Sosial şəbəkədə biz:

Əlillik dərəcəsi dəyişdirilən Cəlilabad sakini: “Məni düzgün müayinə etsinlər”

Əlillik dərəcəsi dəyişdirilən Cəlilabad sakini: “Məni düzgün müayinə etsinlər”
Xəbər Şəkli
19 August 2026, 00:13
Sosial

Cəlilabad sakini Faba Nuriyev əlillik dərəcəsinin dəyişdirilməsinə etiraz edir. O bildirir ki, 2013-cü ildə keçirdiyi avtomobil qəzasından sonra sol ayağı funksiyasını itirib. Nuriyevin sözlərinə görə, müxtəlif illərdə ona fərqli əlillik dərəcələri verilib, sonuncu dəfə isə III qrup əlillik müəyyən edilib.

Nuriyev bu qərarla razı deyil. O hesab edir ki, səhhətindəki problemlər II qrup əlilliyə uyğun qiymətləndirilməlidir.

Onun sözlərinə görə, 2015-ci ildə ona müddətsiz əlillik verilib. 2017-ci ildə bu qərar dəyişdirilərək III qrupla əvəzlənib. Etirazından sonra həmin il əlilliyi beş il müddətinə II qrupla müəyyən edilib.

Bu müddət 2022-ci ilin avqustunda başa çatıb. Nuriyev deyir ki, yenidən müraciət etdikdə əvvəlcə ona əlillik düşmədiyi bildirilib. Şikayətindən sonra isə III qrup əlillik müəyyən edilib.

Nuriyev qərardan Şirvan İnzibati Məhkəməsinə müraciət edib. Onun sözlərinə görə, məhkəmə prosesində ekspertiza təyin olunub, lakin sonda iddiası təmin edilməyib.

“Ekspertiza zamanı başqa, rəydə isə başqa nəticə göstərildi”

Nuriyev iddia edir ki, ekspertiza zamanı ona şifahi olaraq II qrup əlilliyin mümkün olduğu bildirilib. Lakin rəsmi rəydə fərqli nəticə göstərilib.

“Az qala, hər gün üstümə Təcili Tibbi Yardım gəlir, ayağım qıc olur, yerimdə qalıram. Dəfələrlə Travmatologiya İnstitutunda olmuşam, amma məni düzgün müayinə etmirlər. Tələbim budur ki, məni düzgün müayinə edib, doğru diaqnoz qoysunlar”, – şikayətçi deyir.


Faba Nuriyev. Foto: şəxsi arxivindən

Onun sözlərinə görə, hazırda ailədə yalnız həyat yoldaşı işləyir. III qrup əlilliyə görə aldığı 180 manat sosial müavinət isə onun hətta müalicə xərclərini qarşılamır:

“Ərzaq çatışmazlığı və maddi imkansızlıqla üz-üzəyik. Dərmanlara, müalicəyə pul çatdırmaq mümkün deyil. Ayağımın vəziyyəti ilə bağlı davamlı müalicəyə ehtiyacım var. Aldığım 180 manat bunun heç birinə kifayət etmir. Evdə də həyat yoldaşım işləyir, amma onun qazancı ilə həm evin xərclərini, həm də mənim müalicəmi qarşılamaq çox çətindir”.

Polis təzyiqi ilə bağlı iddialar

Nuriyev əlillik məsələsi ilə bağlı mübarizəsi zamanı polis tərəfindən təzyiqə məruz qaldığını da iddia edir. Onun sözlərinə görə, sosial şəbəkələrdəki paylaşımlarına görə 2025-ci il iyulun 27-dən avqustun 27-dək həbsdə olub. Nuriyev bildirir ki, həmin vaxt polis şöbəsində ekspertiza rəyi və məhkəmə qərarı da daxil olmaqla sənədləri məhv edilib, telefonundakı sənədlərin fotoları isə silinib.


Foto: şəxsi arxivindən

Meydan TV Faba Nuriyevin iddiaları ilə bağlı Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərsə də, cavab ala bilməyib.

Əlillik necə müəyyən edilir?

2022-ci ildən etibarən Azərbaycanda əlillik orqanizmin funksiyalarının pozulması faizinə və şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına əsasən müəyyən edilir. Qiymətləndirmə elektron sistem üzərindən aparılır. Şəxsin əlilliyinin müəyyənləşdirilməsi üçün tibb müəssisəsi tərəfindən elektron göndəriş hazırlanır. Bu məlumatlar əsasında əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən aparılır və nəticə Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə rəsmiləşdirilir.

Hazırkı sistemdə orqanizmin funksiyalarının 81–100 faiz itirilməsi I, 61–80 faiz II, 31–60 faiz itirilməsi isə III dərəcə əlilliyə uyğun hesab olunur. Bu dərəcələr üzrə sosial müavinət müvafiq olaraq 300, 250 və 180 manatdır.

Məhz bu sistemin tətbiqindən sonra əlillik dərəcəsi dəyişdirilən və ya əlilliyi ləğv edilən şəxslərin narazılıqları da artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamalarına istinadən mətbuatda müxtəlif illərdə 8 500-dən çox şəxsin əlillik qərarının saxtakarlıq və ya qayda pozuntuları ilə əlaqədar ləğv edildiyi bildirilib. Nazirlik səbəb kimi saxta və ya əsassız tibbi sənədlərdən istifadəni, qaydalara zidd göndərişləri və qiymətləndirmə prosedurlarının pozulmasını göstərib.

Bu məsələ ilə bağlı müxtəlif vaxtlarda etiraz aksiyaları da keçirilib.

Adil Qeybulla: “Kriteriyalar dəqiq qurulmalıdır”

Həkim Adil Qeybulla hesab edir ki, əlilliklə bağlı narazılıqların səbəblərindən biri saxta və ya əsassız əlilliklərin ləğvi zamanı real xəstələrin də bu prosesdən zərər görməsidir.

Onun sözlərinə görə, Azərbaycanda əvvəllər saxta və ya tibbi əsasları olmayan əlillik təyinatları olub. Sonradan bu halların aradan qaldırılması üçün aparılan yoxlamalar zamanı isə real xəstələrin də əlilliklərinin təsdiqlənməməsi ilə bağlı hallar yaranıb.


Adil Qeybulla, Foto: Meydan TV

“Keçmiş nazir Səlim Müslümovun dövründə, neft erası zamanı xeyli adam yalandan pensiyaya çıxmışdı, kütləvi saxtakarlıqlar var idi. Adam var, özü də bilir ki, hansı yolla pensiya alıb. Sonra bunlara baxıldı və kütləvi kəsilmələr oldu, daha doğrusu, onların əlilliyi təsdiq olunmadı. Onların bəziləri, insafən, haqlıdır. O xəstələr üstümüzə gəlir ki, pensiyamızı kəsiblər. Amma haqsız məqamlar da var, məsələn, qazilərlə bağlı”, – Qeybulla deyir.

Həkim hesab edir ki, real xəstələrlə əsassız şəkildə əlillik alan şəxsləri ayırmaq üçün meyarlar daha dəqiq müəyyənləşdirilməlidir:

“Kriteriyalar dəqiq qurulmalıdır. Həqiqətən pensiyaya ehtiyacı olan, qanunla düşən, əmək qabiliyyətini itirmiş şəxslər var: sağalmayan onkoloji xəstələrdir, amputasiya olunanlardır, autoimmun və şəkərli diabet xəstələridir. Bunlar əmək qabiliyyətini itirmiş şəxslər sayılır”.

Qeybulla Türkiyə və Avropa ölkələrindəki yanaşmanı nümunə göstərərək bildirir ki, xəstəliyin diaqnozu və ağırlıq dərəcəsi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilməlidir.

“Həkim sadəcə diaqnozu və xəstəliyin kodunu bazaya daxil edir, yuxarıda da komissiya baxıb reyestrdə hansı qrupa düşürsə, təsdiq eləyir. Sistem özü avtomatik dərəcəni çıxarır, vətəndaş həkimin insafına qalmır”, – həkim deyir.

Qeybulla sağalmaz xəstəliklər və bərpası mümkün olmayan ağır xəsarətlər zamanı əlilliyin müddətsiz müəyyən edilməsinin tərəfdarıdır.

“Sağalmaz hallarda ömürlük status verilməlidir, insanları hər iki ildən bir təkrar müayinə qapılarına sürümək olmaz”, – Qeybulla bildirir.