Sosial şəbəkədə biz:
Mərhum nazirin adı keçən Qaradağ Şüşə Zavodu: uğursuz özəlləşdirmə və eyni fiqurlar
Xəbər Şəkli

Mərhum nazirin adı keçən Qaradağ Şüşə Zavodu: uğursuz özəlləşdirmə və eyni fiqurlar

07 April 2026, 08:32
Araşdırma

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti təxminən 4 milyon manat borcu olan “Qaradağ Şüşə Zavodu” ASC-ni yenidən özəlləşdirməyə çıxarıb

Maraqlıdır ki, dövlət nəzarətində olan müəssisə bundan əvvəl 2023-cü ilin aprelində özəlləşdirməyə təqdim olunub və həmin ilin iyununda səhmlərinin 85 faizi “Glass Vay” MMC tərəfindən alınıb.  

Dövlət Xidmətinə məxsus emlak.gov.az portalında dərc olunan elana görə, 1 mart 2026-cı ildən müsabiqəyə çıxarılan zavodun nizamnamə kapitalı 35,9 milyon manat təşkil edir.

Maliyyə vəziyyətinə dair  məlumatlara əsasən, səhmdar cəmiyyətinin dövlət büdcəsi, banklar və digər kreditorlar qarşısında xeyli öhdəlikləri var. Belə ki, müəssisənin dövlət büdcəsinə olan borcu 441,8 min manat göstərilir. Sosial müdafiə, icbari tibbi sığorta və işsizlik fondları üzrə yığılan borcları isə 817,2 min manata çatıb.

Əməkhaqqı və ona bərabər tutulan öhdəliklər üzrə borc 67,9 min manat təşkil edir. Mal, iş və xidmətlərə görə dövlət müəssisələrinə olan borclar 1 milyon 270 min manat səviyyəsindədir. Bank kreditləri üzrə borc 21,2 min manatdan çoxdur. Bundan əlavə, özəlləşdirmə elanında müəssisənin 1,3 milyon manatdan artıq “sair borcları” da qeyd olunur.

Eyni zamanda, müəssisəyə olan debitor borclar var ki, bu məbləğ 183,4 min manat təşkil edir.

Mövcud göstəricilər zavodun 2023-cü ildə özəlləşdirilməsindən sonra maliyyə baxımından dayanıqlı fəaliyyət göstərə bilmədiyini, öhdəlikləri yerinə yetirə bilmədiyini və bu səbəbdən yenidən dövlət nəzarətinə qaytarıldığını deməyə əsas verir.

Elana əsasən, zavodun hər birinin nominal dəyəri 2 manat olan 17 975 315 səhm satışa çıxarılıb və özəlləşdirmə paketi 100 faizi əhatə edir. Səhmlərin ümumi nominal dəyəri 35,9 milyon manat kimi göstərilir.

Şərtlərə görə, investor səhmlərin əldə edilməsi üçün dövlət büdcəsinə minimum 18 milyon manat vəsait köçürməlidir. Müqayisə üçün, 2023-cü ildə keçirilən müsabiqədə bu tələb 20 milyon manat idi.

Bundan əlavə, investor müəssisənin bərpası, avadanlıqların yenilənməsi və ixrac potensialının artırılması məqsədilə ən azı 10 milyon manat həcmində investisiya proqramı təqdim etməlidir.

Bir vaxtlar təxminən 300 işçisi olan və yüksək istehsal gücünə malik müəssisədə 2017-ci ildə dövlət balansına keçdikdən sonra həm işçi sayı, həm də istehsal göstəriciləri kəskin şəkildə azalıb. Son elana görə, hazırda zavodda cəmi 8 işçi qalıb ki, bu da müəssisənin fəaliyyətinin müflisləşməyə doğru getdiyini deməyə əsas verir.

Özəlləşdirmə şərtlərindən biri kimi, yeni investorun ən azı 200 iş yeri yaratması tələb olunur. Halbuki, 2023-cü ildə müəssisədə işçi sayının təxminən bu səviyyədə olduğu vurğulanırdı

100 milyonluq zavod dövlət nəzarətinə necə keçdi və zəiflədi?

“Qaradağ Şüşə Zavodu” köhnə “İnter Glass” müəssisəsinin bazasında yaradılıb. 2008-ci ildən fəaliyyət göstərən zavod müxtəlif növ şüşə tara (şüşə qablar) məhsullarının istehsalı ilə məşğul olub. Müəssisənin açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.   

Həmin dövrdə zavod regionun ən iri istehsal obyektlərindən biri kimi təqdim olunur, hətta Gürcüstan və Qırğızıstanda filiallarının açıldığı bildirilirdi. Lakin sonradan bu filialların aktiv fəaliyyətə keçmədiyi görünür.

Rəsmi məlumatlara görə, “İnter Glass”ın Azərbaycandakı törəmə şirkəti “Brickwork House Construction Ltd” zavodun tikintisinə 52 milyon dollar sərmayə yatırıb. 2008-2009-cu illərdə layihənin maliyyələşdirilməsi üçün Azərbaycan Beynəlxalq Bankı tərəfindən 5 milyon avro kredit də ayrılıb. Şirkətin banka olan kredit borcu zavodun sonrakı taleyində həlledici rol oynayıb. Belə ki, 2015-ci ildə “Azərbaycan Beynəlxalq Bankı işi” ilə bağlı açılan cinayət işlərində “İnter Glass”ın banka 50 milyon dollar kredit borcu yarandığı açıqlanır. Həmin il şirkətin prezidenti Fariz Muradov barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanır və o həbs edilir. 2016-cı ildə borcun ödənilməsindən sonra Fariz Muradov azadlığa buraxılır.

Meydan TV-nin araşdırmalarında isə şirkətin faktiki sahibinin keçmiş gənclər və idman naziri, mərhum Azad Rəhimovun ailəsinə məxsus olduğu müəyyən edilib. Bu haqda bir qədər sonra…

Beləliklə, ABB-nin problemli aktivlərini sağlamlaşdırılması çərçivəsində “Aqrarkredit” QSC-nin bankdan götürdüyü mülkiyyətlərdən biri də “İnter Glass” olub. Nəticədə zavod dövlət mülkiyyətinə keçib.

2017-ci ilin iyulunda müəssisənin bazasında Azərbaycan Sənaye Korporasiyası tabeliyində “Azərşüşətara” MMC yaradılıb. Həmin vaxt şirkətin nizamnamə kapitalı təxminən 99 milyon manata yaxın qiymətləndirilirdi.

Lakin 2021-ci ildə prezidentin imzaladığı sərəncamla “Azərbaycan Sənaye Korporasiyası”nın bir sıra müəssisələrinin özəlləşdirilməsi qərara alındı və doqquz şirkətin, o cümlədən “Azərşüşətara” MMC-nin ləğvi planlaşdırıldı. Sonrakı mərhələdə müəssisə rebrendinq edərək təşkilati-hüquqi formasını dəyişdi və “Qaradağ Şüşə Zavodu” ASC kimi fəaliyyətini davam etdirdiyini elan etdi.

Bu dövr ərzində zavodun maliyyə göstəricilərinin kəskin gerilədiyi, istehsal gücünün isə bir neçə dəfə aşağı düşdüyü müşahidə olunur. 2017-ci ildə təxminən 99 milyon manat nizamnamə kapitalına malik olan müəssisə 2023-cü ildə özəlləşdirməyə çıxarılanda bu göstərici artıq 36 milyon manata qədər azalmışdı. İstehsal həcmlərində də 2023-cü ildə ciddi azalma müşahidə olunsa da, 2026-cı ildə müəssisənin istehsal fəaliyyəti ilə bağlı səhih məlumat verilmir.

Mərhum nazir Azad Rəhimovun və ortağı İlal Əhmədovun şüşə biznesi 

2023-cü ildə keçirilən özəlləşdirmə müsabiqəsində zavodun səhmlərinin “Glass Vay” MMC tərəfindən alınması diqqət çəkən məqamlardan biridir. Rəsmi reyestr məlumatlarına görə, bu şirkət 21 iyun 2023-ci ildə cəmi 100 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Şirkət yarandığı gündən iki gün sonra milyon manatlıq zavodun alışı üzrə müsabiqəyə qoşulur və avqustda qalib olur.

Bu qeyri-şəffaf prosesdə adı keçən şəxslərdən biri Əhmədov İlal Mansur oğludur. O, daha əvvəl “İnter Glass”ın qanuni təmsilçisi kimi çıxış edib, zavod dövlət balansına keçdikdən sonra isə “Azərşüşətara” MMC-nin Müşahidə Şurasında təmsil olunub.

Beləliklə, müəssisə müxtəlif mərhələlərdə fərqli hüquqi şəxslərin balansında olsa da, idarəetmədə eyni fiqurun iştirak etdiyi görünür.

Sonrakı mərhələdə, “Azərşüşətara” ləğv edildikdən sonra, İlal Əhmədov “Glass Vay” MMC-nin qanuni təmsilçisi kimi zavodun özəlləşdirilməsi müsabiqəsində iştirak edib və qalib gəlib.

Meydan TV-nin araşdırmalarına görə, İlal Əhmədov keçmiş nazir Azad Rəhimov və onun həyat yoldaşı Zülfiyyə Rəhimova ilə əlaqəli bir sıra şirkətlərdə hüquqi təmsilçi və ya ortaq təsisçi kimi çıxış edir. Araşdırmalar bu ailənin şüşə sənayesinə aid bir neçə müəssisədə pay sahibi olduğunu göstərir.

Onların birgə təsisçiləri olduqları  “Azer Float” MMC-nin Sumqayıt Kimya Sənaye Parkında (SKSP) şüşə lövhələrinin istehsalı zavodunun tikintisi üçün 12 hektar torpağa sahibdirlər. Eyni zamanda Rəhimovlar ailəsi “AGİ-Class” MMC və “Bakı-Qlass” MMC kimi şüşə istehsalı müəssisələrində payçıdırlar.

Belə görünür ki, zavodun müxtəlif mərhələlərdə formal olaraq fərqli sahiblərə keçməsinə baxmayaraq, həmişə İlal Əhmədovun idarəetməsində olub. Daha sonra “Glass Vay” MMC vasitəsilə müəssisəni yenidən əldə etməyə cəhd ediblər.

Lakin görünən odur ki, özəlləşdirmə şərtləri çərçivəsində üzərinə götürülən öhdəliklər yerinə yetirilmədiyi üçün Əmlak Məsələləri Dövlət Xidməti prosesi ləğv edib və zavod yenidən satışa çıxarılıb.

Zavodun yeni sahibinin kim olacağı isə aprelin 14-də bəlli olacaq.