“Ermənistan və Azərbaycan arasında bir neçə min itkin şəxsin taleyinin müəyyənləşdirilməsi məsələsi hələ də həll olunmayıb”.
Bunu sentyabrın 25-də Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycanla əməkdaşlıq etmək barədə razılığa gəlinib:
“Ermənistan Azərbaycanla minalardan təmizləmə məsələlərində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırdır. Əlbəttə ki, Ermənistanda da münaqişə nəticəsində Azərbaycanda həbsdə olan ermənilərin geri qaytarılması gözlənilir”.
Paşinyan həmçinin deyib ki, hər iki ölkədə bəzi dairələrin, bəzən isə rəsmi şəxslərin qarşıdurma ritorikasından istifadə etməsi sülh prosesinə mənfi təsir göstərir və pessimizmi artırır:
“Düşünürəm ki, Ermənistan və Azərbaycan olaraq, bizim üçün qarşıdurma ritorikasından – istər tarix, istər tarixi-mədəni abidələr, istərsə də başqa məsələlərlə bağlı olsun – istifadə etməkdən daha dəyərli sayılmalı olan kifayət qədər nəticələr əldə etmişik”, – deyə o bildirib.