Sosial şəbəkədə biz:

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?
Xəbər Şəkli
19 November 2026, 09:27
Sosial

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft–qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəsi gələn ildən 5%-ə yüksələcək. 2 500–8 000 manat aralığında gəlir əldə edənlər üçün vergi 125 manat və 2 500 manatdan artıq hissənin 10%-i, 8 000 manatdan çox gəlir əldə edənlər üçün isə 675 manat və 8 000 manatdan artıq hissənin 14%-i məbləğində hesablanacaq. 

Əməkhaqqından daha çox vergi tutulacaqsa, işçinin itkisinin kompensasiyası necə həyata keçirilə bilər? Maaş artımları, vergi güzəştləri və ya digər sosial mexanizmlər nəzərdə tutulmalıdırmı?

Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, bu, muzdlu çalışan əhalinin sərəncamında qalan gəlirlərinə birbaşa təsir göstərəcək:

“Belə ki, vergi yükünün artması xüsusilə sabit əməkhaqqı ilə çalışan və gəlirlərinin əsas hissəsini gündəlik istehlaka yönəldən vətəndaşlar üçün əlavə maliyyə təzyiqi yarada bilər. Bu baxımdan vergi islahatlarının həyata keçirilməsi zamanı yalnız büdcə gəlirlərinin artırılması deyil, əhalinin real gəlirlərinin qorunması da əsas prioritetlərdən biri olmalıdır. İqtisadi baxımdan əməkhaqqından tutulan vergilərin artırılması işçinin xalis gəlirinin azalması deməkdir.  Məsələn, aylıq əməkhaqqı 2 500 manat olan işçinin gəlir vergisi üzrə aylıq ödənişi 75 manatdan 125 manata yüksəlir. Bu isə aylıq 50 manat, illik isə 600 manat əlavə vergi yükü deməkdir. Əməkhaqqı artımı ilə kompensasiya olunmadığı təqdirdə, bu dəyişiklik əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərə, daxili istehlakın artım tempini zəiflədəcək”.

Günay Hüseynova

İqtisadçı bildirib ki, vergi dərəcələrinin artırılması ilə paralel olaraq kompensasiya mexanizmlərinin tətbiqi də nəzərdən keçirilməlidir:

“İlk növbədə, əməkhaqqı artımlarının vergi yükünün yüksəlməsi ilə uzlaşdırılması vacibdir. Xüsusilə aşağı və orta gəlirli əhali qruplarının xalis əməkhaqqının əvvəlki səviyyədə saxlanılması üçün diferensial yanaşma tətbiq oluna bilər. Bunun üçün aşağı gəlirli işçilərə əlavə vergi güzəştlərinin verilməsi, vergidən azad olunan minimum gəlir həddinin müəyyənləşdirilməsi və ya vergi krediti mexanizminin tətbiqini məqsədə uyğun hesab edirəm. Digər mühüm istiqamət işəgötürənlərin əməkhaqqı fondunu artırmağa təşviq edilməsidir. Bunun üçün müəyyən müddət ərzində əməkhaqqı artımı həyata keçirən müəssisələrə sosial sığorta və digər ödənişlər üzrə stimullar təqdim edilə bilər. Eyni zamanda, minimum əməkhaqqının və büdcə təşkilatlarında çalışanların maaşlarının inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilməsi vacibdir. Vergi yükünün artmasının qeyri-rəsmi məşğulluğa və əməkhaqqının leqallaşdırılmasına mənfi təsir göstərməməsi üçün nəzarət və stimullaşdırma mexanizmləri paralel şəkildə gücləndirilməlidir. Çünki əməkhaqqı üzrə vergi yükünün artması bəzi işəgötürənləri əməkhaqqının bir hissəsini qeyri-rəsmi ödəməyə sövq edə bilər. Bu isə həm sosial sığorta daxilolmalarına, həm də dövlət büdcəsinin gəlirlərinə mənfi təsir deməkdir”.

Ekspert qeyd edib ki, gəlir vergisi islahatlarının sosial baxımdan balanslaşdırılmış şəkildə həyata keçirilməsi vacibdir:

“Vergi bazasının genişləndirilməsi və büdcə daxilolmalarının artırılması iqtisadi siyasətin legitim məqsədləridir, lakin bu proses əhalinin real gəlirlərinin azalması hesabına baş verməməlidir. Əsas yanaşma vergi yükünün artımını əməkhaqqı artımları, ünvanlı vergi güzəştləri və sosial müdafiə mexanizmləri ilə tarazlaşdırmaq olmalıdır. Belə bir yanaşma həm fiskal dayanıqlılığı qoruyar, həm də vergi islahatlarının əhali tərəfindən qəbul edilməsini asanlaşdırar”.