Sosial şəbəkədə biz:
Ukraynalı uşaqlar Azərbaycanda reabilitasiya keçəcək
Xəbər Şəkli

Ukraynalı uşaqlar Azərbaycanda reabilitasiya keçəcək

20 April 2026, 08:31
Siyasət

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana gəlib.

Bu barədə Ukraynanın Bakıda səfiri Yuriy Qusev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, 2026-cı ildə artıq üçüncü dəfə təşkil olunan səfər çərçivəsində 29 uşaq və 3 müşayiətçi Azərbaycana gəlib. Qrup Çerniqov vilayətindəki İvanovka liseyinin şagirdlərindən ibarətdir.

Diplomat qeyd edib ki, bu proqram uşaqlara psixoloji sağlamlıqlarına qovuşmağa, peşəkar tibbi-psixoloji yardım almağa, eyni zamanda təhlükəsiz mühitdə qayğı və diqqət imkanı yaradır.

Səfirin sözlərinə görə, Rusiya–Ukrayna müharibəsi başlayandan bu yana Azərbaycanda ümumilikdə 545 ukraynalı uşaq reabilitasiya və sağlamlıq proqramlarından yararlanıb.

“Bu, sadəcə rəqəmlər deyil, xalqlarımız arasında həmrəylik, dəstək və dostluğun real təzahürüdür. Azərbaycanın rəhbərliyinə, xalqına və bu prosesdə iştirak edən hər kəsə təşəkkür edirik”, – deyə Yuriy Qusev bildirib.
AzVision.az