Yeni ilə yeni qiymətlərlə əhalini nələr gözləyir?
2026-cı ilin ilk günündən etibarən ölkə gündəmində yanacağa və enerji daşıyıcılarına tətbiq edilən yeni tariflər müzakirə mövzusuna çevrildi. Bu dəyişikliklər yalnız qiymət artımı deyil, həm də infrastrukturun maliyyələşdirilməsi ilə bağlı yeni modelə keçid kimi qiymətləndirilə bilər.
Belə ki, yeni ildən etibarən “İctimai Nəqliyyat” Məqsədli Büdcə Fondunun formalaşdırılması ilə yol infrastrukturunun saxlanılması xərcləri dövlət və istehlakçılar arasında bölüşdürüləcək. Bu səbəbdən yanacağın hər litrinə tətbiq edilən yol vergisi 2 qəpikdən 7 qəpiyə qaldırılıb ki, bu da benzin və dizelin qiymətinin 4,5–10 faiz artmasına səbəb olub.
Qaz və elektrik üçün ayda 5,8 milyon manat sabit ödəniş yığılacaq
Tarif Şurasının qərarına əsasən, cari ilin yanvarın 1-dən Aİ-92 benzininin litri 5 qəpik artırılaraq 1,15 manat, dizelin litri 10 qəpik artırılaraq 1,10 manat təşkil edib.
Digər yenilik isə elektrik və qaz təchizatında tətbiq edilən aylıq sabit ödənişlərdir. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən mənzil və fərdi evlər, həmçinin kiçik müəssisələr elektrik və qaz üçün aylıq 1 manat, böyük müəssisələr isə 3 manat sabit abonent haqqı ödəyəcək. Bu, rəsmi olaraq “qiymət artımı” kimi təqdim edilməsə də, hər ay məcburi əlavə ödəniş deməkdir.
2026-cı ilin yanvarından tətbiq ediləcək abonent haqqı ilə ölkədə, Naxçıvan MR istisna olmaqla, təxminən aylıq 5,83 milyon manat sabit ödəniş yığılacaq. Belə ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 2025-ci ilin oktyabr ayının 1-nə olan məlumatına əsasən, elektrik enerjisi üzrə əhali qrupuna aid istehlakçıların sayı (Naxçıvan MR istisna olmaqla) 2 932 823, qeyri-əhali qrupunda 200 292-dur.
“Azəriqaz” İB-nin əhali qrupuna aid (Naxçıvan MR istisna olmaqla) 2 648 382, qeyri-əhali qrupuna aid 46 910 abonenti var.
Bununla, cari ildən etibarən elektrik enerjisi üzrə yığılan sabit haqq 3,1 milyon manat, təbii qaz üzrə isə 2,7 milyon manat təşkil edəcək. Naxçıvan MR üzrə xidmət alan abonentləri də buraya əlavə edincə, büdcəyə yığılacaq məbləğ daha da böyük olacaq.
Ekspertlərə görə, qiymət artımı və sabit ödənişlərin tətbiqi əhalinin xərclərini bir qədər artıracaq. Eyni zamanda, yeni tariflər bahalaşma dalğasına səbəb olacaq. Xüsusilə kənd təsərrüfatı istehsalında dizel və enerji daşıyıcılarının bahalaşması əlavə xərclər yaradacaq, yanacağın qiymətinin artması isə daşınma xərclərini yüksəldəcək.
Bahalaşmanın səviyyəsi hansı həddə ola bilər?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Meydan Tv-yə açıqlamasında bildirir ki, kommunal xidmətlərin və enerji daşıyıcılarının qiymətinin artımı aqrar sektorda bahalaşmaya səbəb olacaq:
“Azərbaycanda yuxarıdan Tarif Şurasına göstəriş verilir ki, enerji daşıyıcıları və kommunal xidmətlərin qiyməti artırılsın; faizini isə onlar müəyyən edirlər. Həm qaz və elektrik enerjisinə tətbiq edilən sabit aylıq ödəniş, həm də benzinin qiymətinin 5 qəpik, dizel yanacağının qiymətinin isə 10 qəpik artımı əhalinin xərclərini artırır. Benzin və dizelin bahalaşması yalnız avtomobillərdən istifadə edənlərin xərclərini artırmır. Hökumətin məlumatına görə, kənd təsərrüfatı sektorunda 300 min ton dizel yanacağından istifadə olunur. Məncə, dizel yanacağından istifadə rəsmi rəqəmlərdən daha çoxdur. Təsəvvür edin ki, burada xərclər 10 faiz artır. Bu xərclərin artması, yəni dizel yanacağından istifadə edən kəndlilərin xərclərinin artması onların istehsal xərclərinin artması deməkdir. Yəni əkin, səpin, kultivasiya və dərman işləməsi, ümumiyyətlə, kənd təsərrüfatı sektorunda bütün işlər texnika ilə görülür və bu zaman əsasən dizel yanacağından istifadə olunur. Kəndlilərin öz avtomobillərinə görə benzin xərcləri də yüksələcək. Onlar bu avtomobillərlə həm istehsal zamanı sahəyə nəzarət üçün gedib-gəlir, həm də bəzi istehsal vasitələrini daşıyırlar. Sonrakı mərhələdə məhsulların daşınması – birbaşa sahədən ambarlara, oradan isə satış məntəqələrinə və marketlərə – baş verir. Daşınmada istifadə olunan avtomobillər də əsasən dizel yanacağı ilə işləyir. Belə bir halda xərclər kifayət qədər artır”.
V. Məhərrəmov əlavə edir ki, qiymət artımı digər sahələrdə də zəncirvari bahalaşmaya təsir göstərir:
“Əgər istehsalçının xərcləri artırsa, əlbəttə ki, onların istehsal etdiyi məhsulun maya dəyəri və satış qiyməti yüksəlir, nəticədə məhsulu alan istehlakçıların xərcləri də artır. Zəncirvari olaraq bütün əhalinin xərcləri yüksəlir və bu, ümumi qiymət artımına gətirib çıxarır. Əgər ərzaq və yeyinti məhsullarının qiyməti bahalaşırsa, xidmət sahələrində çalışanların xərcləri də artır, nəticədə onlar da xidmət qiymətlərini qaldırır. Beləliklə, bazarın bütün seqmentində qiymətlər yüksəlir.
Biz yaxın günlərdə kəskin bahalaşmaya şahid olacağıq.
Məsələn, 2021-ci ildə dizel yanacağının qiyməti 33 faiz, benzinin qiyməti isə təxminən 10–12 faiz artmışdı. 2021-ci ildə bu artımlar özünü o qədər göstərmədi, amma 2022-ci ildə Dövlət Statistika Komitəsi ərzaq məhsullarının qiymətinin 19 faiz bahalaşdığını qeyd etdi. Həmin dövrdə apardığımız təxmini hesablamalara görə yeyinti məhsullarında bahalaşma 30–35 faiz olmuşdu. Əgər dizel yanacağının qiyməti 33 faiz artıbsa, bu, kənd təsərrüfatında xərclərin də eyni nisbətdə artacağı demək deyil. Bunun dəqiq hesablanması mümkün deyil, çünki hər məhsula görə fərqli olur – nə qədər əkin, nə qədər səpin vaxtı olub və s. Konkret olaraq 2021-ci ildə dizel yanacağının qiyməti artanda əkin işlərinin qiyməti 30 manatdan 50 manatadək qalxdı. Həmin dövrdə dizel yanacağının qiyməti 33 faiz artmışdısa, şum xidmətinin qiyməti 66 faiz qalxmışdı. Əkin qiymətinin 66 faiz artımında bir tərəfdən dizel yanacağının qiyməti özünü göstərmişdisə, digər tərəfdən isə xidmət göstərən şirkətin xərcləri də əlavə olunmuşdu”, – ekspert vurğulayır.
V. Məhərrəmovun sözlərinə görə, hazırda 300 min ton dizel yanacağından istifadə olunursa, qiymət artımı təxminən 30 milyon manat təşkil edəcək. Lakin xidməti göstərənlərin xərclərini də nəzərə almaq lazımdır.
Ekspert deyir ki, hökumətə enerji daşıyıcılarının qiymətinin artımı sərf edir:
“Ona görə ki, hökumət daha çox gəlir əldə edəcək. Digər tərəfdən, istehlak malları bahalaşacağı üçün əhali daha çox pul xərcləməli olacaq, eyni zamanda vergi ödənişi də artacaq. Bu bahalaşma yalnız hökumətə sərf edir, əhaliyə isə deyil. Hökumət birbaşa qazanır, əhali isə yalnız zərər çəkir və daha da yoxsullaşır.”