Parlament cəzaları və cərimələri sərtləşdirən qanun layihələrini qəbul edib
Milli Məclis keçirilən iclasında inzibati xətalar və cinayət məsuliyyəti ilə bağlı cərimələrin artırılmasını və mədəni sərvətlərin qorunması üzrə qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihələrini birinci oxunuşda qəbul edib.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, fiziki zorakılıq və ya əmlaka zərər olmadan cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq sayılacaq və 50–100 manat cərimə və ya 15 günədək inzibati həbs tətbiq olunacaq.
İnternet və sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, qeyri-etik ifadə və jestlərə görə 500–1000 manat cərimə və ya 30 günədək inzibati həbs nəzərdə tutulur. Bu xətanın təkrar törədilməsi 1000–2000 manat cərimə və ya 1–2 ay inzibati həbslə cəzalandırılacaq.
Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif olunan dəyişikliklə internetdə qadağan olunan informasiyaların siyahısı genişləndirilir. Layihəyə əsasən, ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən, əxlaqsız ifadə və jestləri, eləcə də milli-mənəvi dəyərlərə zidd bədən təsvirlərini əks etdirən məlumatların internetdə kütləvi nümayişinə yol verilməməlidir.
İclasda müzakirəyə çıxarılan daha bir dəyişikliyə əsasən, internet və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə seks işçiliyinə açıq çağırışlar edən və ya bununla bağlı sövdələşmə edən şəxslər 500 manat cərimə olunacaq.
Bildirilib ki, “Qanun layihəsi sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə uyğun olmayan paylaşımların, cəmiyyətə hörmətsizlik və mənfi təsirin qarşısını almağa yönəlib, xüsusilə yeniyetmə və gənclərin qorunması məqsədi daşıyır”.
Həmçinin Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin gəlir əldə etməklə vəkil adından və onun istifadəsi ilə bağlı ifadələrdən istifadə etməsinə görə fiziki şəxslər 200–300 manat, vəzifəli şəxslər isə 600–800 manat cərimə olunacaq.
Milli mədəni irsin qorunması ilə bağlı cərimələr artırılır. Dəyişikliyə əsasən, mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin qanunsuz olaraq ölkə ərazisindən aparılmasına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 6 min, hüquqi şəxslər isə 20 min manat cərimə ediləcək. Bu əməllər nəticəsində mədəni sərvətlərə 3 min manata qədər ziyan vurulduqda isə cərimələr daha da artırılaraq müvafiq olaraq 5 min, 10 min və 30 min manat olacaq.
Mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin icazəsiz başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığına ziyan verən tikinti, bərpa, rekonstruksiya və abadlaşdırma işlərinə görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 6 min, hüquqi şəxslər 20 min manat cərimə olunacaq.
Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin icazəsiz sökülməsi, məhv edilməsi, parçalanması və ya zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər 1 500, vəzifəli şəxslər 3 min, hüquqi şəxslər isə 10 min manat cərimələnəcək.
Tarix və mədəniyyət abidələrinin qorunması tələblərinin pozulmasına görə fiziki şəxslər 700, vəzifəli şəxslər 1 000, hüquqi şəxslər isə 3 min manat cərimə ediləcək. Bu pozuntular nəticəsində az miqdarda ziyan dəyəndə isə cərimələr 5 min, 10 min və 30 min manat olacaq. Eyni xətanın bir il ərzində təkrarlanması hallarında cərimələr fiziki şəxslər üçün 1 000, vəzifəli şəxslər üçün 1 500, hüquqi şəxslər üçün 6 min manat olacaq.
Həmçinin, inşaat və digər işlər zamanı tarix və mədəniyyət abidəsi aşkar edildikdə işləri dayandırıb müvafiq orqana məlumat verməmək, habelə, aşkar edilmiş abidələri dövlətə təhvil verməmək fiziki şəxslər üçün 200, vəzifəli şəxslər üçün 400, hüquqi şəxslər üçün isə 3 min manat cərimə ilə nəticələnəcək.
Motodəbilqə ilə bağlı qaydalar da sərtləşdirilib. Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edən, yaxud belə sərnişinləri daşıyan şəxslər 40 manat cərimə ediləcək.