. Həmin statusun sildirilməsi üçün indiki maliyyə naziri Sahil Babayevin ətrafındakı bəzi şəxslər ciddi cəhd göstərirdilər. Ceyhun Cəlilovun təşəbbüsü ilə Ali Məclisə çağırılıb xəbərdarlıq aldım. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimova
 ərizə ilə müraciət etmək istədim. Lakin Anar müəllimin təkidi ilə bu fikrimdən daşındım.
Həmin statusun bəzi şəxsləri narahat etməsi təsadüfi deyildi. Çünki bir neçə gün sonra sənədlər lazımi qaydada yoxlanılmadan, müəyyən dairələrin istəyi ilə Ceyhun Cəlilovun Baş nazir vəzifəsinə təqdim olunması prosesi gedirdi.
Ədalət naminə onu da deməliyəm ki, Ceyhun Cəlilov Baş nazir olduqdan sonra müəyyən müddət qəzetə dəstəyini əsirgəmədi. Lakin sonradan bunun da müəyyən məqsədlərə xidmət etdiyi aydın oldu.
Sonrakı mərhələdə onun Baş nazir kimi fəaliyyəti ilə bağlı bir deputatın sessiyada tənqidi çıxışı redaksiya üçün ciddi problemə çevrildi. Bir tərəfdən "dərc edin", digər tərəfdən isə "silin" göstərişi verilirdi. Bu ziddiyyətli tapşırıqlar səbəbindən gecə saatlarınadək hansı qərarı verməli olduğumu bilmirdim.
Ceyhun Cəlilov səlahiyyətli nümayəndə təyin olunduqdan sonra isə həmin məsələ ilə bağlı arayışlar tələb edildi.
Halbuki cəmi üç gün əvvəl cənab Prezidentin qəbulunda iştirak etmiş, mühüm tapşırıqlar almışdı. Belə bir məsuliyyətin yükünü daşımaq, dövlətin etimadını doğrultmaq əvəzinə, kreslosunda oturub Sara Əzimovadan necə intiqam almağın yollarını axtarırdı. Dövlətin etimadını şəxsi hesablaşmalara sərf etmək heç vaxt sağlam idarəçilik nümunəsi sayıla bilməz.
Hətta məndən onun haqqında tərif dolu yazılar yazmağımı gözləyirdi. Mən bunu etmədikcə diqqəti daim sosial media səhifələrimdə qalır, hər paylaşımımı izləyirdi. İstədiyini görmədikcə isə daha da qəzəblənir, münasibəti getdikcə şəxsi müstəviyə keçirirdi.
Bizi qoruyan oldumu? Təəssüf ki, olmadı.
Amma mən cənab Prezidentə inanıram.
Təəssüf ki, hazırda səsimizi lazımi ünvana çatdırmaq hər zaman mümkün olmur. Bu gün şəxsi söhbətlərdə zəng edib "haqlısan", "halal olsun" deyənlər az deyil. Amma çox az adam eyni sözləri açıq şəkildə deməyə cəsarət edir. Belə olduqca rəhbər postunu layiqincə yerinə yetirməyənlər daha da güclənir. Əziyyətini isə dövlətə vicdanla xidmət etmək istəyən insanlar çəkir.
Bu gün mənim yerimə təyin olunan şəxs Ceyhun Cəlilovun yaxın dostudur və onun bütün istəklərini yerinə yetirir. Mənim iş prinsipim isə həmişə neytrallıq və dövlətçilik üzərində qurulub. Rəhbərlik etdiyim dövrdə də redaksiyanın fəaliyyətini yalnız Ali Məclisin müəyyən etdiyi qaydalar çərçivəsində təşkil etmişəm.
Əminəm ki, ölkə başçısı bütün bu məsələlərin təfərrüatını bilsəydi, dövlət maraqlarını deyil, şəxsi ambisiyalarını ön plana çəkən şəxslərə müvafiq hüquqi və siyasi qiymət verilərdi.
Kənardan danışmaq asandır. Amma intriqalara söykənən idarəçilik sistemində işləmək heç də asan deyil. Rəhbərliyin diqqəti dövlət üçün vacib məsələlərə deyil, şəxsi hesablaşmalara yönəlirsə, böyük nəticələr gözləmək çətindir.
Mən belə idarəçilik yanaşmasını dünən də qəbul etməmişəm, bu gün də etmirəm və bundan sonra da etməyəcəyəm.
P.S. Statuslarımı iş vaxtında deyil, işdənkənar saatlarda, qeyri-iş günlərində və şəxsi internetim vasitəsilə paylaşıram. Bunu xüsusilə qeyd edirəm ki, sonradan "iş vaxtı sosial şəbəkədə paylaşım edib" kimi əsassız iradlar və ya arayış tələbləri üçün bəhanə axtarılmasın.
Naxçıvanda yeni idarəçilik trendi yaranıb – kimdən nə barədə arayış almaq.

Sara Əzimova, jurnalist