Əhalinin borc yükü gəlir artımını qabaqlayır
2025-ci ilin I yarısında Azərbaycanda əhalinin borc yükü artıb. Mərkəzi Bankın açıqladığı “Maliyyə Sabitliyi – 2025: I yarımil” adlı hesabatda bildirilir ki, borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti ilin əvvəli ilə müqayisədə 0,5 faiz bənd artaraq 18.5 faizə çatıb.
Hesabata əsasən, borc yükü 2024-cü ildə 18 faiz, 2023-cü ildə 15,8 faiz, 2022-ci ildə isə 14,5 faiz təşkil edib. Beləliklə, son dörd ildə əhalinin borclanması 4 faiz bənd artıb.
Qeyd edək ki, “borc yükü” əhalinin gəlirlərindən vergi və sosial sığorta ödəmələri çıxıldıqdan sonra sərəncamında qalan vəsaitin kredit ödənişlərinə yönəldilən hissəsidir. Bura banklar və bank olmayan kredit təşkilatları tərəfindən verilən istehlak və ipoteka kreditləri daxildir.
Son 4 ildə əhalini gəlirlər cəmi 21 faiz, borcu isə 1,6 dəfə artıb
Mərkəzi Bankın hesabatına əsasən, banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri göstərir ki, bazar payına görə bankların 49 faizi əhalinin borclanmasında dəyişiklik olmadığını, 50 faizi isə orta dərəcədə artım müşahidə etdiyini bildirib.
Açıqlanan məlumatlarda isə göstərilir ki, 2025-ci ilin I yarısında əhalinin sərəncamında adambaşına orta hesabla 14 min manat vəsait qalıb və onun 18,5 faizi kredit ödənişlərinə yönəldilib. Müqayisə üçün, 2024-cü ildə adambaşına 13,6 min manat (aylıq təqribən 2260 manat) qalıb və onun 18 faizi kreditlərə sərf edilib. 2023-cü ildə 13,2 min manatın 15,8 faizi, 2022-ci ildə isə 11,6 min manatın 14,5 faizi kredit ödənişlərinə ayrılıb.
Beləliklə, son dörd ildə əhalinin sərəncamında qalan pulun artımı cəmi 21 faiz təşkil etdiyi halda, banklara borclanma 1,6 dəfə yüksəlib. Bu, əhalinin maliyyə yükünün ağırlaşdığını və gəlirlərdəki artımın borcların artımı ilə müqayisədə daha zəif olduğunu göstərir. Başqa sözlə, borc gəlirlərə nisbətən daha sürətlə böyüyür.
Nəticədə ev təsərrüfatları getdikcə daha çox kredit asılılığına düşür. Gəlirin daha böyük hissəsinin borclara yönəlməsi isə sərbəst istehlak imkanlarını azaldır, həyat keyfiyyətini aşağı salır.
İqtisadçı-ekspert Xalid Kərimli Meydan TV-yə açıqlamasında bildirir ki, əhalinin nominal gəlirlərinin artımı ilə müqayisədə bankların kredit portfeli daha sürətlə böyüyür:
“Bankların son illərdə kredit portfeli hər il 18-20 faiz, bu il 11-12 faiz civarında artıb. Burada istehlak kreditlərinin payı daha yüksəkdir. Gələn ilin proqnozlarında da istehlak kreditlərinin artım tempinin daha yüksək olacağı gözlənilir. Amma əhalinin nominal gəlirlərinə baxdıqda, bu artım nisbətən zəifdir. Adambaşına düşən nominal gəlir ötən il 5,6 faiz, bu ilin ilk 8 ayında isə 7 faiz artıb. Yəni gəlirlər orta hesabla 6-7 faiz artır, bankların kredit portfeli isə 15-20 faiz. Nəticədə, əhalinin borclanma yükü də artır”.
Ekspertin sözlərinə görə, bu vəziyyət hələ ki kritik hədd hesab edilmir:
“Qonşu ölkələrlə müqayisədə Azərbaycanda kredit yükü daha azdır. Bank aktivlərinin ÜDM-ə nisbətini Gürcüstan və Ermənistanla müqayisə etdikdə bəzən 50-60 faizlik fərq var. Bu, həmin ölkələrdə bank sektorunun məhsullarının həm kreditlərdə, həm də digər əməliyyatlarda daha geniş yayılmasından xəbər verir. Mərkəzi Bank rəhbərliyinin iqtisadçılarla görüşlərində də Azərbaycanda bank sektorunun göstəricilərinə görə daha zəif olmasını müzakirə etrmişik. Müzakirələr zamanı bunun bir neçə səbəbi ortaya çıxdı. Birincisi, bank fəaliyyətinə tətbiq edilən sərt qaydalar və tənzimləmələrdir. İkinci səbəb iqtisadiyyatın şəffaflığı ilə bağlıdır. Qonşu dövlətlərlə müqayisədə bizdə qeyri-rəsmi iqtisadiyyat daha yüksəkdir. Üçüncü məqam isə iqtisadiyyatın strukturu ilə əlaqədardır. Azərbaycanda əsas dəyər enerji sektorunda yaradılır və bu sahənin maliyyə imkanları zəif deyil”.
X.Kərimli hesab edir ki, Mərkəzi Bank risklərin azaldılması istiqamətində müəyyən addımlar atır:
“Məsələn, vətəndaşların borclanmasına limit qoyulub. Aylıq borc ödənişi aylıq gəlirin 45 faizindən çox olmamalıdır. Bu, borc-gəlir nisbəti adlanır. Eləcə də, kredit kartlarının limiti əməkhaqqının 5 misli ilə məhdudlaşdırılıb. Bu tədbirlər əhalinin həddən artıq borclanmasının qarşısını almağa yönəlib.
Hələ ki problem kəskin fazada olmadığına görə, mövcud vəziyyətlə bağlı risklərin çox olduğunu deyə bilmərik. Amma nəzəri baxımdan, kreditlərin sürətlə artması tələbatı yüksəldərək inflyasiyaya səbəb ola, gələcəkdə isə problemli kreditlərin çoxalmasına və maliyyə sektoru üçün əlavə risklərə gətirib çıxara bilər”.
Əhalinin borcunu ödəmə qabiliyyəti aşağı düşür, problemli kredirlər artır
Yeri gəlmişkən, 2025-ci il 1 avqust tarixinə maliyyə təşkilatları tərəfindən kredit qoyuluşları ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 30 milyard 257 milyon manata çatıb. Həmin kreditlərin 530 milyon manatı isə problemli kreditlərdir.
Qrafikə əsasən, 2025-ci ilin birinci yarısında problemli kreditlərin artım tempi daha yüksək olub. Fevral-iyun aylarında problemli kreditlərdə ayda orta hesabla 4,2 faizlik artım müşahidə edilib. Ən yüksək artım isə aprel-iyun aylarında qeydə alınıb. İlin ikinci yarısında isə artım tempi nisbətən zəifləyib. Belə ki, iyul-avqust aylarında problemli kreditlərin artımı cəmi 0,3–0,4 faiz təşkil edib.
Ümumiyyətlə, ötən illə müqayisədə problemli kredirlərin artması əhalinin borcunu ödəmə qabiliyyətinin aşağı düşməsini göstərir.
Mərkəzi Bankın hesabatında qeyd edilir ki, bank sektoru üzrə kredit riskləri hələ də idarəolunan səviyyədədir. 2025-ci ilin ilk yarımilində qeyri-işlək kredit portfeli mütləq ifadədə 20,1 faiz (132 milyon manat) artaraq 787 milyon manata çatıb. Qeyri-işlək portfeldə artımın 75 milyon manat hissəsini istehlak kreditləri, 56 milyon manat hissəsini biznes kreditəri, 1 milyon manat hissəsini isə ipoteka kreditləri hesabına baş verib. Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payı yarımil ərzində 0.4 faiz bənd artaraq 2.8 faiz təşkil edib.
Dövrü hesabata görə, 2025-ci ilin ilk 6 ayı ərzində bank sektoru üzrə 56,7 mlilyon manat məbləğində silinmə baş verib. Silinmələr əsasən istehlak portfeli üzrə olub. Belə ki, dövr ərzində silinmələrin 61,1 faizi (34,61 mlilyon manat) istehlak portfeli üzrə, 38,8 faizi (22 milyon manat) isə biznes portfeli üzrə olub.
İqtisadçı Xalid Kərimli də hesab edir ki, problemli kreditlər artsa da, hələlik narahatedici həddə deyil:
“Hazırda problemli kreditlər 2,8 faizdən 3,6 faizə qədər yüksəlib. Bu göstərici Mərkəzi Bankın müəyyən etdiyi hədəflərin altındadır. Mərkəzi Bank problemli kreditlərin 4-5 faizdən aşağı olduğu halları risk həddindən aşağı hesab edir. Kreditlərin strukturuna baxdıqda görürük ki, ipoteka kreditlərində vəziyyət yaxşılaşıb, biznes kreditlərində sabitlik müşahidə olunur, amma istehlak kreditlərində artım daha sürətlidir. Bu, bir tərəfdən istehlak kreditləri portfelinin çox sürətlə böyüməsi, digər tərəfdən isə istehlakçıların gəlirlərinin qeyri-sabit olması ilə bağlıdır”.
Ekspert onu da bildirir, indiki səviyyə bank sektoru üçün kritik sayılmır:
“Problemli kreditlərin hazırkı səviyyəsini riskli vəziyyət olaraq qiymətləndirmirəm. Bankların problemli kreditlərinin həddi bir neçə il əvvəllə müqayisədə xeyli aşağıdır. Amma istənilən halda artım müsbət hal deyil, bu, bank sektoru üçün əlavə çətinliklər yarada bilər. Problemli kreditlərin çoxalması həm ümumi faiz dərəcələrinin yüksəlməsinə, həm də bankların kredit vermə imkanlarının zəifləməsinə səbəb ola bilər. Hazırda isə ciddi çətinlik yoxdur. İqtisadiyyatda 1 faizlik artım müşahidə olunur, bank sektoru isə real sektordan daha sürətlə böyüyür”.