Sosial şəbəkədə biz:
Kreditini vaxtından tez ödəyənlərə pis xəbər — "Cərimə"si var
Xəbər Şəkli

Kreditini vaxtından tez ödəyənlərə pis xəbər — "Cərimə"si var

11 May 2026, 12:34
Sosial

Azərbaycanda kredit borcunu vaxtından əvvəl bağlamaq istəyən vətəndaşlar tez-tez bankların tətbiq etdiyi əlavə komissiya və cərimələrlə qarşılaşırlar. Borcalanlar faiz yükündən azad olmaq məqsədilə ödəniş etsələr də, bankların itirilmiş mənfəəti sığortalamaq üçün tutduğu bu haqlar ciddi narazılıq yaradır. Məsələnin hüquqi tərəfi Mülki Məcəllə ilə tənzimlənir və banklara vaxtından əvvəl ödəniş üçün yalnız müəyyən limitlər daxilində kompensasiya tutmağa icazə verir. Banklar vəsaitlərin yenidən yerləşdirilməsi riskini əsas gətirərək müştərilərə əlavə maliyyə yükü yaradırlar. Hazırda bir çox müştəri müqavilə şərtlərindəki gizli bəndlər səbəbindən gözlənilməz xərclərlə üz-üzə qalır. Bu vəziyyət bank və müştəri arasındakı şəffaflıq prinsiplərinin qorunması və qanunvericiliyə dəqiq əməl olunması məsələsini yenidən gündəmə gətirir.

Tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, bu tip hallar əsasən bank olmayan kredit təşkilatlarında müşahidə olunur, bəzi hallarda isə bir-iki bankda da belə praktika qalmaqdadır:

“Əvvəllər, təxminən 10-15 il əvvəl bu yanaşma daha geniş yayılmışdı, lakin sonradan əksər banklarda ləğv edildi. Hazırda isə bu tendensiya daha çox kiçik bank olmayan kredit təşkilatlarında qalmaqdadır. Bunun əsas səbəbi həmin qurumların maliyyə vəsaitini daha yüksək faizlə, yəni ikinci və ya üçüncü mənbələrdən cəlb etməsidir. Bu səbəbdən onlar kredit verərkən gəlir və xərclərini əvvəlcədən proqnozlaşdırırlar. Məsələn, sizə 1000 manat kredit verildikdə, hesablanır ki, bir il ərzində bu məbləği 1200 manat kimi, yəni 200 manat faizlə birlikdə geri qaytaracaqsınız. Bu proqnoz onların maliyyə planlamasının əsasını təşkil edir. Əgər müştəri krediti vaxtından əvvəl bağlayarsa, bəzi hallarda təşkilat ya planlaşdırdığı həmin gəliri tam şəkildə tələb edir, ya da əlavə olaraq vaxtından əvvəl bağlanmaya görə müəyyən “cərimə faizi” tətbiq edir. Əgər bu hal kredit müqaviləsində açıq şəkildə nəzərdə tutulubsa, o zaman bu ödəniş müştəridən hüquqi əsasla tələb olunur”.

O deyib ki, kredit müqaviləsində bu cür şərt mövcuddursa, müəyyən mənada müştərinin hüquqları məhdudlaşmış olur:

“Çünki tərəflər arasında münasibətlər müqavilə ilə tənzimlənir və həmin şərt banka bu ödənişi tələb etmək üçün hüquqi əsas verir. Lakin əgər müqavilədə belə bir şərt nəzərdə tutulmayıbsa və müştəri kreditini ödəyərkən əlavə ödəniş tələbi ilə qarşılaşırsa, bu halda həmin tələb hüquqi baxımdan əsassız sayılır. Belə vəziyyətdə müştəri müvafiq qurumlara Mərkəzi Banka və ya məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edə bilər, həmçinin birbaşa kredit təşkilatına da rəsmi şikayət ünvanlaya bilər. Yekun olaraq demək olar ki, bu praktika əvvəllər daha geniş yayılmış olsa da, hazırda əsasən bank olmayan kredit təşkilatlarının bir hissəsində qalmaqdadır. Bunun başlıca səbəbi kredit vəsaitinin maya dəyərinin banklara nisbətən daha yüksək olması və həmin təşkilatların gəlir proqnozlarında kreditdən əldə ediləcək faizlərin mühüm yer tutmasıdır”.