“Pati” təhlükəsi böyüyür – Metamfetaminlə bağlı ailələr nə bilməlidir?
Son illər Azərbaycanda da “pati” kimi tanınan metamfetaminin istifadəsi ilə bağlı narahatlıqlar var. Bu maddə ilk baxışda “enerji verici”, “zəkanı artıran vasitə” kimi təqdim olunsa da, əslində güclü asılılıq yaradan və beyində ciddi pozuntulara səbəb olan təhlükəli narkotik maddədir.
Araşdırmaçı ekspert Məhbubə Mehdiyeva Musavat.com-a açıqlamasında bildirib ki, metamfetamin — sinir sistemini güclü şəkildə stimullaşdıran, süni yolla əldə olunan psixoaktiv maddədir:
“Kimyəvi strukturu amfetaminlə oxşardır, lakin təsiri daha güclü və təhlükəlidir. Kristal formasında şəffaf “şüşə parçaları”nı xatırlatdığı üçün “ice”, “crystal”, “glass” kimi adlarla tanınır. Xalq arasında isə “pati”, “şüşə”, “psixotrop”, “tüstü”, “şirin”, “ağ toz” kimi adlarla yayılıb.
Bu maddə ən çox:
– Burna çəkilərək
– Siqaret kimi çəkilərək
– Ağızla qəbul edilərək
– Damar yolu ilə istifadə olunur.
Bir neçə istifadədən sonra belə asılılıq yaradır, beyində dopamin səviyyəsini anormal dərəcədə artıraraq, süni “xoşbəxtlik” hissi verir.
BMT-nin hesabatına görə, hazırda dünyada 34 milyon nəfər metamfetamindən mütəmadi istifadə edir.
ABŞ-da 2019–2023 arasında metamfetaminə bağlı ölüm halları 276% artıb.
Avstraliyada son on ildə hər 10 nəfərdən 1-i həyatında ən az bir dəfə “ice” istifadə etdiyini etiraf edib.
Yaponiyada metamfetaminə “shabu” deyilir və bu ölkədə hər il 100 tona yaxın metamfetamin dövriyyədən çıxarılır”.
Ekspert metamfetaminin tarixinə nəzər salaraq bildirib ki, 19-cu əsrdə yaranıb:
“Yapon kimyaçı Nagai Nagayoşi, efedra bitkisindən efedrini ayıraraq onun stimullaşdırıcı təsirini kəşf etdi. 1919-cu ildə isə Akira Oqata efedrindən kristal formada metamfetamin sintez etdi. Başlanğıcda bu maddə astma, yorğunluq, hətta depressiya üçün istifadə edilirdi.
II Dünya Müharibəsində ABŞ, Almaniya və Yaponiya orduları metamfetamini əsgərlərə “qorxu hissini itirmək” və “dözümlü olmaq” üçün verirdi.
1950–1970-ci illərdə isə bu maddə arıqlama dərmanı, diqqət artırıcı və enerji gücləndirici kimi qanuni yollarla satılırdı. Lakin sonra asılılıq hallarının artması səbəbilə ciddi nəzarətə alındı.
1990-cı illərin sonunda internetdə yayılan “reseptlərlə” metamfetaminin ev şəraitində hazırlanması mümkün oldu. Adi soyuqdəymə dərmanlarındakı psevdofedrin və məişət kimyası məhsulları istifadə edilərək kiçik kəndlərdə, həyətyanı tikililərdə gizli “meth laboratoriyaları” yaradıldı.
Daha sonra ABŞ hökuməti Combat Methamphetamine Epidemic Act qanununu qəbul etdi və bu maddənin əsas tərkibli dərmanlarını məhdudlaşdırdı. Ancaq bunun əvəzində Meksika kartelləri metamfetaminin daha güclü və təmiz formasını — P2P (Phenyl-2-Propanone) ilə hazırlamağa başladılar”.
Kiminsə “pati”dən istifadəsini necə anlamaq olar?
“Metamfetaminin təsiri yalnız istifadə edənə deyil, ailəsinə də psixoloji dağıdıcı təsir göstərir. Valideynlər aşağıdakı əlamətləri diqqətlə müşahidə etməlidirlər:
– Ani həyəcanlanma və ya susqunluq (key baxışlar)
– Öz-özünə danışma və ya halüsinasiyalar (stolun üstündə nəsə gəzir, havada hörümçək torları)
– Ailədən uzaqlaşma, laqeyd münasibət
– Gözlərdə parıltı və ya qızartı (damar partlamaları)
– İştahsızlıq və ani arıqlama
– Əllərdə titrəmə, tez-tez burun silmə və qanama
– Çakmak, folqa, marker, USB-bənzər cihazlar
– Yanmış kağızlar, həb qabları, fərqli qoxular
– Gecələr oyaq qalmaq və səbəbsiz qorxu hissi
Metamfetamin artıq yalnız “problemli gənclərin” yox, orta yaşlı və hətta işləyən insanların da istifadə etdiyi maddəyə çevrilib. Sosial şəbəkələrdə, gecə klublarında və bəzi dost çevrələrində “enerji verici”, “zəkanı artıran maddə” kimi təqdim olunur.
Metamfetamindən istifadə barədə narahatlıq qlobal səviyyədə sürətlə artır. Bu maddənin təhlükələri yalnız fərdin deyil, cəmiyyətin gələcəyinin qarşısında duran real təhlükədir. Maarifləndirmə, valideyn nəzarəti və psixoloji dəstək bu mübarizədə əsas rol oynayır.
Unutmayaq ki, erkən müdaxilə daha tez sağalmaya səbəb olur”.