“Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavab verəcək” – DEPUTAT
“Azərbaycan xalqı çox gözəl bilir ki, Ramiz Mehdiyev kimi yüzlərlə cılız və hakimiyyət hərisləri olsa belə, iki yüz illik dünya erməniliyini, erməni lobbisini və işğalçı Ermənistanın arxasında dayanan super gücləri 44 gün ərzində məğlub edən Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu qarşısında çox acizdirlər”.
Bunu millət vəkili Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
“Azərbaycan xalqı hətta ölkəmizin ən çətin günlərində - 1994 və 1995-ci illərdəki dövlət çevrilişi cəhdləri zamanı belə Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sarsılmaz birlik nümayiş etdirib. Dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkli əməlləri ilə həm də dövlətimizin qurucusu, bütün həyatını Azərbaycan xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət etmiş Heydər Əliyevə, Azərbaycan xalqını dünyada qalib xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizə böyük imic qazandıran İlham Əliyevə, eləcə də azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçmiş əziz şəhidlərimizin ruhuna xəyanət ediblər”, – deputat vurğulayıb.
M. İbrahimqızı əmin olduğunu bildirib ki, Azərbaycan xalqı və gələcək nəsillər bu xəyanəti heç vaxt bağışlamayacaq: “Şübhəsiz ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə və dövlət başçısına xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavab verəcək. Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə və Prezidentinə inanır, güvənir və hər zaman onun ətrafında sarsılmaz birlik nümayiş etdirir. Bu birlik belə də davam edəcək”.