Metro yerində sayır: Bahalaşma var, xidmət yoxdur
Bu ilin yanvarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 17 milyon 595,6 min nəfər olub.
Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 388,8 min nəfər və ya 2,2 % azdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin sayının azlığını vətəndaşlar əsasən xidmət səviyyəsinin yüksək olmaması ilə əlaqələndirirlər.
Görünən odur ki, mertoda gediş haqqı artsa da, xidmət səviyyəsi dəyişmir. Axşam saatlarında isə metroda yaranan sıxlıq nəticəsində sərnişinlərin hərəkəti belə, məhdudlaşır. Yaranan “insan seli” qatara minib-düşməyə imkan vermir.
Qeyd edək ki, bugünlərdə paytaxtda metro stansiyasında baş verən proseslər də mövcud problemlərdən xəbər verir. Belə ki, metronun “Nəriman Nərimanov” stansiyasında qatarda baş verən tüstülənmə səbəbindən bütün vaqon boşaldılmışdı.
Bundan başqa bir neçə gün öncə səhər saatlarında metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib, nəticədə sərnişinlər qatardan düşürülmüşdü.
Qeyd edək ki, ötən ilin oktyabr ayının 1-dən nəqliyyatda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik müəyyənləşib. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyası yeni tarifləri onunla izah edirdi ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.
Bildirilirdi ki, Dövlət Proqramı çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Həmin dövrdən etibarən ictimai nəqliyyatda qiymət artımı olmasına baxmayaraq, keyfiyyətlə bağlı problemlər qalmaqdadır. Metroda yenilənmə prosesi ləng gedirsə, tarif artsa belə, texniki nasazlıqların qarşısını dərhal almaq mümkün olmur.
Yəni gediş haqqının 60 qəpiyə qalxması sərnişində təbii olaraq daha təhlükəsiz və problemsiz xidmət gözləntisi formalaşdırsa da, bu gün həmin nəticəni əldə edə bilmirlər. “Cebheinfo.az”