"Son proseslər regionda yeni siyasi reallıqlar formalaşdırıb" - DEPUTAT
"Cənubi Qafqazda baş verən son proseslər regionda yeni siyasi reallıqlar formalaşdırıb. Xüsusilə postmüharibə dövründə beynəlxalq təşkilatların fəaliyyəti, böyük dövlətlərin yanaşması və sülh prosesi ilə bağlı məsələlər yenidən geniş müzakirə olunur. Azərbaycan isə bu proseslərdə həm regional təhlükəsizliyin, həm də beynəlxalq hüququn əsas təminatçılarından biri kimi çıxış edir".
Bu sözləri AMİP sədri, millət vəkili Arzuxan Əlizadə Azinforum.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, uzun illər ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində real nəticə ortaya qoya bilmədi və faktiki olaraq işğalın davam etməsinə şərait yaratdı. Onun sözlərinə görə, həmsədr ölkələr olan ABŞ, Rusiya və Fransa beynəlxalq hüquqdan danışsalar da, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası ilə bağlı ciddi mövqe nümayiş etdirmədilər.
Arzuxan Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev bu həqiqətləri illər ərzində beynəlxalq tribunalarda açıq şəkildə səsləndirib və ikili standart siyasətini sərt tənqid edib. Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz gücü hesabına beynəlxalq hüququ təmin etdi və regionda yeni reallıq formalaşdırdı:
"İllərlə “münaqişənin hərbi həlli yoxdur” deyən dairələr Azərbaycanın qələbəsindən sonra tamamilə fərqli vəziyyətlə üz-üzə qaldılar. İşğal dövründə şəhər və kəndlərimizin dağıdılması, mədəni irsin məhv edilməsi, qanunsuz məskunlaşma siyasəti isə beynəlxalq vasitəçilər tərəfindən lazımi şəkildə qiymətləndirilmədi".
Arzuxan Əlizadə Ermənistanın bu gün də xarici güclərin təsiri altında siyasət apardığını bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan müxtəlif dövrlərdə fərqli güc mərkəzlərinin maraqlarına xidmət edib və hazırda Fransanın regiondakı planlarının əsas alətlərindən birinə çevrilib. Deputat Fransanın neokolonial siyasətinin Cənubi Qafqaza daşınmağa çalışıldığını qeyd edib: "Makronun regionla bağlı açıqlamaları və davranışları reallığı əks etdirmir və sülh prosesinə xidmət etmir".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Türkiyə liderlərinin qətiyyətli mövqeyi regionda yeni siyasi gündəliyi müəyyənləşdirir:
"Azərbaycan bölgədə davamlı sülhün əsas təşəbbüskarıdır. Ermənistan isə müxtəlif beynəlxalq platformalarda imitasiya xarakterli addımlarla fərqli görüntü yaratmağa çalışır".
Deputat əlavə edib ki, bölgədə xarici missiyaların fəaliyyəti bəzən etimadı artırmaq əvəzinə əlavə gərginlik yaradır:
"Dünyada baş verən müharibələr, enerji və ərzaq böhranı fonunda Azərbaycandakı sabitlik xüsusi əhəmiyyət daşıyır. Dövlətin həyata keçirdiyi siyasət nəticəsində ölkədə təhlükəsizlik və inkişaf mühiti qorunur və Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən etibarlı dövlət kimi mövqeyini daha da gücləndirir".