Büdcə profisitinin arxasındakı “qənaət” siyasəti
2025-ci ilin 11 ayında dövlət büdcəsinin gəlirləri 35,6 milyard manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib.
Maliyyə Nazirliyinin məlumatına əsasən, həmin dövr ərzində dövlət büdcəsinin xərcləri 31,4 milyard manat məbləğində icra edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 1,2 faiz çoxdur.
Cari ilin yanvar–noyabr aylarında dövlət büdcəsinin gəlirlərində əsas artım İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar üzrə daxilolmalar hesabına baş verib. Belə ki, Nazirliyin yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxil olan vergi gəlirləri 15,3 milyard manat təşkil edib. Bu, proqnozdan 5,1 faiz və ya 745,5 milyon manat çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar isə 41,6 milyon manat olub və proqnozu 10,2 milyon manat və ya 32,5 faiz üstələyib.
Dövlət Neft Fondundan transfert də ötən aydan etibarən tam icra olunub. Fondun büdcəyə transfertləri 13,2 milyard manat təşkil edib.
Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar isə proqnozdan az icra edilib. Belə ki, cari ilin 11 ayı ərzində Komitənin gəlirləri 5,7 milyard manat olub. Bu isə proqnozun 96,6 faizinin icra olunması deməkdir.
Bundan başqa, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar da 27,3 faiz az icra olunub. Bu sahədən daxil olan gəlirlər 592,3 milyon manat təşkil edib.
3 milyardlıq kəsirlə proqnozlaşdırılan büdcəyə əlavə vəsait hardan tapılıb?
Dövlət büdcəsi ilə bağlı diqqət çəkən məqamlardan biri daxil olan gəlirlərin tam xərclənməməsidir. Belə ki, 11 ay ərzində büdcədə 4,2 milyard manatlıq profisit yaranıb. Halbuki 2025-ci ilin dövlət büdcəsi təsdiq edilərkən 3 milyard manatlıq kəsir proqnozlaşdırılmışdı. Maliyyə Nazirliyinin məlumatına görə, ilin 11 ayında büdcə gəlirləri proqnozdan cəmi 324,6 milyon manat çox olub. Aydın olur ki, büdcəyə daxil olan əlavə gəlir büdcə kəsirinin 10 faizini ancaq örtə bilir. Belə olan halda 11 ayda 4,2 milyard manatlıq profisitin necə yaranması sual yaradır.
Cari ildə büdcə xərcləri üzrə 41,3 milyard manat proqnozlaşdırılıb. Hazırda xərclərin yalnız 76 faizi icra olunub. İqtisadçılar bildirirlər ki, profisitin yaranmasının əsas səbəblərindən biri məhz büdcə xərclərinin tam icra edilməməsidir. Hələ ilin birinci yarısına dair hesabatda Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsində qalan sərbəst vəsaitlərin 1,5 milyard manatının müxtəlif banklara depozit kimi yerləşdirildiyi açıqlanmışdı. Halbuki bu vəsait reallıqda müxtəlif investisiya və sosial layihələr üçün nəzərdə tutulan xərclər olub. Xərclərin tam icra edilməməsi və bəzi sosial yönümlü xərclərdə qənaət rejiminə keçilərək yaranan artıq vəsaitin banklara yönləndirilməsi nə dərəcədə doğrudur?
“Təhsil, səhiyyə, dövlət investisiyaları və digər xərclərin hər birindən müəyyən qədər kəsiblər və indi bununla fəxr edirlər”
İqtisadçı ekspert Zöhrab İsmayıl sosial mediadakı paylaşımında bildirir ki, profisitin yaranması əslində büdcə xərclərinin planlaşdırılmasının düzgün həyata keçirilməməsi ilə bağlıdır. Onun sözlərinə görə, hələ yanvar-oktyabr aylarında dövlət büdcəsində 5 milyard 170 milyon manat profisit yaranmışdı:
“Bu, onunla bağlıdır ki, dövlət büdcəsinin bir çox xərcləri kəsilib. Bunun nəticəsində artıq vəsait qalıb. Məsələn, təhsil, səhiyyə, dövlət investisiyaları və digər xərclərin hər birindən müəyyən qədər kəsiblər və indi bununla fəxr edirlər. Deyirlər ki, biz profisit edirik. Bu isə o deməkdir ki, dövlət büdcəsinin vəsaitləri hesabına ölkənin ehtiyacları qarşılanmır”.
Z.İsmayıl bildirir ki, dövlət büdcəsi pul yığmaq deyil, pul xərcləmək yeridir: 
İqtisadçı bildirir ki, hazırda ölkənin iqtisadiyyatı böyük risklərlə üz-üzədir:
“Neft hasilatı azalır və gələn il Azərbaycan hökuməti dövlət büdcəsini artıra bilmir. Artıq elan olunub ki, artım cəmi 0,7 faiz olacaq. Bəs belə şəraitdə nə etmək lazımdır? Təbii ki, iqtisadiyyata investisiya qoymaq lazımdır, amma bunu Azərbaycan hökumətinin, daha doğrusu İqtisadiyyat Nazirliyinin düşündüyü şəkildə deyil, yəni ailə, qohum, yandaş, yüksək vəzifəli şəxslərin nəzarətində olan bizneslərin adına yeni layihələr yazmaqla yox. Çünki belə layihələr başlayır, bir müddət sonra dayanır, dövlətin pulunu alırlar, davamı isə olmur. Bir az maaş verilir, bir az başqa yerlərə xərclənir, sonunda isə ənənəvi şəkildə israf olunur”.
Onun fikrincə, ən doğru yol investisiyanı insanlara, vətəndaşlara yönəltməkdir:
“Məsələn, indi büdcədəki yaranmış artıq vəsaitin 50 faizini insanlara paylamaq olar. İndi deyəcəksiniz ki, bu, populizmdir. Amma söhbət sadəcə xərcləmək, yemək, paltar və ya içki almaq üçün verilən puldan getmir, konkret məqsədli dəstəkdən gedir. Belə təcrübələr çoxdur. Ukraynada müharibə dövründə, COVID dövründə belə məqsədli vəsaitlər insanlara verilirdi. Məsələn, verilən pulun öz təyinatı olur və bu vəsait birbaşa nağd şəkildə paylanmır. Elektron hökumət sistemi vasitəsilə xüsusi bir “cüzdan” yaradılır. Cüzdana köçürülən pul Azərbaycanda istehsal olunan texnologiya, alət, avadanlıq və proqram təminatı kimi ölkənin bu gün ən çox ehtiyac duyduğu məhsulların istehsalına yönəldilə bilər. Çünki belə məhsullar daxili bazarda mal və xidmətlərin idxalını azalda və eyni zamanda ixrac potensialı yarada bilər. İnsanlar öz ehtiyaclarını özləri müəyyən edirlər və bu məhsulların bir çoxu Azərbaycanda istehsal oluna bilər. Bu, kompüter və informasiya-kommunikasiya texnologiyaları ola bilər. Proqram təminatı informasiya texnologiyaları sahəsi üçün ciddi bir investisiya sayıla bilər. Bunu etmək mümkündür və insanlar aldıqları dəstəyi məhz bu sektorlara yönəldəcəklər. Yəni xərclər müxtəlif sahələr üzrə diversifikasiya olunacaq. Bu, yalnız bir misaldır, buna bənzər digər proqramlar da həyata keçirilə bilər. Amma büdcədə pulu yığıb saxlamaq düzgün deyil. Manat faktiki olaraq dollara nisbətən ucuzlaşmasa da, pul getdikcə dəyərdən düşür. Ona görə ki, həmin vəsaitlər iqtisadiyyata yönəldilməlidir. Əsas məsələ də məhz budur.” Meydan.tv