Sosial şəbəkədə biz:
Evlərdə səssiz ölüm və məsuliyyətsiz sistem: dəm qazından zəhərlənmələr
Xəbər Şəkli

Evlərdə səssiz ölüm və məsuliyyətsiz sistem: dəm qazından zəhərlənmələr

23 December 2025, 08:44
Araşdırma

Azərbaycanda hər il 400–500 arasında dəm qazından zəhərlənmə halı baş verir. Bu cür zəhərlənmələrin riskli dövrü əsasən noyabr-mart aylarını əhatə edir. Yerli mediada yayımlanan məlumatlara əsasən, 2024-cü ildə ölkə üzrə dəm qazı ilə bağlı 424 hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində 483 nəfər xəsarət alıb, 44 nəfər isə həyatını itirib.

Mətbuatda gedən məlumatlardan aydın olur ki, cari ilin yanvar–mart aylarında 152 belə hadisə qeydə alınıb. Bu müddət ərzində dəm qazından zəhərlənənlərin sayı 158 nəfər, ölənlərin sayı isə 11 nəfər olub.

Hələlik 2025-ci ilə dair yekun statistik məlumatlar açıqlanmayıb. Lakin artıq noyabr ayından etibarən dəm qazından zəhərlənmə halları ilə bağlı xəbərlər mətbuatda davamlı şəkildə yer almaqdadır.

Qonşu ölkələr arasında ikinci yerdəyik

Azərbaycanda dəm qazından zəhərlənmə nəticəsində qeydə alınan ölüm hallarının hər 100 min nəfərə düşən sayına görə ölkə yalnız İrandan geri qalır. Belə ki, İranda dəm qazından ölüm halları hər 100 000 nəfərə təxminən 1.0–1.2 arasında dəyişir. Bunun əsas səbəbləri olaraq ölkədə qazın yaxşı təmizlənməməsi və texniki standartlara cavab verməyən qızdırıcı cihazların kütləvi istifadəsi göstərilir.

İranda bu cür qızdırıcı cihazları idxal edən Azərbaycanda isə ölüm hallarına görə, regionda ikinci yerdə qərarlaşır. Azərbaycanda hər 100 000 nəfərə düşən dəm qazından zəhərlənmə nəticəsində ölüm nisbəti təxminən 0.6–0.8 arasındadır.

Global Burden of Disease (GBD) hesabatında qeyd olunur ki, dünyada dəm qazı ilə zəhərlənmələr daha çox keyfiyyətsiz qızdırıcıların, standartlara cavab verməyən yanacaqların, eləcə də kömür sobaları və digər bərk yanacaqların qapalı məkanlarda geniş istifadəsi nəticəsində baş verir.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) “Household air pollution and health” hesabatında da qeyd edilir ki, dünyada təxminən 2,1 milyard insan hələ də dəm qazı riski yaradan bərk yanacaqlardan (odun, kömür, biomassa) istifadə edir. Bu amil tənəffüs yolu xəstəlikləri və zəhərlənmə nəticəsində baş verən ölümlərin əsas səbəblərindən biri hesab olunur.

Bəs Azərbaycanda dəm qazı zəhərlənməsi hansı hallarda baş verir?

Azərbaycanda dəm qazından zəhərlənmə hallarına baxdıqda, bu hadisələrin əksər hallarda təbii qazdan istifadə edilən yaşayış məkanlarında baş verdiyi müşahidə olunur.

“Azəriqaz”ın rəsmiləri bu məsələdə daha çox vətəndaşların məsuliyyətsizliyini ön plana çəkirlər. Onlar vətəndaşları qeyri-standart sobalardan və isitmə cihazlarından istifadə etməkdə ittiham edirlər. Bildirilir ki, bu cür hallar əsasən fərdi yaşayış evlərində, eləcə də köhnə tikililərdə baş verir. Buna səbəb kimi tüstü bacalarının vaxtında təmizlənməməsi və qızdırıcı cihazların düzgün quraşdırılmaması göstərilir.

Əvvəllər binalarda qaz təhlükəsizliyi ilə bağlı texniki nəzarət Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində idi. 2022-ci ildə “Qaz təchizatı haqqında” Qanuna edilən dəyişikliklərdən sonra yaşayış evlərində texniki müayinələrin keçirilməsi “Azəriqaz” İstehsalat Birliyinə həvalə olunub. Belə olan halda, məsuliyyətin bir hissəsini də sözügedən qurum daşıyır.

“Azəriqaz” İB-nin rəsmi saytında qeyd olunur ki, istehlakçının qaz qurğularının, qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin işlək vəziyyətdə olub-olmamasının, eləcə də texniki təhlükəsizlik tələblərinə riayət edilməsi vəziyyətinin müəyyən edilməsi məqsədilə ildə bir dəfə müayinə xidməti həyata keçirilir.

Dövlət satınalmaları portalında tüstü bacalarının təmizlənməsi ilə bağlı tenderlərə yalnız ali təhsil müəssisələri və xəstəxanalar üzrə rast gəlinir. “Azəriqaz” İB-nin bu istiqamətdə yaşayış məntəqələrində mütəmadi və sistemli fəaliyyətinə dair açıq mənbələrdə rəsmi məlumatlara rast gəlinmir.

Azəriqaz” bu sahəni faktiki olaraq nəzarətsiz buraxdı”  

Meydan TV-yə danışan adının çəkilməməsini istəyən “Azəriqaz” əməkdaşı bildirir ki, dəm qazından zəhərlənmələrin artmasının iki əsas səbəbi var. Onun sözlərinə görə, birinci səbəb əhaliyə verilən qazın lazımi səviyyədə təmizlənməməsidir. O bildirir ki, bəzən tam təmizlənməmiş, çirkli qaz istehlakçılara ötürülür:

“Bayıl tərəfdə yerləşən qaz ötürücü xətt var. Bəzən onun içini açıb təmizləyirlər və görürsən ki, içindən yağ, mazut çıxır. Bu da qazın keyfiyyətli təmizlənmədiyini göstərir”.

Mütəxəssis ikinci əsas səbəb kimi “Azəriqaz” tərəfindən texniki baxışların vaxtında və lazımi səviyyədə aparılmamasını göstərir:

“Sovet dövründə evlərə xidmət göstərən mərkəzlər var idi. Xidmət işçiləri bir neçə aydan bir gəlib kommunal xətləri yoxlayırdılar. “Azəriqaz” yaradıldıqdan sonra həmin çilingərlərin çoxu ixtisar olundu, peşəkar kadrlar uzaqlaşdırıldı, onların yerinə əsasən pul yığan işçilər götürüldü. Bu gün qapıya gələn qaz istismar idarəsi əməkdaşlarının texniki baxışdan anlayışı yoxdur. Eyni zamanda  işçilərə açıq şəkildə tapşırılıb ki, vətəndaşların evlərinin daxilindəki qaz xətləri ilə məşğul olmasınlar. Yeni qaydalar tətbiq edildi və bildirildi ki, sayğacdan sonrakı hissəyə vətəndaş özü cavabdehdir. Qaz istismar idarələri bizi qapıya göndərəndə deyirdilər ki, qaz sobası, qızdırıcı cihazlar və sayğacdan sonrakı xətlər bizim səlahiyyətimizə aid deyil”.

Müsahib bildirir ki, xüsusilə monolit və köhnə binalarda vəziyyət daha təhlükəlidir:

“Bu binalarda qaz xətti birbaşa evin içindən keçir, sayğaca qoşulur, sonra cihazlara yönəlir. “Azəriqaz” bu sahəni faktiki olaraq nəzarətsiz buraxdı və bu günə qədər də real nəzarət yoxdur. Halbuki başqa ölkələrdə bu işlər ciddi qaydalarla tənzimlənir.

Baxırsan ki, şöbələrdə çalışan işçilərin sayı çoxdur, səhərdən axşama qədər qaçırlar, amma nə cihazları var, nə də qərar vermək səlahiyyətləri. Onların üzərinə əsasən sayğac yazmaq işi qoyulub. Evə yalnız vətəndaş özü zəng edib çağıranda baxış keçirilir”.

Mütəxəssis əlavə edir ki, əvvəllər qazla işləyən su qızdırıcılarının (kalonkaların) quraşdırılması üçün konkret texniki normalar mövcud idi:

“Hamamın ölçüsünə görə qaydalar var idi. Məsələn, hamamın sahəsi 9 kvadratmetrdən az olmamalı idi. İndi bu normaların hamısı ləğv olunub. Deyirlər ki, vətəndaş necə istəyir, elə də etsin, əsas odur qaz çəkilsin. Nəticədə insanlar kalonkaları standartlardan kənar, uyğun olmayan yerlərdə quraşdırırlar.  Əvvəllər orta hesabla bir dəqiqədə 17 litr su norması var idi. İndi Azərbaycana gətirilən kalonkaların su keçiriciliyi 1 dəqiqədə 24-30 litrdir. O qədər su yoxdur xətdə, amma qaz yanır.  Bu isə o deməkdir ki, qaz alovu tam yanmır və nəticədə dəm qazı yaranır. İnsanların çoxu təhlükəsizlik qaydalarını bilmir”.

Onun sözlərinə görə, xüsusilə beşmərtəbəli binalarda tüstü bacalarının ventilyasiya sisteminə qoşulması təhlükəni daha da artırır:

“Standartlardan kənar quraşdırıldığı üçün dəm qazı lazımi şəkildə xaric olmur. Burada küləyin istiqaməti də rol oynayır. Bu təkcə bir bina ilə bağlı məsələ deyil. Belə hallarda standartlara ciddi əməl olunmalıdır və buna nəzarəti “Azəriqaz” həyata keçirməlidir”.

Müsahib qeyd edir ki, uzun illər bu sahədə davamlı nəzarət olmayıb:

“Kim necə istədisə, elə də baca qoydu, kalonka quraşdırdı. İndi bunun qarşısını almağa çalışırlar, amma gecdir. Bir ustanın hər şeyi düzgün yoxlaması üçün səlahiyyəti və avadanlığı olmalıdır. Bu gün isə qapıya gələn ustaya bu səlahiyyətlər verilmir. Usta baxır, problem olduğunu deyir, akt yazır, gedir. Sonra başqa qrup gəlir, möhür vurur, amma əsas problem həll olunmur. Biri beş-on manat alır, çıxıb gedir. Digəri də eyni cür. Nəticədə ciddi nəzarət olmadığına görə vəziyyət belə qalır. Üstəlik, çirkli qazın verilməsi vəziyyəti daha da ağırlaşdırır”.

“Qazpaylayıcı stansiyalardakı separatorların əksəriyyəti qənaətbəxş vəziyyətdə deyil”

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə bildirir ki, dəm qazından zəhərlənmə ilə bağlı baş verən hadisələrə görə “Azəriqaz” məsuliyyət daşısa da, indiyədək bir nəfər belə məsul şəxs cavabdehlik daşıyıb cəzalandırılmayıb: “Binalara çəkilən qaz xətlərinə texniki baxışların keçirilməsinə, eləcə də qazın keyfiyyətinə vaxtında və lazımi səviyyədə nəzarət olduqca aşağıdır”.

Onun sözlərinə görə, “Azəriqaz” hər il yaşayış binalarında və fərdi evlərdə, həmçinin bina və evlərə verilən qaz xətlərində mütəmadi texniki baxışlar keçirməlidir. Bu məqsədlə abonentlərə əvvəlcədən xəbərdarlıq edilməli, yoxlama zamanı isə qaz sızmasını aşkar edən xüsusi cihazlardan istifadə olunmalıdır. “Azəriqaz”ın belə bir yoxlama  aparmır. Aparılan yoxlamalar yalnız qaz avadanlıqlarının sayını müəyyən etməklə yekunlaşır. Bu da hər il çoxlu sayda dəm qazından zəhərlənmələrin, ölüm hallarının artmasına səbəb olur.

M.Qəhrəmanlı vurğulayır ki, “Azəriqaz” məişət qazının satıcısı kimi onun tərkibinə və keyfiyyətinə görə də məsuliyyət daşıyır:

 “Qaz Emalı Zavodundan alınan qazın tərkibi “Azəriqaz” tərəfindən mütləq yoxlanılmalı, yalnız bundan sonra istehlakçılara satılmalıdır. Təbii qaz qoxusuz olur və bu hal sızma zamanı insanlar üçün ciddi həyati təhlükə yaradır. Məhz bu səbəbdən təbii qazın tərkibinə odorant əlavə olunur. Odorant tez hiss edilən qoxu verərək sızma zamanı təhlükə (yanğın, partlayış) yarada biləcəyini göstərir. Qaz sızması olanda həmin maddənin iyi ətrafa yayılır və hiss edilir.  Bildiyim qədər hazırda qaz emalı zavodlarının texniki imkanları kifayət qədər olmadığı üçün tələb olunan həcmdə qazın tam təmizlənməsi həyata keçirilmir. Nəticədə qaz mədəndən çıxdığı kimi birbaşa magistral qaz kəmərinə ötürülür. Bununla yanaşı, “Azəriqaz” İB-nin balansında olan qazpaylayıcı stansiyalardakı separatorların əksəriyyəti qənaətbəxş vəziyyətdə deyil və lazımi səviyyədə fəaliyyət göstərmir”.

Müsahib hesab edir ki, problemin sistemli həlli üçün struktur dəyişiklikləri zəruridir:

“Ümumiyyətlə, “Azəriqaz” SOCAR-ın tərkibindən çıxarılmalı və müstəqil quruma çevrilməlidir. Qaz satışı ilə bir neçə qurum məşğul olmalıdır. Bu halda rəqabət yaranar və sahədə real irəliləyiş əldə olunar. Ümumiyyətə qazı hasil edənlə satan bir əldə cəmləşə bilməz”,- deyə Mirvari Qəhrəmanlı bildirib.