Sosial şəbəkədə biz:

Vergi kirayəni də bahalaşdırır?

Vergi kirayəni də bahalaşdırır?
Xəbər Şəkli
14 October 2026, 08:46
Sosial

Xəbər verdiyimiz kimi, mənzilini kirayəyə verən vətəndaşlar əldə etdikləri gəlirdən vergi ödəməli, bəzi hallarda isə vergi ödəyicisi kimi uçota alınaraq VÖEN əldə etməlidirlər.

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi qaydası kirayə haqqını ödəyən şəxsin vergi uçotunda olub-olmamasından asılıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. 

Mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri bu qaydadan istisnadır. Kirayə haqqını ödəyən şəxs vergi orqanında uçotda olan fiziki şəxsdirsə, o, vergini ödəmə mənbəyində tutmalı, gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və müvafiq vergi bəyannaməsini təqdim etməlidir.

Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda deyilsə, mənzilini kirayəyə verən vətəndaş özü və ya təyin etdiyi vergi agenti vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və gəlirindən 10 faiz dərəcə ilə vergi hesablamalıdır. Bu halda gəlir vergisi bəyannaməsi hesabat ilindən sonrakı ilin martın 31-dən gec olmayaraq təqdim edilməli, hesablanmış vergi də həmin müddətdə dövlət büdcəsinə ödənilməlidir.

Kirayə gəlirlərindən 10 faiz vergi tutulması mənzil bazarına və kirayə qiymətlərinə necə təsir edə bilər? Vergi öhdəliyi mənzil sahiblərinin kirayə müqaviləsi bağlamağa münasibətini dəyişə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, ilk növbədə nəzərə almaq lazımdır ki, verginin kirayə qiymətlərinə təsiri bir neçə amildən asılıdır:

“Bunlara bazarda mənzil təklifinin həcmi, kirayə mənzillərə olan tələb, mənzil sahiblərinin vergi öhdəliyinə münasibəti və kirayəçilərin ödəmə qabiliyyəti daxildir. Əgər mənzil sahibi əldə etdiyi kirayə gəlirinin 10 faizini vergi şəklində ödəməlidirsə, onun xalis gəliri azalır. Belə vəziyyətdə bəzi mülk sahibləri bu itkini kompensasiya etmək üçün kirayə haqqını artırmağa cəhd göstərə bilərlər.

Lakin bu, qiymətlərin mütləq şəkildə 10 faiz artacağı demək deyil. Çünki kirayə haqqı yalnız vergi dərəcəsi ilə müəyyən olunmur. Bazardakı rəqabət, mənzillərin yerləşdiyi ərazi, təklifin həcmi və əhalinin real ödəmə imkanları da qiymətlərə birbaşa təsir göstərir.

Burada mühüm iqtisadi məqam ondan ibarətdir ki, vergi yükünün kim tərəfindən daşınması bazarın vəziyyətindən asılıdır. Əgər kirayə mənzillərə tələb yüksək, təklif isə məhduddursa, vergi yükünün müəyyən hissəsinin kirayəçilərin üzərinə keçirilməsi ehtimalı artır.

Əksinə, bazarda kifayət qədər alternativ mənzil varsa və kirayəçilərin qiymət artımına müqavimət göstərmək imkanları genişdirsə, mənzil sahibi vergi yükünün daha böyük hissəsini özü daşımalı ola bilər”.

Onun sözlərinə görə, digər vacib məsələ mənzil sahiblərinin rəsmi kirayə müqavilələrinə münasibətidir:

“Vergi öhdəliyi müqavilələrin bağlanmasını avtomatik olaraq stimullaşdırmaya bilər. Əgər mülk sahibi vergi ödəməsini əlavə maliyyə yükü kimi qəbul edirsə və sistemdə şəffaflıq, sadə hesabatlılıq və effektiv nəzarət mexanizmləri kifayət qədər formalaşmayıbsa, bəzi şəxslər rəsmi müqavilədən yayınmağa və qeyri-rəsmi kirayə münasibətlərini davam etdirməyə cəhd göstərə bilərlər.

Rəsmi kirayə müqavilələrinin geniş yayılması yalnız dövlətin vergi gəlirlərinin artması baxımından əhəmiyyətli deyil. Bu, kirayəçilərin hüquqlarının qorunmasına, ödəniş şərtlərinin əvvəlcədən müəyyənləşdirilməsinə, mübahisələrin hüquqi müstəvidə həllinə və bazar haqqında daha etibarlı məlumatların formalaşmasına da şərait yarada bilər”.

Ekspert qeyd edib ki, kirayə gəlirlərindən 10 faizlik vergi tutulmasının mənzil bazarına təsirini qiymətləndirərkən yalnız mümkün qiymət artımına diqqət yetirmək düzgün deyil:

“Əsas məsələ elə bir vergi və tənzimləmə mexanizminin qurulmasıdır ki, həm mənzil sahiblərinin qanuni maraqları nəzərə alınsın, həm kirayəçilərin maliyyə yükü əsassız şəkildə artmasın, həm də bazarın şəffaflığı təmin edilsin”.